Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4882/2025 30.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə pul tələbi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclasının katibi Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdeh Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 iyun 2019-cu il tarixli, MBNP ***- *******FİMSA210619-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş 5106.19 manat əsas borcun, 262.22 manat faiz borcunun, 242.82 manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu borcunun və iş üzrə ödənilmiş 76.11 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Masallı filialı ilə Cavabdeh1 arasında “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına müvafiq olararaq bağlanmış 01 iyul 2019-cu il tarixli, MBNP ***-*******FİMSA(B)010719-01 nömrəli kredit müqaviləsinə əsasən 18 mart 2014-ci il tarixli, MK/1747 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası üçün Cavabdeh1 5 il müddətinə, illik 1 faiz dərəcəsi ilə 5106.19 manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında 01 iyul 2019-cu il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilələrinin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs borc alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borc alan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 1.1, 2.4 və 3-cü bəndlərinə əsasən Cavabdeh1 kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Buna görə də iddiaçı məhkəməyə mövcud iddia ərizəsi ilə müraciət edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edərək tələbin tam təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etmədiyini, krediti digər cavabdeh olan həyat yoldaşı Cavabdeh1 götürdüyünü, onun sadəcə olaraq zamin olduğunu, ödənişlərdən xəbəri olmadığını bildirdi.
5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımınca məlumatlandırılmasına baxmayaraq, digər Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir.
Mülki işin materialları:
6. 01 iyul 2019-cu il tarixli, MBNP ***-*******FİMSA(B)010719-01 nömrəli kredit müqaviləsindən görünür ki, 18 mart 2014-ci il tarixli, MK/1747 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləği restrukturizasiya edilərək cavabdehə illik 1 (bir) faiz olmaqla, 5106.19 manat məbləğində kredit verilmişdir.
7. 01 iyul 2019-cu il tarixli, ***-*******FİMSA(B)010719-01/ZM/2 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında zaminlik müqaviləsi bağlanmışdır.
8. Ödəniş cədvəlinə əsasən Cavabdeh1 götürmüş olduğu krediti xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixə qədər hər ay 108.57 manat məbləğində ödəniş etməyi öz öhdəsinə götürmüşdür.
9. Maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2025-ci il tarixə 5106.19 manat əsas borc, 262.22 manat məbləğində faiz, 242.82 manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borc olmaqla, cəmi 5611.23 manat məbləğində borcu vardır.
10. İddiaçı tərəfindən cavabdehə göndərilmiş bildirişdən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcla əlaqədar məlumat verilməklə öhdəliyinin icrası tələb edilmiş, əks halda barəsində qanunamüvafiq tədbir görüləcəyi nəzərinə çatdırılmışdır.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
11. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
12. 385.1-ci maddəsinə görə ohdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
14. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
16. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
17. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
18. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
19. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
20. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
21. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
22. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
23. 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
24. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.
Məhkəmənin mövqeyi:
29. Müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Eləcə də cavabdeh (zamin) Cavabdeh2 iddiaçı ilə digər Cavabdeh1 arasında bağlanan kredit müqaviləsindən irəli gələn öhdəliklərin tam həcmdə icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər.
30. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır.
31. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh öhdəliyi yerinə yetirməmiş və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.
32. Məhkəmə iş üzrə toplanılmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
33. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda cavabdeh vaxtında ödəniş etməmiş, bununla da kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.
34. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
35. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 448.2.1, 449.1, 739.1, 739.2-ci maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən iddia tələbini Cavabdeh1 münasibətdə araşdıran məhkəmə tələbi əsaslı hesab edir. Odur ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə təmin edilməlidir. Beləliklə kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi vaxtında və lazımınca icra etmədiyindən kredit müqaviləsi üzrə Cavabdeh1 5106.19 manat əsas borc məbləğində tutularaq iddiaçıya ödənilməlidir.
36. Bundan başqa məhkəmə hesab edir ki, kreditor Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbi baxımından zaminə qarşı öhdəliyin icrası tələbini irəli sürmək hüququnu itirmədiyindən, həmin zaminliyə xitam verilə bilməz.
37. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh2 01 iyul 2019-cu il tarixli, MBNP ***-*******FİMSA(B)010719-01 nömrəli Kredit sazişi müqaviləsi üzrə iddiaçı-kreditor İddiaçı ASC qarşısında cavabdeh-borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıyır.
38. Məhkəmə həmçinin iddia tələbinin faizin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddiaçı bank cavabdehdən əsas borca görə faiz borcu tələb etməkdə haqlı olmuşdur.
39. Lakin iddiaçının tələb etdiyi kimi 262.22 manat məbləğində deyil, kredit müqaviləsinin və ödəniş cədvəlinin şərtlərinə uyğun olaraq 155.80 manat məbləğində faiz borcu tutulmalıdır. Belə ki, müəyyən edilmişdir ki, cavabdeh tərəfindən kredit məbləğindən hər hansı bir ödəniş edilməmişdir. Bundan baçqa müəyyən edilmişdir ki, müqavilənin müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən isə görünür ki, həmin tarixə müqavilə üzrə 155.80 manat kredit hesablanmışdır.
40. Məhkəmə iddia tələbinin müqavilənin müddəti bitdikdən sonra illik 5 (beş) faiz dərəcəsi ilə hesablama aparmaqla cavabdehlərdən 242.82 manat məbləğində faiz borcunun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə təmin edilməlidir.
41. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445-ci maddəsinə müvafiq olaraq icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
42. Cavabdeh müqavilə müddətindən sonrakı dövr üçün iddia ərizəsinin verilməsinə qədər qanun üzrə (MM-nin 445.7-ci maddəsi) nəzərdə tutulmuş faizləri ödəməlidir.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
44. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir
45. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5106.19 manat əsas borc, 155.80 manat faiz borcu, 242.82 manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu, ümumilikdə 5504.81 manat və dövlət rüsumu olaraq ödənilmiş 76.11 manat tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 238-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5106.19 manat əsas borc, 155.80 manat faiz borcu, 242.82 manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu, ümumilikdə 5504.81 (beş min beş yüz dörd manat səksən bir qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 76.11 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova