Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-5020/2022 01.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması və müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması və müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, ərizə və ona əlavə edilmi sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi, iddiaçının tələbi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə cəmi 6405,53 manat borcun tutulması və Cavabdeh2 ilə bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Mülki Məcəllənin 423.1-ci maddəsinə müvafiq olaraq, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Mülki Məcəllənin 423.2-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuş iddia ərizəsinə əlavə edilmiş və cavabdehlərə xx.xx.2022-ci il tarixdə ünvanlanmış xəbərdarlıq məktubunun axırıncı abzasında göstərilmişdir ki, “ ... borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə tərəfimizdən borc məbləğinin borclu və zamindən müştərək qaydada məhkəmə qaydasında tutulması üçün tədbirlər görülərək Sizin digər daşınar və daşınmaz əmlaklarınıza yönəldilərək həmin əmlaklar satılacaq. Notariusun icra qeydi qaydasında notariat kontoruna və ya məhkəməyə müraciət olunduğu zaman qeyd olunan məbləğlərlə yanaşı müqavilə öhdəliyinizin vaxtında icra olunmaması ilə bağlı kredit müqaviləsinə əsasən, kredit üzrə hesablanmış faizlərin, dəbbə pulunun və kredit müqaviləsinin bitdiyi tarixdən bu günədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış əldən çıxmış faydanın ödənilməsi də tələb olunacaqdır”. Xəbərdarlıq məktubunun məzmunundan göründüyü kimi, iddiaçı müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifi ilə cavabdehlərə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə görə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, iddiaçı müqavilənin ləğvi barədə tələblə məhkəməyə müraciət etməmişdən əvvəl həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuş qaydaya riayət etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6., 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması və müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 84,06 (səksən dörd manat altı qəpik) manat ödənilmiş dövlət rüsumu geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-5020/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-5020/2022
01.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver