Məhkəmə qərarları › İş №e-2(001)-4862/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4862/2024

28.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4862/2024 28.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X6 Hüseynağa qızının sədrliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə "xxxx" ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 sentyabr 2019-cu il tarixli, BPM**********15 nömrəli kredit müqaviləsi üzrə borclu mərhum X1 vərəsəsi kimi Cavabdeh həmin kredit müqaviləsi üzrə yaranmış 224,66 manat əsas, 23,39 manat faiz borcu olmaqla, ümumilikdə 248,05 manat borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu və bank xərcinin əvəzi kimi 30,4 manatın tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X3 arasında bağlanmış 06 sentyabr 2019-cu il tarixli, BPM**********15 nömrəli kredit müqaviləsinə əsasən Ə.Ə.Hüseynquliyevə 15 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 1020 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Ə.Ə.Hüseynquliyevə kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirməmiş və borcun ödənişini təmin etməmişdir. AZ-İİ №177684 saylı ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən edilmişdir ki, X3 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. xx.xx.2021-ci il tarixli, 2V- 83 nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən müəyyən edilmişdir ki, Cavabdeh X1 qanun üzrə vərəsəsidir. Yuxarıda adı çəkilən kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə əsas borc 224,66 manat, faiz borcu 23,39 manat olmaqla, cəmi 248,05 manat borc mövcuddur. Eyni zamanda iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu və 0,4 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh 15 mart 2024-cü il tarixində 6-2-22/2-9240/2024 saylı xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən iddia ərizəsinin surəti və bildiriş 16 iyul 2024-cü il tarixdə poçt vasitəsilə cavabdehin qeydiyyat ünvanına göndərilmiş, 06 avqust 2024-cü il tarixdə ona çatdırılmışdır. Lakin, cavabdehin bildirişi rəsmi qaydada alındığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən tərəflərin təqdim etdiyi sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 06 sentyabr 2019-cu il tarixli, BPM**********15 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən X2 15 ay müddətinə, illik 20 faizlə 1020 manat kredit verilmiş, həmin müqaviləyə 1 nömrəli əlavədən görünür ki, Ə.Ə.Hüseynquliyev 15 ay ərzində hər ay 77,5 manat (sonuncu ay 76,1 manat) ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, X1 08 iyul 2024-cü il tarixə iddiaçıya olan borcu 224,66 manat əsas, 23,39 manat faiz olmaqla, ümumilikdə 248,05 manat təşkil edir. Ölüm haqqında şəhadətnamədən görünür ki, X3 19 mart 2021-ci il tarixdə vəfat etmişdir. 22 sentyabr 2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”dən görünür ki, 19 mart 2021-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi arvadı Cavabdehdır. İddiaçı tərəfindən cavabdehə ünvanlandırılmış 13 mart 2024-cü il tarixli “borcun qaytarılması tələbinə dair” xəbərdarlıqdan görünür ki, iddiaçı 248,05 manat borcun ödənilməsini tələb etmişdir. Məhkəmə hazırki iş ilə bağlı tətbiq etdiyi hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. 739.1-ci maddəsinə (əvvəlki redaksiya) əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə (əvvəlki redaksiya) əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bə bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə borgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, elcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı ilə mərhum Ə.Ə.Hüseynquliyev arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, sonuncu kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və sonradan vəfat etdiyindən, onun kredit müqaviləsi ilə aldıqları vərəsəsi olan cavabdeh tərəfindən iddiaçıya qaytarmalı, hazırki vəziyyətdə isə mövcud borc, yəni 224,66 manat əsas, 23,39 manat faiz borcu olmaqla, ümumilikdə 248,05 manat məbləğində pul iddiaçıya ödənilməli, beləliklə iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 30 manat, bank xərci kimi isə 0,4 manat məbləğində pul ödənilmişdir və belə olan halda iddia təmin edildiyindən, 30,4 manat da cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 220, 284-6.1-284- 6.3-cü maddələrini rəhbər tutaraq, Nəticə hissəsi QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 224,66 (iki yüz iyirmi dörd manat altmış altı qəpik) manat əsas, 23,39 (iyirmi üç manat otuz doqquz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 248,05 (iki yüz qırx səkkiz manat beş qəpik) məbləğində pul, həmçinin məhkəmə xərclərinin əvəzi kimi 30,4 (otuz manat dörd qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar