Məhkəmə qərarları › İş №e-2(001)-493/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-493/2024

27.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-493/2024 27.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit və ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 6722 manat məbləğində əsas borcun, 1180.54 manat məbləğində faiz borcunun, 132.99 manat məbləğində cərimə borcunun, cəmi 8035.53 manat borcun və 101 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh4 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit sazişi müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 24% olmaqla 6722 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbimizin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. Borclu Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (zaminlər) həmin sazişə əsаsən bаnk qаrşısındа öz üzərinə məsuliyyət götürərək krеdit müqаviləsindən irəli gələn öhdəliklərin icrаsı üçün borclu Cavabdeh4 ilə birgə məsuliyyət dаşıyır və krеditin qаytаrılmаsı ilə bаğlı borclu Cavabdeh4 aid bütün öhdəlikləri icrа еtməlidirlər. Proses iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və bundan əlavə bildirmişdir ki, ola bilər ki, zaminlər xidmət şərtləri ilə tanış olsalar da, onu imzalamamışlar, lakin hər bir halda hesab edirlər ki, kredit sazişində məbləğ, faiz göstərildiyindən və həmin şəxslər imzaladıqlarından zamin kimi öhdəlik daşımalıdırlar.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

5. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh4 izahatında bildirmişdir ki, cavabdehlərdən Kəmalə onun anası, Kamal isə yaxın qohumudur. Ekspert rəyi ilə razıdır, mübahisə yaranan vaxtdan sonra ödənişlərin faizdən tutulacağından ehtiyat edərək hər hansı ödəniş etməmişdir. Hazırda borcunu tam şəkildə banka ödəməyə imkanı yoxdur.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3 qızı Cavabdeh4 dedikləri ilə razı olduğunu bildirmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmiş işin faktiki halları:

7. İddiaçı ASC-nin müştərilərinə kreditləşmə və xidmət şərtləri ilə Cavabdeh4 və Cavabdeh1 xx.xx.2021-ci il tarixdə tanış olmuşdur.

8. Həmin şərtlərin Preambulasında qeyd edilmişdir ki, İddiaçı ASC-nin müştərilərinə kreditləşmə və xidmət şərtləri(bundan sonra “xidmət şərtləri” və ya “şərtlər” adlandırılacaq) İddiaçı ASC-nin müştərilərlə münasibət sahəsində olan çoxillik təcrübəsi nəticəsində formalaşmış, istisnasız olaraq hər bir müştərisinə münasibətdə tətbiq üçün nəzərdə tutulan elə şərtlərdir ki, Bank tərəfindən həmin sahədə təqdim edilən bütün məhsullar üzrə ümumi şərtləri, tərəflərin hüquq və vəzifələrini, habelə müqavilə münasibətlərinin ümumi şərtlərini müəyyən edir və tərəflər arasında gələcəkdə bağlanacaq əqdlərin ayrılmaz tərkib hissəsi olmaqla onların əsasını təşkil edir. Şərtlərdə həm bütün gələcək əqdlər(kredit sazişləri, razılaşmalar və.s) üçün ümumi, həmçinin ayrıayrı məhsullar üzrə xüsusi şərtlər müəyyən edilir.

9. Həmin şərtlərdə müştərinin, zaminin və digər şəxslərin hüquq və vəzifələri, tərəflərin məsuliyyətləri öz əksini tapmışdır.

10. xx.xx.2022-ci il tarixli, RM/06916/89/28 nömrəli Kredit Sazişində qeyd edilmişdir ki, bu saziş İddiaçı ASC-nin müştərilərinə kreditləşmə və xidmət şərtləri ilə birlikdə müqavilə məfhumunu əmələ gətirir.

11. Həmin sazişdə qeyd edilmişdir ki, müştəri Cavabdeh4 6722 manat nəğd pul krediti götürür və bu kredit xx.xx.2022-ci il tarixli MK/11636/85/28 saylı kredit müqaviləsinin restrukturizasiya olunması məqsədilə verilir, kreditin müddəti 36 ay, kreditin illik faizi 24% təşkil edir.

12. Həmin sazişdə tərəflərin hüquq və vəzifələrinin, məsuliyyətinin, müqavilələrə xitam verilməsi əsasları və tərəflər arasında müqavilələrdən irəli gələn münasibətlərin tənzimlənməsi ilə bağlı digər şərtlərin İddiaçı ASC-nin xx.xx.2014-cü il tarixli müştərilərinə kreditləşmə və xidmət şərtləri ilə müəyyən edildiyi göstərilmişdir.

13. Həmin sazişi Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 imzalamışlar.

14. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə 1 nömrəli əlavəyə əsasən Cavabdeh4 xx.xx.2023-cü il tarixdən xx.xx.2025-cü il tarixədək aylıq 263.72 manat olmaqla ödəniş etməyi öhdəsinə götürmüşdür. Müddətin sonunda o müqavilə üzrə faiz borcu üzrə cəmi 2803.21 manat ödəməli idi.

15. Hesabdan çıxarış məlumatlarına əsasən borcalan xx.xx.2023-cü il tarixdə 150 manat, xx.xx.2023-cü il tarixdə 100 manat olmaqla, cəmi 250 manat ödəniş etmişdir.

16. Bank tərəfindən borcalan və digər şəxslərə xx.xx.2023-cü il tarixdə “kredit müqaviləsinin ləğvinə və borcun ödənilməsinə dair” Bildiriş göndərilmiş və müqaviləyə əsasən həmin tarixə olan əsas 6722 manat, faiz 1063.8 manat, cərimə 132.99 manat borcu tələb etmişdir.

17. Tərtib edilən maliyyə arayışına görə Bank borcalanın xx.xx.2023 tarixə 6722 manat əsas borcunun, 1180.54 manat faiz borcunun, 132.99 manat cərimə borcunun olduğunu bildirir və xx.xx.2023-cü il tarixdə daxil olmuş iddia ərizəsində həmin məbləğin cavabdehlərdən tutulmasını tələb edir.

18. Cavabdeh4 vəsatəti əsasında məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında müqavilədən imtina edildiyi xx.xx.2023-cü il tarixə əsas və faiz borcun məbləğinin müəyyən edilməsi barədə sual qoyulmuşdur.

19. Tədqiqat dəyəri 100 manat təşkil edən Azərbaycan Respublikası Ədliyyə nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2533 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə borcalanın xx.xx.2023cü il tarixə əsas borcu 6722 manat, faiz borcu 874.81 manat təşkil edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin(münasibətlərin yarandığı vaxt qüvvədə olan):

21. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

22. 386.1-i maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

23. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

24. 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər;

25. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

26. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

27. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

28. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;

29. 467.1-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

30. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

31. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər;

32. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.

33. Sadalanan normaların məzmunundan da göründüyü kimi öhdəliyin yaranma əsaslarından biri müqavilədir və müqavilə tərəfləri qanunvericiliyə zidd olmayan müqavilə şərtlərini icra etməyə borcludurlar.

34. İşin müəyyən edilmiş hallarından görünür kimi borcalan Cavabdeh4 əvvəlki kredit müqaviləsi üzrə yaranmış borcunu qaytarmaq üçün bankdan xx.xx.2022-ci il tarixdə 6722 manat kredit almış və həmin krediti illik 24 faizlə, 36 ay müddətində qaytarmağı öhdəsinə götürmüşdür. Bununla belə borcalan müqavilə üzrə öhdəliklərini lazımı qaydada icra etməmişdir, hansı ki, borcalan kreditin alındığı vaxtdan ödəniş qrafiki üzrə şərtləri pozmuş və 2 ay olmaqla cəmi 250 manat ödəniş etmişdir. Bu səbəbdən də Bankın müqavilədən imtina etməklə yaranmış borcu tələb etməsi əsaslıdır.

35. Məhkəmə kredit müqaviləsi üzrə yaranmış borca münasibətdə qeyd edir ki, iddia həmin hissədə Bankın müqavilədən imtina etdiyi vaxta olan(Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli plenum qərarı) və ekspert rəyi ilə müəyyən edilmiş məbləğdə əsaslıdır. Həmin məbləğ isə əsas borca görə 6722 manat, faiz borcuna görə 874.81 manat təşkil edir. Cərimə borcu hissəsində isə məhkəmə iddianı əsaslı hesab edir və 6722 manat əsas borca görə tələb edilən 132.99 manat cərimə borcu məhkəmənin qənaətinə görə mütənasibdir.

36. Məhkəmə iddianı kredit borcunun digər cavabdehlərdən tutulması, yəni cavabdehlərin zamin kimi borclu ilə eyni həcmdə məsuliyyət daşıması hissəsində qismən əsaslı hesab edir.

37. Belə ki, iddiaçı digər cavabdehlərlə zaminlik müqaviləsinin bağlanmasına əsaslanaraq, onların borclu ilə birgə məsuliyyət daşıdığına istinad edərək, onlara qarşı tələb irəli sürsə də, işin halları ilə müəyyən edilir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ilə Bank arasında zaminlik müqaviləsi bağlanmamışdır. Çünki xx.xx.2022-ci il tarixli kredit sazişi müstəqil olaraq müqavilə məfhumunu yaratmır, hansı ki, həmin sazişinin preambulasında qeyd edilmişdir ki, bu saziş İddiaçı ASC-nin müştərilərinə kreditləşmə və xidmət şərtləri ilə birlikdə müqavilə məfhumunu əmələ gətirir. İddiaçı ASC-nin müştərilərinə kreditləşmə və xidmət şərtləri isə Cavabdeh3 və Cavabdeh2 təqdim edilməmiş və onların hüquq və vəzifələrini əks etdirən sazişlə tanış edilməmişlər. Halbuki, Mülki Məcəllənin 471-ci maddəsində qeyd edilmişdir ki, zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır, yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Göründüyü kimi cavabdehlər Cavabdeh3 və Cavabdeh2 borcalan Cavabdeh4 kreditoru qarşısında öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmələri barədə tərəflər arasında yazılı müqavilə mövcud deyil. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia onlara münasibətdə əsassızdır.

38. Digər Cavabdeh1 münasibətdə isə məhkəmə iddianı əsaslı hesab edir. Belə ki, Cavabdeh1 borcalan Cavabdeh4 kreditoru qarşısında onun öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş, həm İddiaçı ASC-nin müştərilərinə kreditləşmə və xidmət şərtləri ilə tanış olmuş, həm də zaminliklə təmin edilən öhdəlikdən xəbərdar olaraq kredit sazişini bağlamışdır.

39. Bununla bağlı Mülki Məcəllənin 470.1-ci maddəsində qeyd edilmişdir ki, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsində isə qeyd edilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Tətbiq edilən prosessual normalar:

40. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin:

41. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

42. 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;

44. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

45. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli, RM/06916/89/28 nömrəli kredit sazişi üzrə əsas borca görə 6722 manat, faiz borcuna görə 874.81 manat, cərimə borcuna görə 132.99 manat olmaqla, ümumilikdə 7729.8 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

46. İddianın təmin edilmiş hissəsinə münasibətdə 97 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir.

47. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaiti isə cavabdehlər Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************).

48. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu,216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli, RM/06916/89/28 nömrəli kredit sazişi üzrə əsas borca görə 6722 manat, faiz borcuna görə 874.81 manat, cərimə borcuna görə 132.99 manat olmaqla, ümumilikdə 7729.8 (yeddi min yeddi yüz iyirmi doqquz manat, səksən qəpik) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada tutularaq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddianın təmin edilmiş hissəsinə münasibətdə 97(doxsan yeddi) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada tutularaq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100(bir yüz) manat pul vəsaiti isə cavabdehlər Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar