Məhkəmə qərarları › İş №e-2(001)-485/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-485/2024

16.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-485/2024 16.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 13205.06 manat məbləğində kredit bоrcu, 672.76 manat məbləğində faiz bоrcu və 358.43 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 14236,25 manat məbləğində bоrcun və ödənilmiş 132.71 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumişərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyniməna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh 012A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.4167% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 17000 (on yeddimin) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 3794.94 manat ödəniş etmiş və оnun iddiaçıya 13205.06 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirir ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 117 gün üçün hesablanmış faiz borcu 672.76 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 117 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 358.43 manat təşkiledir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtlərinin 7.6-ci bəndinə əsasən Kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. İddiaçı məhkəmə iclaslarında iştirak etməsə də, nümayəndəsi məhkəməyə elektron qayda ərizə ünvanlayaraq, iddia tələblərini müdafiə etdiklərini, işə onların iştirakı olmadan iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

5. Əvvəlki məhkəmə iclaslarında cavabdeh bildirmişdir ki, iddianı qismən qəbul edir. Bankdan pul götürəndə hərbçi işləyirdi və borcunu vaxtında ödəyirdi. 2022-ci ilin sentyabr ayında vətənin müdafiəsi uğrunda gedən döyüşlər zamanı ağır yaralanmış, ayağı amputasiya edilmişdir. Oktyabr ayında hospitalda olarkən oradan banka arayış ünvanlayaraq vıəziyyətinin nəzərə alınmasını xahiş etmişdir. Telefonla da bir neçə dəfə danışmış və onlar faizləri dayandırdıqlarını bildirmişlər. Lakin sonradan məlum olmuşdur ki, faizlər dayandırılmamışdır. Bundan əlavə bildirmişdir ki, hal-hazırda maddi olaraq tələb edilən həcmdə borcu ödəmək imkanı yoxdur, fiziki olaraq səhhəti buna imkan vermir, çünki mütəmadi olaraq, müayinə və müalicə alır. Onun sentyabr ayına kimi faiz borcu olmamışdır, belə ki, aprel ayından 4 ay müddətdə ödənişlər etmişdir. Kredit müqaviləsinin aprel ayında bağlanmasına baxmayaraq, müqavilənin hansı əsasla iyun ayından rəsmiləşdirilməsini bilmir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmiş işin faktiki halları:

6. Cavabdeh xx.xx.2022-ci il tarixdə Bank xidmətlərinin X1 Ümumi Şərtlərini qəbul edərək, Bankın ofertasını qəbul etdiyinə dair ərizə vermiş və tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. Kreditin məbləği 17000 manat, kreditin müddəti 36 ay, kreditin faiz dərəcəsi 17 faiz, ödənişin tarixi xx.xx.2022 müəyyən edilmişdir. Kredit məbləği borcalanın cari hesabına köçürülmüşdür. Cavabdehin kreditin verilməsini və müqavilənin şərtlərini qəbul edir.

7. xx.xx.2023-cü il tarixə olan maliyyə arayışına görə Cavabdeh xx.xx.2023-cü il tarixə banka olan əsas borcu 13205.06 manat, faiz üzrə borcu 672.76 manat, cərimə üzrə borcu 358.43 manat, gecikdirilən günlərin sayı 114-dür.

8. Borcluya ünvanlanan xx.xx.2023-cü il tarixli xəbərdarlıqda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixədək gecikdirilmiş borcunu ödəməyi, əks təqdirdə kredit müqaviləsinin vaxtından əvvəl ləğv ediləcəyi əsas borca görə 13205.06, faiz borcuna görə 634.7 manat, cərimə borcuna görə 339.94 manatın alınması üçün məhkəməyə müraciət ediləcəkdir.

9. İlk dəfə ekspertiza təyin edilərkən ekspert qarşısında xx.xx.2023-cü il tarixə və xx.xx.2022-ci il tarixə olan borcun müəyyən edilməsi barədə suallar qoyulmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyində müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2022-ci il tarixədək əsas borc üzrə 16313.29 manat, faiz borcu üzrə 107.85 manat borcu vardır. xx.xx.2023-cü il tarixədək əsas borc üzrə 13201.31 manat, faiz borcu üzrə 673.28 manat borcu vardır. Rəydə həmçinin YAŞAT fondu tərəfindən ödənildiyi qeyd edilən 1141.55 manat məbləğində vəsaitin kredit müqaviləsi üzrə silinib-silinmədiyi müəyyən edilməmişdir.

10. İkinci dəfə ekspertiza təyin edilərkən ekspert qarşısında borcalanın kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə hansı məbləğdə borcunun olduğu və həmin tarixdən sonra nə qədər vəsait ödənildiyi barədə suallar qoyulmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyində müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixədək əsas borc üzrə 16.313.29 manat, faiz borcu üzrə 300.44 manat borcu vardır. Həmin tarixdən sonra isə cəmi 4859.12 manat ödəniş edilmiş və YAŞAT fondu tərəfindən köçürüldüyü bildirilən 1141.55 manat hesabdan çıxarış məlumatlarında əks olunmamışdır.

11. Müdafiə nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Müdafiə Nazirliyinin Baş X2 bölməsində “Partlayış travması (xx.xx.2022) bədənin müxtəlif nahiyələrinin kor qəlpə yaralanmasına, sağ diz qapağının açıq,qəlpəli, yerdəyişmiş sınığına, sol budun aşağı 1/3 səviyyəsindən travmatik qopmasına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, sol budun 1/3 –i səviyyəsindən amputasiyası” diaqnozu ilə stasionar müayinə və müalicə olunmuşdur. X3 təqdim etmək üçün verilmişdir.

12. Accessbankın Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli müraciətində qeyd etmişdir ki, Yaşat fondu tərəfindən öhdəliyinizin 1141.55 manat məbləğində hissəsi ödənilmişdir və sizin bugünki tarixə qalıq kredit borcunuz 15187.36 manat təşkil edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

14. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

16. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

17. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

18. 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır;

19. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

20. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.

21. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

22. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

23. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir;

24. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

25. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.

26. İşin halları ilə müəyyən edilir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, kreditor xx.xx.2022-ci il tarixdə borcalana illik 17 faiz dərəcəsi ilə 36 ay müddətinə 17000 manat məbləğində kredit vermişdir. Hazırda kredit müqaviləsi üzrə qalıq borc vardır və kreditorun tələbinin istisna edən hal yoxdur. Bununla belə məhkəmə hesab edir ki, kreditorun tələbi qismən təmin edilməlidir.

27. Belə ki, tədqiq edilən Bank Xidmətlərinin Göstərilməsi Haqqında Müqavilənin 10-cu bəndində qeyd edilmişdir ki, tərəflərin iradəsindən asılı olmayan, qabaqcadan nəzərdə tutulması və məntiqə uyğun ehtiyatlılıq şəraitində dəf edilməsi mümkün olmayan qarşısıalınmaz qüvvə(fors major), yəni konkret konkret şərtlərində fövqəladə və aradan qaldırıla bilməyən hallarda)epidemiya, epizotiya, sel, zəlzələ, yanğın, daşqın və digər təbii fəlakətlər, elan olunmuş və ya faktiki müharibə, mühasirə, fövqəladə hallar, kütləvi iğtişaşlar, tətil, habelə hökümətin və ya yerli özünüidarəetmə orqanlarının Müqavilə üzrə öhdəliklərinin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qərarları və sair bu kimi hadisələr) baş verdiyi təqdirdə Tərəflər üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşımırlar. Belə hallar baş verdikdə Tərəflər öhdəliklərinin icrası fors-major halların təsir göstərdiyi müddətin sonunadək təxirə salınır. Müqavilə üzrə öhdəliklərini fors-major hallar səbəbindən yerinə yetirə bilməyən Tərəf digər tərəfi forsmajor halların başlanması, ehtimal edilən qüvvədə olma müddəti və bitməsi haqqında dərhal yazılı surətdə xəbərdar etməlidir. Tərəflər heç biri müqavilə üzrə öhdəliklərinin forsmajor şəraiti nəticəsində yerinə yetirilməməsinə görə məsuliyyət daşımır, bu şərtlə ki, həmin Tərəf digər Tərəfə fors-major şəraitinin yarandığı gündən sonra dərhal fors-major şəraiti nəticəsində yerinə yetirilməməsinə görə məsuliyyət daşımır, bu şərtlə ki, həmin Tərəf digər Tərəfə fors-major şəraitinin yarandığı gündən sonra dərhal fors-major şəraitinin yaranması və Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə təsiri barədə yazılı bildirişi fors-major halların mövcudluğunu təsdiqləyən müvafiq dövlət orqanının sənədi ilə birlikdə göndərsin. Müvafiq bildirişi göndərməyən tərəf fors-major hallara istinad etmək hüququnu itirir. Fors-major hallar və ya onların nəticələrinin təsiri 30 təqvim günündən artıq davam etdiyi təqdirdə, Tərəflərdən hər biri, müqavilə üzrə tərəflər arasında qarşılıqlı hesablaşmaların aparılması şərti ilə müqaviləni ləğv edə bilər.

28. Həmin müqavilənin11.4-cü bəndində qeyd edilmişdir ki, tərəflər onlardan asılı olmayan səbəbdən Müqavilə üzrə öhdəliklərini yerinə yetirməməyə görə və ya lazımi qaydada yerinə yetirməməyə görə məsuliyyət daşımırlar.

29. Həmin müqavilənin 13.4-cü bəndində qeyd edilmişdir ki, müqavilənin ləğv edilməsi tərəfləri həmin Müqavilənin qüvvədə olduğu müddət ərzində müqavilə şərtlərinin pozulmasına və ya lazımi qaydada yerinə yetirilməməsinə görə məsuliyyətdən azad etmir.

30. İşin halları ilə müəyyən edildiyi kimi Cavabdeh hərbi xidmətdə olduğu zaman ərazi bütövlüyünün qorunması(lokal antiterror əməliyyatları) uğrunda gedən döyüşlərdə ağır xəsarət almış və ayağı amputasiya olunmuşdur. Həmin dövrdən o mütəmadi olaraq stasionar müalicədə olmuş və hazırda da sağlamlığı tam bərpa edilməmişdir. Bu barədə kreditora xx.xx.2022-ci il tarixdə yazılı bildiriş verilmişdir. Göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, borcalan kredit məbləği üzrə hər ay faizləri ödəyəcəyi barədə götürdüyü öhdəliyi özündən asılı olmayan səbəbə görə icra etməmişdir. Bu səbəbdən də kreditorun müqavilədən imtina etdiyi xx.xx.2023-cü il tarixədək borcalana faiz hesablanılmasını məhkəmə əsassız hesab edir. Bundan əlavə məhkəmə qeyd edir ki, borclan xx.xx.2022-ci tarixdə kredit ödənişini vaxtında icra etmiş və həmin vaxta kredit ödənişi üzrə gecikməsi olmamışdır. xx.xx.2022-ci il tarixdə edilməli olan növbəti ödəniş vaxtınadək isə artıq döyüşlərdə yaralanmış və yuxarıda qeyd edilən müalicə görmüşdür. Odur ki, məhkəmə cavabdehdən gecikdirmə üçün cərimə tələb edilməsini də əsassız hesab edir.

31. Məhkəmə borc məbləğini müəyyən edərkən isə ekspertiza tədqiqatı nəticəsini əsas götürür və hesab edir ki, kredit borcu ekspert rəyi ilə xx.xx.2022-ci il tarixədək müəyyən edilmiş məbləğ, həmin tarixdən sonra olan ödənişlər və hesabdan çıxarış məlumatlarında qeydə alınmayan Yaşat Fondu tərəfindən ödənilən məbləğ nəzərə alınmaqla müəyyən edilməlidir.

32. Bu isə xx.xx.2022-ci il tarixədək qalıq əsas borcun 16.313.29 manat, faiz borcunun 300.44 manat olduğu və həmin tarixdən sonra 4859.12 manat məbləğin borcalan tərəfindən ödənildiyi, 1141.55 manat məbləğin isə Yaşat Fondu tərəfindən ödənildiyi nəzərə alındıqda, əsas borca görə 10312.62 manat, faiz borcuna görə 300.44 manat təşkil edir. Tətbiq edilən prosessual normalar:

33. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

34. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

35. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

37. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

38. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh əsas borca görə 10312.62 manat, faiz borcuna görə 300.44 manat olmaqla, ümumilikdə 10613.06 manat məbləğində pul vəsaiti və iddianın təmin edilmiş hissəsinə münasibətdə 99 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilməlidir.

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh əsas borca görə 10312.62 manat, faiz borcuna görə 300.44 manat olmaqla, ümumilikdə 10613.06(on min altı yüz on üç manat, altı qəpik) manat məbləğində pul vəsaiti və 99 (doxsan doqquz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar