Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5039/2023 10.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Ləğv prosesində olan (LPO) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) ləğvedicisi Əmanətləri Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun ödənilməsi barədə iddia ərizəsinə dair mülki işə 10 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: LPO İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09 oktyabr 2019-cu il tarixli, LM101900129 saylı “Restrukturizasiya müqaviləsi”nə əsasən, bank sonuncuya illik 1 faizlə 24 ay müddətinə 3180,94 manat məbləğində kredit vermişdir. Müqavilənin şərtlərinə əsasən, Cavabdeh götürdüyü krediti faizləri ilə birlikdə vaxtında ödəməyi öhdəsinə götürsə də, həmin öhdəliklərə lazımınca əməl etməməsi nəticəsində bank tərəfindən təqdim olunmuş maliyyə arayışına əsasən, 07 iyul 2023-cü il tarixə banka 2097,18 manat məbləğində əsas, 10,96 manat məbləğində faiz, 1,93 manat məbləğində cərimə, 184 manat gecikdirilmiş faiz borcu olmaqla ümumilikdə 2294,51 manat məbləğində borcu yaranmışdır. LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən yuxarıda göstərilən məbləğdə borcun, eləcə də, dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 43 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianı müdafiə etdiyini bildirib təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh 09 oktyabr 2019-cu il tarixli, LM101900129 saylı “Restrukturizasiya müqaviləsi” üzrə öhdəliklərin daşıyıcısı olsa da, həmin müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş, kredit və faiz borcunu vaxtında ödəməmişdir, buna görə də, iddia əsas və faiz borcuna münasibətdə iddia tələbinə uyğun təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh ilə LPO İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsində borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 1,93 manat məbləğində dəbbə pulu da cavabdehdən tutulmalı, iddia bu hissədə də təmin edilməlidir. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, borc hal-hazıradək ödənilmədiyindən, müqavilənin müddətinin bitdiyi 09 oktyabr 2021-ci il tarixdən maliyyə arayışında göstərilən 07 iyul 2023cü il tarixədək olan müddət üçün 184 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia bu hissədə də təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 2097,18 manat məbləğində əsas, 10,96 manat məbləğində faiz, 1,93 manat məbləğində cərimə borcu, 184 manat məbləğində pul vəsaiti gecikdirilmiş faiz borcu olmaqla ümumilikdə 2294,51 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia təmin edildiyinə görə məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 43 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiası təmin edilsin. Cavabdeh 09 oktyabr 2019-cu il tarixli, LM101900129 saylı “Restrukturizasiya müqaviləsi” üzrə 2097,18 manat məbləğində əsas, 10,96 manat məbləğində faiz, 1,93 manat məbləğində cərimə borcu, 184 manat məbləğində pul vəsaiti gecikdirilmiş faiz borcu olmaqla ümumilikdə 2294,51 manat məbləğində pul vəsaiti tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 43 manat məbləğində pul Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-5039/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5039/2023
10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver