Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4799/2025 11.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 289314-CNS-48221 saylı “Nağd pul Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsi”nə əsasən xx.xx.2025-ci il tarixinə Banka borclu olduğu 7.964,68 manat məbləğində əsas borc, 352.15 qəpik məbləğində faiz borcu, 352.50 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 8.669,33 (səkkiz min altı yüz altmış doqquz manat otuz üç qəpik) manat pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 106.69 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli 289314-CNS48221 saylı “Nağd pul Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsi” bağlanılmış və illik 19 faiz hesablanması şərti ilə 36 ay müddətinə 11.367 (on bir min üç yüz altmış yeddi manat) AZN məbləğində kredit (https://vtb.az/about-bank/documents/) saytına yerləşdirilmiş Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 7.25.3-cü bəndinə əsasən kredit alanın “cari hesabın”dan “kart hesabı”na köçürülməklə) ona verilmişdir. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyini (Bank Xidmətlərinin göstərilməsi haqqındamüqavilənin ümumi şərtlərinin 11.1.3-cü bəndinə əsasən) lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka, ümumilikdə 4007.26(texniki olaraq səhv qeyd edilmişdir) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək, iclasın iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, əvvəllər həmin bankdan fərqli məbləğlərdə kredit götürmüş, kredit borcunu vaxtı-vaxtında ödəmişdir. Hal-hazırki vaxta olan kredit borcunun ödənişində yaranmış problemin səbəbi isə onun işində maaşının azalması olmuşdur. Keçən ilin oktyabr və noyabr aylarında işiçlə əlaqədar problemlər yarandı. Bu səbəbdən maddi imkanı zəiflədi. Daha sonra isə bu ilin mart ayında maaşı 784 manatdan 550 manata endi. Bu səbəbdən də kredit borcunu ödəyə bilməmişdir. Banka rəsmi qaydada müraciət etmiş, ilk olaraq, bank heç bir kömək etməyin mümkün olmadığını bildirsə də, sonra onu razılıq üçün çağırdılar. Təklif edilən şərtlər uyğun olmadığından razılığa gələ bilməmişlər. Maaşı 550 manat olduğundan qrafik üzrə 450 manat krediti ödəyə bilməmişdir. Sonuncu ödənişimi mart ayında etmişdir. Cərimə məbləği ilə razı deyil. Çünki banka cərimə məbləğinin artmasının dayandırılmasını bildirmişdi. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
5. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli 289314-CNS-48221 saylı “Nağd pul kreditinin əsas şərtlərinə dair Müştəri ərizəsi” bağlanılmış və illik 19 faiz hesablanması şərti ilə 36 ay müddətinə 11367 manat məbləğində kredit alanın “cari hesabın”dan “kart hesabı”na köçürülmüşdür.
6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən borclu Cavabdeh ünvanlanan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh banka olan borcunu 3 iş günü müddətində icra etməyəcəyi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı ilə bağlı xəbərdar olunmuşdur.
7. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilən maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə 7964,68 AZN əsas, 352,15 AZN faiz borcu, 352,50 manat cərimə borcu olmaqla, cəmi 8669,33 AZN borcu vardır.
8. İddiaçı iddianın məhkəmədə qaldırılması üçün 106,69 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
9. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh oğlu arasında xx.xx.2023-cü il tarixli 289314-CNS-48221 saylı “Nağd pul kreditinin əsas şərtlərinə dair Müştəri ərizəsi əsasında kredit müqaviləsi bağlanmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti borcalana illik 19 faiz hesablanması şərti ilə 36 ay müddətinə 11367 manat məbləğində kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür.
10. İddiaçı cavabdehin maliyyə arayışında göstərilən məbləğdə borcunun olduğunu iddia edir və hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəlyini vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə edilmiş xəbərdarlıq da nəticə verməmişdir.
11. Cavabdeh isə borc məbləğini qəbul etsə də, birdəfəlik ödəniş etmək üçün maddi imkanının olmadığını bildirir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
13. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
14. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
15. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
16. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
17. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
18. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
19. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;
20. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir;
21. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
22. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
23. 739.2.-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
24. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
25. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, cavabdeh(borcalan) Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə təqdim edilmiş maliyyə arayışı məlumatlarını mötəbər sübut kimi qəbul edərək o qənaətə gəlir ki, cavabdehin tələb edilən məbləğdə borcu mövcuddur. Eyni zamanda hesabdan çıxarış məlumatları da borcun əsassızlığı barədə şübhə yaratmır. Tətbiq edilən prosessual normalar:
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
27. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
28. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
29. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
30. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
31. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2023-cü il tarixli 289314-CNS-48221 saylı kredit müqaviləsi üzrə Cavabdeh əsas borca görə 7964,88 manat, faiz borcuna görə 352,15 manat, cərimə borcuna görə 352,50 manat olmaqla, ümumilikdə 8669,33 (səkkiz min altı yüz altmış doqquz manat otuz üç qəpik) manat məbləğində pul vəsaiti, həmçinin 106,69 (yüz altı manat altmış doqquz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli 289314-CNS-48221 saylı kredit müqaviləsi üzrə Cavabdeh əsas borca görə 7964,88 manat, faiz borcuna görə 352,15 manat, cərimə borcuna görə 352,50 manat olmaqla, ümumilikdə 8669,33 (səkkiz min altı yüz altmış doqquz manat otuz üç qəpik) manat məbləğində pul vəsaiti, həmçinin 106,69 (yüz altı manat altmış doqquz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev