Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4802/2024 20.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsini məhkəməyə təqdim etdiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər, cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 235 manat sabit pul məbləğini, aralarında bağlanan razılıq müddətində ödəməmiş 5381 manat məbləğində aliment borcu və ilkin mediyasiya sesiya üçün xərclədiyi 60 manat Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2011-ci ildə ailə qurmuş və nikahları xx.xx.2012-cı il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində 986 nömrə ilə qeydiyyata aldırmışlar. Birgə nikahdan xx.xx.2012-ci il tarixdə X9 adlı uşaqları anadan olmuşdur. Cavabdeh ilə aralarında ailə münasibətlərinin sonradan pozulması səbəbinə, iddiasına əsasən, Bakı şəhəri Binəqədi rayon məhkəməsi xx.xx.2015-ci il tarixli, 2(001)-5893/2015 saylı qətnamə ilə nikahlarının pozulması, birgə nikahdan doğulmuş, xx.xx.2012-ci il təvəllüdlü X5 onun yanında saxlanılması və onun yaşayışını təmin etmək üçün atası - Cavabdeh xx.xx.2015-ci ildən başlayaraq yetkinlik yaşına çatana kimi hər ay 108 (bir yüz səkkiz) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət etmişdir. Daha sonra həmin alimentin məbləgi Bakı şəhəri Binəqədi rayon məhkəməsi xx.xx.2022-ci il tarixli № 2(001)-1360/2022 saylı qətnaməsi ilə alimentin məbləği artırılaraq 150 manat müəyyən edilmişdir. Nikah pozulduqdan sonra, o, öz Heydərova soyadını götürmüşdür. Sonradan, xx.xx.2019-cu il tarixdə Sumqayıt ASAN xidmət mərkəzində 3295 sayla X10 ilə nikahları qeydiyyata aldırarkən, o, öz Heydərova soyadını ər soyadına, yəni hal hazırdakı Həmidova soyadına dəyişmişdir. Hal-hazırda qızının 12 yaşı var. Uşağın saxlanması xərcləri günü-gündən çoxalır, onun inkişafı və sağlamlığı üçün məktəbdənkənar hazırlıq və idman kurslara ehtiyac var. Binəqədi rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Qızı Səriyyəni saxlanılması üçün daha çox məbləğə ehtiyac duyulur. Buna görə də görə mən “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Bundan əlavə qeyd etmək istəyirəm ki, məhkəmə aliment qət etdiyi tarixindən 2017-ci ilədək cavabdeh cəmi 2 ayın aliment pulu ödəmişdir, digər ayların alimenti isə qəsdən ödəməmişdir. Bu səbəbdən inzibati məsuliyyətə cəlb olunur deyə cavabdehin və icra məmuru Bəhruz Bayramovun xahişi ilə xx.xx.2017-ci il tarixində razılığa gəlmişlər ki, cavabdeh hər ay 108 manat və əlavə 42 manat borcundan könüllü ödəyəcək və iş icra məmuru tərəfindən icra olunmayacaq, gələcəkdə cavabdeh aliment pulunu ödəməzsə məsələ ilə bağlı yenidən icraya ərizə ilə müraciət etməyini bildirmişdir. Lakin Cavabdeh bir müddət aliment ödəmiş olsa da, 2018-ci ilin yanvar ayından aralarında olan razılığı pozaraq aliment ödəməyi dayandırmışdır. Bundan sonra cavabdeh illər boyu müxtəlif bəhanələrlə onu aldadaraq aliment qəsdən ödəməmişdir və hər dəfə bütün borcunu birdəfəlik ödəməyə söz verirdi. 2020-ci ildə icra şöbəsinə dəfələrlə müraciət etməyinə baxmayaraq iş arxivdə olduğunu və tapılmadığını bildirmişdir. Yalnız 2021-ci ildə İcra Baş İdarəsinə şikayətdən sonra işi ona təqdim etmişlər. 08.2021-ci il tarixində müraciətinə əsasən Binəqədi Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixində 2(001)- 5893/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsi icra hərəkətlərinin davam etdirilməsi üçün yenidən icraya göndərilmişdir. Lakin icra məmuru X7 həmin razılıq müddətində ödəməyən aliment borcunu cavabdehdən tələb etməyə imtina edir. xx.xx.2021-ci il tarixli bankın hesabdan çıxarışdan görünür ki, cavabdeh razılıq müddətində yalnız 775 manat aliment pulu ödəmişdir və xx.xx.2018-ci il tarixindən ödənişi dayandırmışdır. Hesabdan çıxarışında ödənilən aliment pulları seçilmək üçün kartdan xərclənən məbləğlərin üstündən xətt çəkilib. Cavabdehin xx.xx.2017- xx.xx.2021-ci il müddətində, yəni 57 ay ərzində ödəmədiyi dəqiq hesablanmış (57 x 108 - 775 = 5381) manat aliment borcu yaranmışdır. İlkin mediasiya sesiyasında iştirak edilməsi barədə arayışında qeyd olunduğu kimi ilkin mediyasiya sesiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci cavabdeh ödəməkdən imtina etdiyinə görə iddiaçı tərəfindən ödənilmişdir Cavabdeh uşaqla ümumiyyətlə maraqlanmır, onun saxlanılması üçün nə maddi, nə də mənəvi köməklik göstərmir, bir valideyin kimi üzərinə düşən vəzifələri yerinə yetirmir, nikah pozulan vaxtdan indiyə kimi könüllü sürətdə aliment ödəməkdən qəsdən boyun qaçırır və yalnız icra məmuruna müraciətlərindən sonra məcburi qaydada ödənişləri etmişdir. Hesab edir ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli № 2(001)-1360/2022 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X2 üçün xeyrinə tutulmuş alimentin məbləği artırılaraq 235 manat miqdarında müəyyən edilməlidir. Bundan əlavə razılıq müddətində yaranmış 5381 manat məbləğində aliment borcu və ilkin mediyasiya sesiya üçün ödəmiş olduğu 60 manat cavabdehdən tutularaq ona ödənilməlidir. Məhkəmənin 05 avqust 2024-cü il tarixli iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, onun hazırki iddia tələbindən məlumatı var. 2015-ci ildən hazırki vaxtadək işləmədiyi üçün alimenti ödəyə bilməmişdir. Ancaq buna qədər rəsmi iş yerim olmasa da, günəmuz işlərdə, gün 5-10 manat çalışmışam. Lakin hazırda işlə təmin edilmiş və alimenti ödəməyə çalışacaqdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq xx.xx.2022-ci il tarixli alimentin artırılmasına dair məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında yalnış ifadələr verərək bildirmişdir ki, o, günə muzd fəhlə kimi işləyir, ustanın yanında palçıq qarışdırmaqla minimum gəlir əldə edir, geyimini belə dəyişməyə imkanı yoxdur və məhkəmə iclasında sökük üst geyimi və yararsız halda ayaqqabısını göstərərək məhkəməni inandırmışdır. Amma faktiki olaraq Cavabdeh uzun müddətdir Bakı şəhərində “Bolt” şirkətində taksi fealiyyəti ilə məşquldur və şirkət tərəfindən müqaviləyə əsasən “Tayota Prius” markalı minik avtomobili eldə ədib. xx.xx.2023-cü il tarixində cavabdeh aliment borcuna görə məhkəmənin qərarı ilə 10 gün inzibati həbsə göndərilmişdir. Həmin məhkəmə iclasında cavabdeh söz vermişdir ki, xx.xx.2024-cü il tarixinədək şirkət tərəfindən ona verilmiş avtomobili satıb bütün borcu ödəyəcək. Lakin həmin tarixindən 5 ay kəçdiyinə baxmayaraq ödənişi etməmişdir. xx.xx.2024-cü il tarixində icra məmuruna müraciət edərək Cavabdehn eldə etdiyi aylıq gəliri haqqında məlumat almaq üçün “Bolt” şirkətinə sorgu göndərməyini xahiş etmişdir. Ancaq təssüflər olsun ki, icra məmurun səhlənkarlığına görə sorgu hələ də göndərilməyib. Bundan əlavə cavabdeh yaşadığı ərazidə bərbər işləyir, yəni uşağın aylıq 235 manat alimenti ödəmək üçün kifayət qədər gəlir edir. Çox guman ki, cavabdeh bu gün də məhkəmə iclasına sökük üst geyimi və yararsız ayaqqabı ilə gələcək və işsiz olduğunu bildirərək yalnış ifadələr verəcək. Ona görə cavabdəhin ifadələrinə inanmamağını və iddiamı təmin edilməsini xahiş etmişdir. Mülki iş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2(001)-1360/2022 saylı qətnaməsindən görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı artırılaraq 150 manat məbləğində müəyyən edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X9 adlı uşaqları doğulmuşdur. İddiaçı Binəqədi Rayon İcra Şöbəsinin rəisinə ünvanlandığı xx.xx.2017-ci il tarixli məktubdan görünür ki, Binəqədi rayon Məhkəməsinin 2(001)-5893/2015 saylı, xx.xx.2015cı il tarixli icra vərəqəsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün borclu Cavabdeh xx.xx.2015-ci il tarixdən başlayaraq hər ay 108 manat sabit pul məbləğində aliment tutularaq mənim xeyrimə ödənilməlidir. Borclu bugünə dək ona 250 manat, aliment pulu ödəmişdir. Borclu ilə aralarında olan razılaşmaya əsasən hər ay 108 manat aliment və əlavə 42 manat borcundan ödəməlidir. Bu səbəbdən xahiş etmişdir ki, icra sənədini icra etmədən ''İcra haqqında" Qanununun 23.1.1-ci maddəsinə əsasən məhkəməyə geri qaytarılsın. Gələcəkdə borclu aliment pulunu ödəməzsə icra sənədinin icraya yönəldilməsi ilə bağlı yenidən ərizə ilə bağlı müraciət edəcəkdir. Məhkəmə mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 76.1 və 76.1.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın (başqa gəlirlərin) dörddə-bir hissəsi miqdarında aliment tutulur. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin mövqeyi: Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Həmçinin, qanunvericiliyin tələblərinə əsasən uşağın qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə iddia tələbinin iddia ərizəsini məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər, cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması hissəsi ilə bağlı qeyd edir ki, hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı əvvəlki ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən, uşaqlar böyüdükcə onların saxlanması üçün çəkilməli olan xərclərin həcmi də böyüyür. Eyni zamanda, məhkəmə onu da qeyd edir ki, alimentin cavabdehin aylıq qazancından müəyyən hissələrdə deyil, sabit pul məbləğində tutulmasına yalnız iddiaçının (aliment alanın) razılığı ilə yol verilir. Hazırki halda iddiaçı alimenti sabit pul məbləğində tələb edir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər, cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması hissəsində təmin edilməlidir. İddia ərizəsinin məhkəməyə müraciət edildiyi vaxtdan alimentin tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli, 8-2/2016 №-li Qərarında 8.13-cü bəndində göstərilmişdir ki, “...alimentin miqdarının artırılması barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən edildikdən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliklərin olduğunu müəyyən etməlidir...”. Həmin Qərarının 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 27 iyul 2016cı il tarixli Qərarında da göstərmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi, ailə vəziyyəti və diqqətəlayiq digər hallarını nəzərə almalıdır. Göründüyü kimi məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Buna görədə məhkəmə hesab edir ki, iddia tələbi alimentin müraciət edildiyi vaxtdan tutulması hissəsində təmin edilməməli və alimentin tutulması qətnamənin qanuni qüvvəsini aldığı gündən icra edilməsi müəyyən edilməlidir. Beləliklə, məhkəmə iddiaçı ilə cavabdehin birgə nikahdan olan yetkinlik yaşına çatmamış uşağın mənafeyininin üstünlüyünü, maraqlarını, normal, yəni qida rasionuna uyğun qidalanması, geyimi, istirahətinin səmərəli təşkili, habelə təhsilləri ilə bağlı xərcləri nəzərə alaraq, hesab edir ki, əvvəlki qətnamə ilə müəyyən edilmiş miqdarda alimentin miqdarının artırılmaqla, 02 avqust 2012-ci il təvəllüdlü X8 adlı uşağın yetkinlik yaşa çatanadək saxlanması üçün cavabdehdən hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməli və qətnamə qanuni qüvvəyə mindiyi gündən icra edilməlidir. Məhkəmə həmçinin iddia tələbinin tərəflər arasında bağlanan razılıq müddətində cavabdeh tərəfindən ödənilməmiş 5381 manat məbləğində aliment borcunun tutulması hissəsi ilə bağlı qeyd edir ki, iş matrialları ilə müəyyən edilmişdir ki, iş üzrə iddiaçı Həmidova X6 Rayon İcra Şöbəsinin rəisinə xx.xx.2017-ci il tarixli məktubla müraciət edərək bildirmişdir ki, Binəqədi rayon Məhkəməsinin 2(001)-5893/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün borclu Cavabdeh xx.xx.2015-ci il tarixdən başlayaraq hər ay 108 manat sabit pul məbləğində aliment tutularaq onun xeyrinə ödənilməlidir. Borclu bu günədək ona 250 manat, aliment pulu ödəmişdir. Borclu ilə aralarında olan razılaşmaya əsasən hər ay 108 manat aliment və əlavə 42 manat borcundan ödəməlidir. Bu səbəbdən icra sənədini icra etmədən ''İcra haqqında" Qanununun 23.1.1-ci maddəsinə əsasən məhkəməyə geri qaytarılmasını, gələcəkdə borclu aliment pulunu ödəməzsə icra sənədinin icraya yönəldilməsi ilə bağlı yenidən ərizə ilə bağlı müraciət edəcəyini bildirmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 106.1-ci maddəsinə əsasən icra vərəqəsi və ya aliment ödənilməsi barədə notariat qaydasında təsdiq olunmuş saziş əsasında onların təqdim edilməsindən əvvəlki dövrə görə aliment 3 illik müddət həddində tutula bilər. Həmin Məcəllənin 106.2-ci maddəsinə əsasən aliment onu icra vərəqəsi və ya aliment ödənilməsi barədə saziş əsasında ödəməli olan şəxsin təqsiri üzündən ödənilmədikdə, əvvəlki dövr üçün aliment bu Məcəllənin 100.3-cü maddəsi ilə müəyyən edilmiş 3 illik müddətdən asılı olmayaraq istənilən müddətdə tutula bilər. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 106.4-cü maddəsinə əsasən Bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. Həmin Məcəllənin 106.5-ci maddəsinə əsasən icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Məhkəmə iddia tələbinin həmin hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi tərəflər arasında razılıq müddətində ödənilməmiş 5381 manat hissəsində Azərbaycan Respublikasının Ailə Məcəlləsinin yuxarıda sadalanan normalarına əsasən təmin edilməməli, İddiaçı aliment borcunun ödənilməmiş (razılaşmaya əsasən yığılmış 5381 manat olan hissəsi) hissəsi ilə bağlı icra məmurunun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məhkəməyə şikayət etmək hüququnun olması izah edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə və 1 illik ödəmənin məcmusu (əvvəli alimentin məbləği ilə hazırki qətnamə ilə müəyyən edilmiş məbləğ arasındakı fərq – 85 manat) 1020 manat olduğuna (85 manat x 12 ay) və iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə, habelə, mediasiya xərcinin əvəzi kimi 60 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2(001)-1360/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş 150 (bir yüz əlli) manat məbləğində olan alimentin miqdarı artırılaraq, 02 avqust 2012-ci il təvəllüdlü X4 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment (qətnamə qanuni qüvvəyə mindiyi gündən) tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2(001)- 1360/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş 150 (bir yüz əlli) manat məbləğində olan alimentin miqdarı artırılaraq, 02 avqust 2012-ci il təvəllüdlü X4 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment (qətnamə qanuni qüvvəyə mindiyi gündən) tutularaq İddiaçı ödənilsin. 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə, 60 manat mediasiya xərci isə Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı aliment borcunun ödənilməmiş (razılaşmaya əsasən yığılmış 5381 manat olan hissəsi) hissəsi ilə bağlı icra məmurunun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məhkəməyə şikayət etmək hüququ izah edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-4802/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4802/2024
20.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver