Məhkəmə qərarları › İş №e-2(001)-4996/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4996/2023

12.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4996/2023 12.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, Ləğv prosesində olan (LPO) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması barədə işə 12 sentyabr 2023-cü il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə aralarında bağlanmış 02 sentyabr 2019-cu il tarixli, 2124 NZF nömrəli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin müqavilə üzrə yaranmış 1322,47 manat əsas, 40,09 manat faiz borcu olmaqla ümumilikdə 1362,56 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 34 manat məbləğində vəsaitin cavbdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 02 sentyabr 2019-cu il tarixli, 2124 NZF saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh2 01 fevral 2012-ci il tarixli, 414NZF nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla illik 1 faizlə 1395 manat kredit verilmişdir. Kreditin təminatı olaraq bankla Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 kredit müqaviləsinin şərtlərinə əsasən kredit borcunu və faizləri ödəməyi öhdəsinə götürsə də, öhdəliyi tam icra etməmiş, nəticədə iddiaçıya 1322,47 manat əsas, 40,09 manat faiz borcu olmaqla ümumilikdə 1362,56 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: - 02 sentyabr 2019-cu il tarixli, 2124 NZF saylı Kredit Müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 01 fevral 2012-ci il tarixli, 414NZF nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla illik 1 faizlə 1395 manat kredit verilmişdir. - 02 sentyabr 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 Cavabdeh2 İddiaçı ASC qarşısında 02 sentyabr 2019-cu il tarixli, 2124 NZF saylı Kredit Müqaviləsindən irəli gələn öhdəliklərin icrası ilə bağlı eyni məsuliyyəti öz üzərinə götürmüşdür. - maliyyə arayışından görünür ki, 27 mart 2023-cü il tarixə Cavabdeh2 1322,47 manat əsas, 40,09 manat faiz borcu olmaqla, ümumilikdə 1362,56 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Cavabdeh2 02 sentyabr 2019-cu il tarixli, 2124 NZF saylı kredit müqaviləsinə əsasən kredit borcunu və faizləri müqavilədə və onun ayrılmaz hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulan qaydada ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyə əməl etməmiş, beləliklə də müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış həmin müqavilə ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş, əsas və faiz borcunu vaxtında ödəməmişdir. Buna görə də, iddianın təmin edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Cavabdeh1 zaminlik müqaviləsinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürdüyünə görə məhkəmə hesab edir ki, ona münasibətdə də iddia təmin edilməlidir. Beləliklə, hesab edirəm ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 34 manat məbləğində pul vəsaiti də müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiası təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 02 sentyabr 2019-cu il tarixli, 2124 NZF saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh2 və Cavabdeh1 02 sentyabr 2019-cu il tarixli, 2124 NZF nömrəli kredit müqaviləsi üzrə yaranmış 1322,47 manat əsas, 40,09 manat faiz borcu olmaqla, ümumilikdə 1362,56 manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 34 manat məbləğində pul Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar