Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4800/2024 09.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Ədalət oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehİddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 15817,09 AZN əsas borc, 765,01 AZN faiz borcu və 83,39 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 16665,49 AZN məbləğində borcun və 140 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 14 faizlə 48 ay müddətinə 18000 AZN məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2024-cü il mayın 7-dək Cavabdeh banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 15817.09 AZN əsas borc, 765.01 AZN faiz borcu və 333.55 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 16915.65 AZN borcu vardır.Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 333.55 AZN təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 % miqdarında olmaqla, yəni 83.39 AZN məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. İddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
5. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, hal-hazırda işləmədiyi üçün ödənişləri edə bilmir. Borcunu yeni qrafik açmaqla, hər ay 200 manat olmaqla, ödəyə bilər. Bankın ondan tələb etdiyi məbləğlə razılaşır. Kredit ödənişlərinin ödənilməsində valideynləri ona dəstək olacaqlar. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
6. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlərinə dair müqaviləyə əlavə Razılaşmadan və əlavələrdən görünür ki, İddiaçı ASC borcalana 48 ay müddətinə, illik 14 % ödəmək şərti ilə 18000 manat məbləğində kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür.
7. İddiaçı ASC tərəfindən borclu Cavabdeh ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, o, banka olan borcunu 5 gün müddətində icra etməyəcəyi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı ilə bağlı xəbərdar olunmuşdur.
8. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka xx.xx.2024-cü il tarixinə 15817,09 AZN əsas, 765,01 AZN faiz borcu, 333,55 manat cərimə borcu olmaqla, cəmi 7514,61 AZN borcu vardır. Müqavilə üzrə sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 330.96 manat ödəniş edilmişdir.
9. İddiaçı iddianın məhkəmədə qaldırılması üçün 140 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
10. İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlərə razılıq verməklə kredit müqaviləsi bağlanmışdır. İddiaçı ASC borcalana 48 ay müddətinə, illik 14 % ödəmək şərti ilə 18000 manat məbləğində kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür.
11. İddiaçı iddia edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini vaxtında və lazımınca icra etməmişdir, nəticədə cavabdehin iddia ərizəsində göstərilən məbləğdə- 15817,09 AZN əsas borc, 765,01 AZN faiz borcu və 83,39 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 16665,49 AZN məbləğində borcu yaranmışdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
13. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
14. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
15. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
16. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
17. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
18. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
19. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;
20. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir;
21. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
22. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
23. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.
24. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, cavabdeh(borcalan) Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə təqdim edilmiş maliyyə arayışı məlumatlarını mötəbər sübut kimi qəbul edərək o qənaətə gəlir ki, cavabdehin borcu mövcuddur. Eyni zamanda iş materiallarında olan sənədlərdən və kredit müqaviləsinin şərtlərindən yaranmış borcun əsaslılığını şübhə altına alacaq hər hansı hal müəyyən edilmir. Cavabdeh özü də, məhkəmə iclasında ondan tələb edilən borc məbləğini mübahisələndirmir və tələb edilən məbləği qəbul edir. Tətbiq edilən prosessual normalar:
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
26. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
27. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
28. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
29. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
30. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh əsas borca görə 15817,09 manat, faiz borcuna görə 765,01 manat, cərimə borcuna görə 83,39 manat olmaqla, ümumilikdə 16665,49 manat məbləğində pul vəsaiti, həmçinin 140 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh əsas borca görə 15817,09 manat, faiz borcuna görə 765,01 manat, cərimə borcuna görə 83,39 manat olmaqla, ümumilikdə 16665,49 (on altı min altı yüz altmış beş manat, qırx doqquz qəpik) manat məbləğində pul vəsaiti, həmçinin 140 (yüz qırx) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev