Məhkəmə qərarları › İş №e-2(001)-5045/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5045/2024

30.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5045/2024 30.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair (açar sözlər: xidmət haqqı, maddi zərər) Hakim: Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi Məhkəmə iclas katibi: Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, Cavabdeh X2 iştirakı ilə, İddiaçı “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti:

1. İddiaçı “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti cavabdeh X3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, X1 hüquqi xidmət haqqı kimi çəkilmiş 96,75 manat maddi zərərin və 30 manat məbləğində dövlət rüsumunun tutularaq “X6 Azərbaycan” QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “X6 Azərbaycan” QSC ilə cavabdeh X4 arasında xx.xx.2015-ci il tarixli Bank hesabı, debet karS, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2021-ci il tarixli, e-2(001)- 4306/2021 saylı Məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı "xxxx" QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2016-cı il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. “İnternational Legal Services MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixində ödənilən 100 manat, xx.xx.2022-ci il tarixində ödənilən 545 manat məbləğlərindəki vəsait "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 96.75 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh(lər) tərəfindən “X6 Azərbaycan” QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 96.75 manat məbləğində xidmət haqqı ödəmişdir.

İİ. Tərəflərin mövqeləri:

İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə iddiaçının nümayəndəsi olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 iddia tələbini qəbul etmədiyini, borc məbləğini ödədiyini bildirərək bu barədə iddiaçı tərəfindən verilmiş məktubu məhkəməyə təqdim etmişdir. Bu səbəbədən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.

İİİ. İşin faktiki halları:

İş materiallarına əlavə olunmuş: - xx.xx.2015-ci il tarixli Bank hesabı, debet kart, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsinə əsasən Bank tərəfindən X3 700 manat məbləğində kredit limiti verilmişdir. - xx.xx.2016-cı il tarixli müqavilədən görünür ki, "xxxx" QSC "xxxx" MMC ilə bağlanmış "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. - xx.xx.2024-cü il tarixli "xxxx" QSC tərəfindən verilmiş qəbzdən görünür ki, X4 tərəfindən 93 manat məbləğində hüquqi xidmət xərcini ödənilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməməlidir.

İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi:

Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 3.1-ci maddəsinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 8.1-ci maddəsinə müvafiq olaraq, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir Həmin Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 78.1-ci maddəsinə müvafiq olaraq, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-di maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, məhkəmə qətnaməsi icrası məcburi olan akt olmaqla onu çıxarmış məhkəmə tərəfindən icraya yönəldilir və hər hansı bir orqana müraciət edilib-edilməməsindən asılı olmayaraq icra məmuru tərəfindən həyata keçirilir. Məhkəmə qətnaməsi ilə iddiaçının borcun ödənilməsi barədə iddiası təmin edilmiş, həmin qətnamə qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə tərəfindən icraya yönəldilmiş və məcburi icrası icra məmuru tərəfindən həyata keçirilmişdir. Qanunvericilikdə məhkəmə aktının məcburi icrasının icra məmurundan qeyri hər hansı şəxs tərəfindən həyata keçirilməsi nəzərdə tutulmamışdır. Bu mənada hər hansı hüquqi şəxs və ya konkret olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hər hansı məcburi icra hərəkətlərinin (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinin tələblərinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və s.) həyata keçirilməsi də qeyri-mümkündür. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı məhkəmə qətnaməsinin icrası ilə bağlı göstərilmiş hüquqi xidmət haqqının tələb etməsinə baxmayaraq cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçı tərəfindən verilmiş qəbzlə 93 manat vəkil xərcinin ödənilməsi öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən və işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, iddiaçı “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq,

QƏT ETDİM:

İddiaçı “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar