Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5039/2024 05.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” barədə işə (açar sözlər: kredit müqaviləsi) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Vəliyeva Elnarə Fəxrəddin qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” barədə işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İM: I. Mülki işin mahiyyəti
1. ”Bank Respublika” ASC Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 211,05 manat əsas borc, 2,7 manat faiz borcu, 55,82 manat cərimə borcu olmaqla, cəmi 269,57 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya xx.xx.2023-cü il tarixədək, illik 23 faiz olmaqla 5000 manat məbləğində kredit verilmişdir. xx.xx.2021-ci il tarixli kredit müqaviləsi xx.xx.2023-cü il tarixdə restrukturizasiya olunmuş və Bank ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinə əsasən, sonuncunun banka mövcud olan borcu 5000 manat mədləğində müəyyən edilmiş və illik 23 faiz hesablanması şərti ilə 18 ay müddətinə uzadılmışdır. Cavabdeh kredit müqaviləsinin şərtlərinə əsasən kredit borcunu və faizləri ödəməyi öhdəsinə götürsə də, öhdəliyi tam icra etməmişdir. Borcun təminatı olaraq Cavabdeh3 və Cavabdeh1 ilə həmin tarixdə zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2023-cü il tarixə kimi cavabdehlərin iddiaçıya əsas borc 211,05 manat əsas borc, 2,7 manat faiz borcu, 55,82 manat cərimə borcu olmaqla, cəmi 269,57 manat məbləğində borcu yaranmışdır.
II. Məhkəmə baxışının hədləri:
3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
- xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 İddiaçı ASC-dən xx.xx.2023-cü il tarixədək, illik 23 faiz olmaqla 5000 manat məbləğində kredit manat məbləğində krediti faizlərlə birlikdə qaytarmağı öhdəsinə götürmüş, Cavabdeh3 və Cavabdeh1 müqavilədən irəli gələn öhdəliklərin icrasına zamin olmuşlar. - xx.xx.2021-ci il tarixli kredit müqaviləsi xx.xx.2023-cü il tarixdə restrukturizasiya olunmuş və Bank ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinə əsasən, sonuncunun banka mövcud olan borcu 5000 manat mədləğində müəyyən edilmiş və illik 23 faiz hesablanması şərti ilə 18 ay müddətinə uzadılmışdır. - 24.06.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh2 əsas borc 211,05 manat əsas borc, 2,7 manat faiz borcu, 55,82 manat cərimə borcu olmaqla, cəmi 269,57 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1 -ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh2 kredit müqaviləsinə əsasən İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Cavabdeh3 və Cavabdeh1 ilə bağlanmış zaminlik müqavilələrinə əsasən onlar kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərilərinə götürmüşlər. Buna görə də hesab edirəm ki, iddia əsas və faiz borcuna münasibətdə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. MCavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Mülki Məcəllə 467-ci maddəsinə görə çəhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Buna görə də, hesab edirəm ki, iddia cərimənin tutulması hissəsində qismən təmin edilməli, 211,05 manat əsas borc, 2,7 manat faiz borcu, 10 manat cərimə borcu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin 25 manat hissəsi də müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
İV. Nəticə:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİM:
"Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada xx.xx.2021-ci il tarixli, 019CASA191780002 nömrəli “Güzəştli kredit müqaviləsi” üzrə əsas borc 211,05 manat əsas borc, 2,7 manat faiz borcu, 10 manat cərimə borcu olmaqla, ümumilikdə 223,75 (iki yüz iyirmi üç manat yetmiş beş qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 25 (iyirmi beş) manat məbləğində pul Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Elnarə Vəliyeva