Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-478/2025 27.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı kredit borcun tutulması barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc üzrə 17207,51 manat, cərimə borcu üzrə 871,91, faiz borcu üzrə 1902,42 manat olmaqla, ümumilikdə 19981,84 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 151 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 20 fevral 2023-cü il tarixli müqaviləyə əsasən bank tərəfindən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə ödəmək şərti ilə illik 17 faiz dərəcəsi ilə 21000 manat kredit verilmişdir. Cavabdeh kredit borcunu faizləri ilə birlikdə müqavilədə nəzərdə tutulan müddətdə və qaydada ödəməyi öhdəsində götürsə də, öhdəliklərinin lazımınca icra edilməməsi nəticəsində 27 iyun 2024-cü il tarixə iddiaçıya iddia tələbində göstərilən miqdarda borcu yaranmışdır. İddiaçının nümayəndəsi elektron sisem vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinə baxılması ilə əlaqədar məhkəmə iclasını iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh irəli sürülmüş iddia ilə razı olmadığını və ekspertiza təyin edilməsini xahiş etdi, daxil olan ekspert rəyi ilə isə razı olduğunu, məhkəmə xərclərinin cavabdehə aid edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh istehlak məqsədləri üçün 36 ay müddətinə illik 17 faiz ödəmək şərti ilə 21000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, cavabdeh 22 mart 2023-cü il tarixdən başlayaraq 36 ay müddətinə hər ay 748,71 manat, 36-cı ay isə 760,32 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. 27 iyun 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə İddiaçı ASC-yə əsas borcu 17207,51 manat, cərimə borcu 871,91 manat, faiz borcu 1902,42 manat təşkil edir. xx.xx.2024-cü il tarixli cavabdehə ünvanlanmış pretenziya (bildiriş) məktubuna əsasən Cavabdeh həmin tarixə İddiaçı ASC-yə əsas borcu 17207,51 manat, cərimə borcu 871,91 manat, faiz borcu 1902,42 manat öhdəliyi barədə məlumatlandırmışdır. xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən, cavabdehin xx.xx.2024-cü il tarixə əsas borc üzrə 17107.12 manat, faiz borcu üzrə 1890.34 manat borc olduğu müəyyən edilmiş, cərimə borcunun isə hesablanması mümkün olmamışdır. Məhkəmə mülki iş ilə bağlı tətbiq etdiyi hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. 449.1-ci maddəsinə əsasən borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, işin faktiki halları ilə Cavabdeh kredit müqaviləsinə əsasən iddiaçı bank qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməməsi təsdiq olunur. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia ekspert rəyi ilə müəyyən edilən hissədə təmin olunmalı, 17107.12 manat, faiz borcu üzrə 1890.34 manat faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009cu il tarixli Qərarına əsasən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, qanunverici məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hazırki iş üzrə müqavilənin cavabdeh tərəfindən icra olunmama müddəti, əsas borcun-öhdəliyin də həcmini diqqətdən qaçırmır. Belə olan halda məhkəmə cavabdehdən xx.xx.2023-cü il tarixli müqavilə üzrə cərimə məbləğinin 800 manat məbləğində tutulmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 151 manat məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyi hissədə rüsum məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Həmçinin ekspertiza tədqiqatının dəyəri də həmçinin 200 manat da həmçinin məhkəmə xərcin aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 20 fevral 2023cü il tarixli, CC/30557/90/28 saylı kredit müqaviləsi üzrə 17107.12 manat, faiz borcu üzrə 1890.34 manat faiz borcu, 800 manat cərimə borcu olmaqla, ümumilikdə 18997,46 (on səkkiz min doqquz yüz doxsan yeddi manat, qırx altı qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 146 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 200 manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (AZ34CTRE********************1) Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X2
Məhkəmə qərarları › İş №e-2(001)-478/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-478/2025
27.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver