Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4859/2024 01.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(001)-6035/2013 saylı qətnaməsinə əsasən onunla cavabdeh arasında bağlanmış nikah pozulmuş, birgə nikahlarından olan övladının onun yanında saxlanılması və cavabdehdən xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 100 manat sabit pul məbləğində alimentin tutularaq, ona ödənilməsi qət edilmişdir. Daha sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-778/2018 saylı qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək hər ay 136 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. O, hesab edir ki, alimentin ödənilməsi ilə bağlı cavabdehdən tutulan alimentin məbləği artırılmalıdır. Belə ki, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində təsdiq edilmişdir. Yaşayış minimumu uşaqlar üçün 2024-cü il üzrə 235 manat məbləğində müəyyən edildiyindən, cavabdehdən uşağın saxlanılması üçün tutulan alimentin məbləği artırılmalı və tutulmalı olan alimentin məbləği 235 manat məbləğində müəyyən edilməlidir. Hazırda cavabdehin uşağın saxlanması üçün ödədiyi alimentin məbləği 2024-cü il üçün uşaqlara görə müəyyən edilmiş yaşayış minimumundan kifayət qədər azdır. Bu isə uşaqların qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun pozulmasına səbəb olur. O, hesab edir ki, uşağın saxlanılması xərclərinin yetərli və davamlı olması üçün cavabdehdən tutulan aliment sabit pul məbləğində olmaqla, bir uşağın saxlanılması üçün dövlət tərəfindən müəyyən olunmuş həddə - 235 manat müəyyən edilməlidir. Hansıki uşaqlar üçün yaşayış minimumu 2024-cü ildə 235 manat müəyyən edilsə də, hazırki bazar qiymətlərini nəzərə alsaq uşağın gündəlik qidalanma, geyim xərclərini ödəmir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay tutulan alimentin həcminin artırılaraq hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları bir daha təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, məhkəməyə etiraz ərizəsi təqdim edərək, etiraz ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 778/2018 saylı 12 yanvar 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh 04 avqust 2010-cu il təvəllüdlü oğlu X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6035/2013 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının artırılması, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 04 avqust 2010-cu il təvəllüdlü oğlu X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 136 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Osmanova (Mehtiyeva) Günay Tahir qızına ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 227921 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah pozulmuş, nikah pozulduqdan sonra qadına Osmanova soyadı verilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/9/2024-00761 saylı arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 13:30-da keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirak etmiş və İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı "xxxx" MMC-də “operator, kompüter” vəzifəsində işləməklə, aylıq əmək haqqı 880 manat və "xxxx" MMC-də “kadrlar üzrə ekspert” vəzifəsində işləməklə, aylıq əmək haqqı 350 manat təşkil edir. İş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də “sürücü” vəzifəsində işləməklə, aylıq əmək haqqı 600 manat təşkil edir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş etiraz ərizəsindən görünür ki, cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbinə etiraz etməklə yanaşı, etiraz ərizəsində göstərmişdir ki, hazırda o, iddiaçının iddia tələbini qəbul etmir və ona qarşı rəsmi etiraz ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. O, yəni Cavabdeh xx.xx.2019cu il tarixdə 53 saylı nikah qeydindən keçməklə ailə həyatı qurmuşdur. Həmin nikahdan xx.xx.2015-ci il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X3 anadan olmuşdur. Həmçinin etiraza əlavə olunmuş "xxxx" Logistics MMC-nin xx.xx.2024cü il tarixli, 34 №-li Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim etmək üçün verilmiş arayışda qeyd olunmuşdur ki, o, yəni Cavabdeh həqiqətən xx.xx.2021-ci il tarixindən halhazıradək "xxxx" Logistics MMC-də sürücü vəzifəsində çalışır və onun aylıq əmək haqqı qanunvericliyə uyğun tutulmalar daxil olmaqla 600 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində qeyd olunur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunun mənasına görə tərəflərin ailə vəziyyətinin dəyişməsi dedikdə aliment ödəyən şəxsin himayəsində olan şəxslərin artması və bunun onun maddi vəziyyətinə mənfi təsir etməsi düşünülür. Həmçinin tərəflərin maddi vəziyyətinin dəyişməsi dedikdə onların maddi vəziyyətin yaxşılaşması və pisləşməsi nəzərdə tutulur. Qanunun mənasına görə bu hal aliment ödəyən və aliment alan şəxsin gəlirinin çoxalması və azalması ilə əlaqədar olur. Hazırda əmək haqqısının 600 manat təşkil etdiyini və digər nikahdan 3 övladının (xx.xx.2015-ci il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X3) olduğunun nəzərə alınaraq, o, hesab edir ki, icraatda olan mülki iş üzrə İddiaçı iddia tələbinin təmin edilməsi ilə bağlı heçbir əsas mövcud deyildir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin vəzifələri kimi qeyd edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaqların mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Yenə həmin Məcəllənin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi İddiaçı məhkəmənin xx.xx.2018-ci il tarixli 2(001)-778/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının artırılmasını tələb etsə də, iddia ərizəsini Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən əsaslandırmamışdır. Göstərilənləri nəzərə alaraq, cavabdeh etiraz ərizəsində 2(001)-4859/2024 saylı mülki iş üzrə İddiaçı ona qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu məhkəmələrə izah etmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, tərəflər xx.xx.2008-ci il tarixdə nikaha daxil olmuşlar, onların nikahları Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən 1734 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş, tərəflərin birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X5 adlı bir övladları doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-778/2018 saylı 12 yanvar 2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 noyabr 2013-cü il tarixli, 2(001)-6035/2013 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay 136 (bir yüz otuz altı) manat sabit pul məbləğində müəyyən edilmişdir. Bununla yanaşı, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 noyabr 2013-cü il tarixli, 2(001)-6035/2013 saylı icra sənədinin icrası başladıqdan sonra ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat miqdarında müəyyən edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin bu məsələ ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Cavabdeh alimentin artırılmamasını xahiş etsə də, məhkəmə uşağın mənafeyini rəhbər tutaraq, belə qənaətə gəlir ki, cavabdehin kifayət qədər qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən, həmçinin uşağın saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi məbləğ uşağın saxlanılması üçün zəruri olan minimal xərclərlə bağlı müəyyən edilmiş məbləğdə olduğu üçün, iddia tələbi təmin edilməli, Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-778/2018 saylı 12 yanvar 2018-ci il tarixli qətnaməsinə əsasən 04 avqust 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 235 manat sabit pul məbləğində aliment iddiaçı Osmanova (Mehtiyeva) Günay Tahir qızının xeyrinə tutulmalıdır. Alimentin yeni məbləğdə tutulması Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarına əsasən müəyyən edilmiş formada, yəni qətnamə qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin olunsun. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-778/2018 saylı 12 yanvar 2018-ci il tarixli qətnaməsinə əsasən 04 avqust 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 235 manat sabit pul məbləğində aliment iddiaçı Osmanova (Mehtiyeva) Günay Tahir qızının xeyrinə tutulsun. Cavabdeh 31.88 manat Azərbaycan Respublikası dövlət büdcəsinə tutulsun. Alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(001)-4859/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4859/2024
01.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver