Məhkəmə qərarları › İş №e-2(001)-4864/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4864/2024

14.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4864/2024 14.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Zeynalova (Mahmudova) Pərvanə Əli qızına və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Zeynalova (Mahmudova) Pərvanə Əli qızına və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 00/14549/DİK nömrəli 12 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 1500 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 12 sentyabr 2019cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 3.1.4-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə və məhkəməyə müraciət etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********822 saylı xx.xx.2024-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsa idi, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 1532.75 manat (bundan 1129.10 manat əsas, 251.81 manat faiz və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 151.84 manat faiz borcu) təşkil edir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdehlər Zeynalova (Mahmudova) Pərvanə Əli qızından və Cavabdeh1 müştərək qaydada cəmi 1532.75 manat məbləğində borcun - bundan 1129.10 manat əsas, 251.81 manat faiz və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 151.84 manat və iş üzrə ödənilmiş 35.33 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və cavabdeh Zeynalova (Mahmudova) Pərvanə Əli qızı məhkəmə iclasına gəlməmişlər və ya məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Lakin iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmənin baxış iclasının onların iştirakları olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bununla yanaşı, məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etmədiyini, digər cavabdehi tanımadığını və onun tərəfindən kreditlə bağlı ödənişlər olunmadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçı tərəfin nümayəndəsinin və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə digər Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, məhkəmə bildirişləri müvafiq qeyd aparılaraq məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 12 sentyabr 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə illik 25% ödəmək şərtilə 1500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 12 sentyabr 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1, yəni zamin borcalanın bankla arasında olan müqavilə üzrə öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş 30 aprel 2024-cü il tarixli, **********823 nömrəli arayışdan görünür ki, Cavabdeh2 18 aprel 2024-cü il tarixinə 1129.10 manat əsas, 251.81 manat faiz və 151.84 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, cəmi 1532.75 manat məbləğində borcu vardır. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehlərə ünvanlanmış 30 aprel 2024-cü il tarixli bildirişə əsasən məlum olur ki, cavabdehlərə 3 gün ərzində borc məbləğinin ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (maddə 739.2) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. (maddə 427.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. (maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (maddə 448.1) Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. (maddə 448.2) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. (maddə 445.7) Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. (maddə 449.4) Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. (maddə 449.1) Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. (maddə 470.1) Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. (maddə 472.1) Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (maddə 472.2) Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. (maddə 477.0.4) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Həmin qərarda Plenum şərh vermişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Mülki işin materialları ilə təsdiq edilir ki, İddiaçı ASC ilə Zeynalova (Mahmudova) Pərvanə Əli qızı arasında bağlanmış 12 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən Zeynalova (Mahmudova) Pərvanə Əli qızına 24 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 1500 manat məbləğində kredit verilmiş, Cavabdeh1 həmin kreditin qaytarılması üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin müqavilənin müddəti xx.xx.2021-ci il tarixdə bitmiş, iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə hesab edir ki, öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində ləğv prosesində olan İddiaçı ASC tərəfindən zaminə qarşı iddia irəli sürülmədiyi üçün Cavabdeh1 zaminliyinə xitam verildiyindən iddia tələbi ona qarşı hissədə təmin edilməməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, iddia tələbi “cavabdehdən 151.84 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləğinin tutulması” hissəsində ilkin olaraq əsaslandırılmadığından təmin edilməməlidir. Məhkəmə həmçinin əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, İddiaçı ASC Bakı Apellyasiya Məhkəməsinin 14 may 2020-ci il tarixli qərarı ilə müflis elan edildiyindən, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti isə 19 sentyabr 2021-ci il tarixdə bitdiyindən, bununla da iddiaçı bank iflas prosesində olmaqla kommersiya fəaliyyəti ilə məşğul ola və həmin müqavilə ilə verilmiş kredit vəsaitini dövriyyəyə buraxa, yeni kredit müqavilə üzrə gəlir əldə edə bilmədiyindən, bir sözlə aktiv kommersiya fəaliyyəti ilə məşğul olmadığı dövr üçün faiz borcunu tələb etməsi özü-özlüyündə əsassızdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cavabdeh Zeynalova (Mahmudova) Pərvanə Əli qızına qarşı qismən təmin edilməli, cavabdeh Zeynalova (Mahmudova) Pərvanə Əli qızından 12 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 1129.10 manat əsas və 251.84 manat faiz borcu olmaqla, cəmi 1380.94 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Zeynalova (Mahmudova) Pərvanə Əli qızından 12 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə 1129.10 manat əsas və 251.84 manat faiz borcu olmaqla, cəmi 1380.94 (bir min üç yüz səksən manat doxsan dörd qəpik) manat məbləğində pul vəsaiti iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi Cavabdeh1 qarşı təmin edilməsin. İddia tələbi qismən təmin edildiyi üçün iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən ödənilmiş 35.33 manat dövlət rüsumunun 90%, yəni 31.7 manat cavabdeh Zeynalova (Mahmudova) Pərvanə Əli qızından tutularaq iddiaçıya ödənilsin, qalan 10%, yəni 3.63 manat iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar