Məhkəmə qərarları › İş №e-2(001)-4876/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4876/2022

18.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4876/2022 18.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı BOKT "xxxx" QSC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 273,27 manat əsas və 40,99 manat cərimə, həmçinin ərizəyə görə ödənilmiş 30,4 manat dövlət rüsumunun əvəzi, ümumilikdə 344,66 manat borcun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, BOKT "xxxx" QSC ilə cavabdeh arasında 07 may 2020-ci il tarixli, 349-EMB-0602-20 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə 18 ay müddətinə qaytarılmaq şərtilə 1.669 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən “borcalan” müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə “borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Həmin müqavilənin 2.4.5-ci bəndinə əsasən kredit məbləğinin qaytarılması müqaviləyə uyğun olaraq aparılmadıqda və ya ödənilmədikdə “borcalan” özünün şəxsi əmlakı hesabına borcun ödənilməsini tələb etməlidir. Hal-hazırda kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh Bank Olmayan Kredit X1 Cəmiyyətinə 16 iyun 2022-ci tarixə əsas borcu 273,27 manat, cərimə borcu 40,99 manat olmaqla, ümumi borcu 314,26 manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə 18 yanvar 2022-ci il tarixli 0210/22 saylı və 18 yanvar 2022-ci il tarixli 0181/22 saylı pretenziya (xəbərdarlıq) məktubları da göndərilmişdir. Lakin cavabdeh qeyd edilən ünvanlarda yaşamadığından səbəblərdən xəbərdarlıq məktublarının cavabdehə çatdırılması mümkün olmamışdır. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehin rəsmi qeydə alındığı və faktiki ünvanlarına bildiriş göndərilsə də, poçt xidməti tərəfindən zərf “bu ünvanda yaşamır” qeydləri ilə məhkəməyə geri qaytarılmış, bununla da bildirişin cavabdehə rəsmi qaydada çatdırılması mümkün olmamışdır. Mülki iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 07 may 2020-ci il tarixli, 349- EMB-0602-20 saylı müqavilə və ona 1 saylı əlavəyə əsasən borcverən müştəriyə "xxxx" MMC-nin istehsal etdiyi mebelləri almaq məqsədi ilə 18 ay müddətinə 1.669 manat məbləğində faizsiz kredit verir. müştəri isə həmin krediti qaytarmağı öhdəsinə götürürü. Həmin müqavilənin 3.1.1-ci bəndinə əsasən “borcalan” müqavilə və onun əlavələrinə müvafiq olaraq vaxtı-vaxtında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi təqdirdə əsas və faiz borcundan əlavə börcverənə ödənilməmiş məbləğin hər günü üçün 1% məbləğində cərimə ödəyir. BOKT "xxxx" QSC tərəfindən borclu Cavabdeh ünvanlanan 18 yanvar 2022-ci il tarixli son xəbərdarlıqdan görünür ki, Cavabdeh borcunu icra etməyəcəyi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı ilə bağlı xəbərdar olunmuşdur. BOKT "xxxx" QSC-nin 16 iyun 2022-ci il tarixinə olan maliyyə arayışından görünür ki, Cavabdeh 349-EMB-0602-20 saylı müqavilə üzrə əsas borcu 273,27 manat, cərimə borcu 40,99 manat olmaqla, cəmi 314,26 manat borcu var. 28 iyun 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu və 0,4 manat məbləğində xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından göründüyü kimi, cavabdeh tərəflər arasında bağlanmış müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan müddətdə və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də hesab edirəm ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək belə bir nəticəyə gəlirəm ki, iddia təmin edilməli, 07 may 2020-ci il tarixli, 349-EMB-0602-20 saylı müqavilə üzrə Cavabdeh əsas məbləğ üzrə 273,27 manat, cərimə üzrə 40,99 manat olmaqla, cəmi 314,26 manat məbləğində borc və 30,4 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq q ə t e t d i m: İddia təmin edilsin. 07 may 2021-ci il tarixli, 349-EMB-0602-20 saylı müqavilə üzrə Cavabdeh iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc 273,27 (iki yüz yetmiş üç manat, iyirmi yeddi qəpik) manat, cərimə 40,99 (qırx manat, doxsan doqquz qəpik) manat olmaqla, cəmi 314,26 (üç yüz on dörd manat, iyirmi altı qəpik) manat məbləğində borc və 30,4 (otuz manat, qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar