Məhkəmə qərarları › İş №e-2(001)-4941/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4941/2024

07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4941/2024 07.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə pul tələbi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı ASC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 5569,73 manat əsas, 1027,81 faiz borcu, 349,77 manat cərimə borcu olmaqla, cəmi 6947,31 manat borcun və iş üzrə ödənilmiş 89,47 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə X3 və zamin Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 001L**********91 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən X2 120 ay müddətinə 100.000 manat məbləğində krеdit хətti açılmışdır. Həmin müqavilə əsasında X2 İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixli, 001R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 22 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6000 manat məbləğində kredit verilmişdir. X3 uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. X3 götürdüyü krеdit bоrcundan 430.27 manat ödəmiş, onun 5569.73 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. AR DİN-in BPQMİ-nin Maps şöbəsi tərəfindən alınmış arayışdan borclu X1 vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Vəkil sorğularına verilən cavab məktublarından X1 adına vərəsəlik işinin açılmadığı və qeydiyyatda olan nəqliyyat vasitəsinin olmadığı məlum olmuşdur. Mülki Məcəllənin tələblərinə görə kreditin qaytarılması öhdəliyi şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak vəzifələri, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən vəzifələr sırasına aid edilmir. Göründüyü kimi X1 ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun zaminlərə qarşı tələb hüququ yaranması üçün əsasdır. Qeyd edilənlərə əsasən cavabdeh bank qarşısındakı öhdəliyini vaxtında yerinə yetirmədiyi üçün iddiaçı kreditin məcburi qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, krediti mərhum əri götürmüş, o isə zamin olmuşdur. Əri vəfat etdiyinə görə maddi vəziyyəti pisləşdiyindən borcu ödəyə bilmir. Ona görə də kredit üzrə aylıq ödənişin aşağı salınmasını və faizlərin dondurulmasını xahiş etdi.

Mülki işin materialları:

5. İddiaçı QSC ilə X3 və zamin Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 001L**********91 saylı uzunmüddətli kredit və təminat müqaviləsindən görünür ki, iddiaçı tərəfindən X2 120 ay müddətinə 100.000 manat məbləğində krеdit хətti açılmış və zamin Cavabdeh İddiaçı QSC ilə X3 arasında bağlanmış 2xx.xx.2023-cü il tarixli 001L**********91 saylı “Uzunmüddətli kredit müqaviləsi” üzrə X1 bank qarşısındakı öhdəliklərinin icrası ilə bağlı eyni məsuliyyəti öz üzərinə götürmüşdür.

6. İddiaçı QSC ilə X3 və zamin Cavabdeh arasında xx.xx.2023-cu il tarixdə 001R********** nömrəli “Kredit razılaşması” bağlanmış, razılaşmanın şərtlərinə əsasən iddiaçı tərəfindən X2 22 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6000 manat məbləğində kredit verilmişdir.

7. Ödəniş cədvəlindən görünür ki, cavabdeh X3 xx.xx.2023-cü il tarixdən xx.xx.2025ci il tarixədək hər ay 344 (sonuncu ay 351,98) manat kredit ödənişi etməyi öz üzərinə götürmüşdür.

8. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X1 xx.xx.2024-cü il tarixə 5569,73 manat əsas, 1027,81 faiz borcu, 349,77 manat cərimə borcu olmaqla, cəmi 6947,31 manat borcu yaranmışdır.

9. Pretenziya (xəbərdarlıq) məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən Cavabdeh pulun qaytarılması ilə bağlı məlumat göndərilərək həmin tarixə 5569,73 manat əsas, 1027,81 faiz borcu, 349,77 manat cərimə borcu olmaqla, cəmi 6947,31 manat borcu yarandığı bildirilməklə borcun ödənilməsi xahiş olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir.

10. Elektron Məhkəmə Portalından çıxarışdan əldə edilmiş məlumata əsasən X3 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir.

11. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sorğuya cavabdan göstərilmişdir ki, “Elektron notariat” informasiya sistemində F.Məlikovun adına vərəsəlik işinin açılmasına dair məlumat aşkar edilməmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

12. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

13. 385.1-ci maddəsinə görə ohdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

15. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

17. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

18. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

19. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

20. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

21. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

22. 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

23. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.

Məhkəmənin mövqeyi:

28. Məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

29. İddiaçı QSC ilə X3 arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır.

28. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır.

29. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə X3 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, X3 xx.xx.2023cü il tarixdə vəfat etdiyindən öhdəliyi yerinə yetirə bilməmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi qalmışdır.

30. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar, ona görə də iddia üzrə Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, zaminlik müqaviləsi üzrə zamin Cavabdeh kreditor qarşısında X1 öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Odur ki, Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçı-kreditor İddiaçı QSC qarşısında cavabdeh-borclu X3 ilə eyni həcmdə məsuliyyət daşıyır və cavabdeh X1 vəfat etməsi zaminliyin xitamına səbəb olmur. Bundan başqa iş materiallarından görünür ki, cavabdeh kredit müqaviləsi üzrə zamin olmaqla yanaşı həm də iş üzrə kredit götürən şəxsin, yəni mərhum X1 arvadı olmuşdur.

31. Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır.

32. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə iddiaçı-kreditor İddiaçı QSC qarşısında cavabdeh-borclu X3 ilə eyni həcmdə məsuliyyət daşıyır.

33. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. 34.Məhkəmə həmçinin iddia tələbinin cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddiaçı bank cavabdehdən əsas borca görə cərimə borcu tələb etməkdə haqlı olmuşdur.

35. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

36. Məhkəmə hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, iddiaçının iddia ərizəsində tələb etdiyi 349,77 manat cərimənin məbləği əsassız və şişirdilmişdir. İşin halları nəzərə alınmaqla, məhkəmə cəriməni azaldaraq 50 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq hesab edir.

37. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

38. Bununla bağlı məhkəmə qeyd edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır.

39. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır, ona görə də iddia tələbi təmin edilməli, Cavabdeh 5569,73 manat əsas, 1027,81 faiz borcu, 50 manat cərimə borcu olmaqla, cəmi 6647,54 manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilməli, iddia tələbi qalah hissədə təmin edilməməlidir.

40. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

41. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 89,47 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 238-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə iddiası təmin edilsin. Cavabdeh 5569,73 manat əsas, 1027,81 faiz borcu, 50 manat cərimə borcu olmaqla, cəmi 6647,54 (altı min altı yüz qırx yeddi manat əlli dörd qəpik) məbləğində pul vəsaiti və 89,47 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar