Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5095/2023 06.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 06 dekabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 yanvar 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərə görə 2444 (iki min dörd yüz qırx dörd) manat maddi ziyan, hüquqi yardımla əlaqədar ödənilmiş 100 (bir yüz) manat məbləğində xidmət haqqı, 46 (qırx altı) manat məbləğində dövlət rüsumu, ümumilikdə 2590 (ikimin beş yüz doxsan) manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 13 mart 2020-ci il tarixli ALY-33 sayl“ı X3” əsasında lizinqə verilmiş “RAVON NEXİA R3 MİNİK” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AD779101 seriyalı, 2020-ci il buraxılışlı, Ban: №XWBTF69V9LA040108, ağ rəngli avtomobil etibarnamə ilə idarə olunması üçün Cavabdeh istifadəsinə verilmişdir. Cavabdeh avtomaşını idarə edərkən 15 yanvar 2023-cü il tarixdə, saat 19:30 radələrində Bakı şəhəri, Buzovna-Maştağa yolunda ara məsafəsi qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmiş və xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında TP_5504191 nömrəli qərara əsasən ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1cimaddələri ilə 40 (qırx) manat cərimə edilmə haqqında tənbeh verilmişdir. Cavabdeh hərəkətləri nəticəsində avtomaşına zərər dəymişdir. Belə ki, avtomaşın təmir olunması üçün “RS Avtoservis”-ə aparılmış və sonuncu tərəfindən verilən qüsur aktına əsasən avtomaşının təmir bərpası üçün 2444 (iki min dörd yüz qırx dörd) manat tələb olunmuşdur. Lakin Cavabdeh yuxarıda qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Buna görə iddiaçı həmin vaxt avtomobili “RS Avtoservis”-də 2444 (iki min dörd yüz qırx dörd) manat ödəyərək öz hesabına təmir etdirmişdir. Göründüyü kimi Cavabdeh hərəkətləri nəticəsində avtomaşına 2444 (iki min dörd yüz qırx dörd) manat zərər dəymişdir. Cavabdeh yuxarıda qeyd olunan məbləği ödəməkdən imtina edir. Cavabdeh ilə bağlanmış 10 dekabr 2022-ci il tarixli icarə müqaviləsinin 1.6-cı bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini istifadə etmə məsuliyyətini öz üzərinə götürməklə hərəkəti və ya hərəkətsizliyi nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə borcludur. Həmin müqavilənin 1.8-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini hər hansı bir səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini ödəməyə borcludur. Bu səbəbdən Cavabdeh 2444 (iki min dörd yüz qırx dörd) manat maddi ziyan, hüquqi yardımla əlaqədar ödənilmiş 100 (bir yüz) manat məbləğində xidmət haqqı, 46 (qırx altı) manat məbləğində dövlət rüsumu, ümumilikdə 2590 (iki min beş yüz doxsan) manat pul vəsaiti tutulmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilsədə sonuncu üzürlü səbəb olmadan məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya qarşı yazılı etiraz təqdim etməmişdir. İş materiallarında olan: - AD N*779101 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndən görünür ki, “RAVON NEXİA R3 MİNİK” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə "xxxx" MMC-nin mülkiyyətindədir. - 13 mart 2020-ci il tarixli ALY-33 saylı X3”ndən görünür ki, lizinq verən “AZƏRMAŞ ALYANS MMC” ilə lizinq alan İddiaçı arasında “RAVON NEXİA R3 MİNİK” markalı, **-PX- *** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AD779101 seriyalı, 2020-ci il buraxılışlı, Ban: №XWBTF69V9LA040108, ağ rəngli avtomobil lizinqə verilmişdir. - AZƏRMAŞ ALYANS MMC" tərəfindən Cavabdeh “AZƏRMAŞ ALYANS MMC” ilə İddiaçı arasında bağlanmış xx.xx.2020 il tarixli ALY-73 saylı “X3” əsasında lizinqə verilmiş 1 (bir) ədəd RAVON R3 markalı, 99PK231 qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AD 780538 seriyalı, 2020 il buraxılışlı, ban NeXWBTF69V9LA049988, mühərrik N° Bİ5D212200647GRXX0846, AĞ rəngli) maşınının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsinə xx.xx.2023-cü tarixli etibarnamə verilmişdir. - İddiaçı ilə Cavabdeh ilə bağlanmış 10 dekabr 2022-ci il tarixli icarə müqaviləsinə əsasən RAVON R3 markalı, 99PK231 qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh icarəsinə verilmişdir. Həmin müqavilənin 1.6-cı bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini istifadə etmə məsuliyyətini öz üzərinə götürməklə hərəkəti və ya hərəkətsizliyi nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə borcludur. Həmin müqavilənin 1.8-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini hər hansı bir səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini ödəməyə borcludur. - Xəzər rayon DYPS tərəfindən tərtib olunmuş İXP ******* nömrəli xx.xx.2023-cü il tarixli “İnzibati xəta haqqında protokol”dan görünür ki, Cavabdeh RAVON R3 markalı, 99PK231 qeydiyyat nişanlı nəqliyyat vasitəsini Buzovna-Məştağa yolunda idarə edərkən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarla barəsində 40 manat məbləğində cərimə tətbiq edilmişdir. - “RS Avtoservis” tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktda RAVON R3 markalı, 99PK231 qeydiyyat nişanlı nəqliyyat vasitəsinə çəkilməli olan xərcin ümumi dəyəri 2444 manat müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.”. Yenə həmin Qərarda göstərilmişdir ki, “....Yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur. Bu qaydadan bəzi istisnalar mövcuddur: - ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi başqa şəxslərin qanunsuz hərəkətləri nəticəsində (nəqliyyat vasitəsini qaçırma və s.) mənbənin onun sahibliyindən çıxdığı halda vurulmuş zərərə görə məsuliyyət daşımır; - dəymiş zərər zərərçəkmişin qəsdi nəticəsində yaranmış olarsa, onun əvəzinin yüksək təhlükə mənbəyinin sahibi tərəfindən ödənilməsi vəzifəsi yaranmır; - ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi zərərin qarşısıalınmaz qüvvənin (fövqəladə və qaçınılmaz hallar (Mülki Məcəllənin 379.1.1-ci maddəsi) təsiri nəticəsində vurulduğunu sübut etdikdə məsuliyyətdən azad edilir.”. İşin müəyyən olunmuş halları ilə təsdiq olunur ki, "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış 13 mart 2020-ci il tarixli ALY-33 saylı “X3” əsasında lizinqə verilmiş “RAVON NEXİA R3 MİNİK” markalı, 99- PX-890 dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AD779101 seriyalı, 2020-ci il buraxılışlı. Ban: №XWBTF69V9LA040108, ağ rəngli) avtomobil 10 dekabr 2022-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsi əsasında etibarnamə ilə idarə olunması üçün sonuncunun istifadəsinə verilmiş, cavabdeh avtomaşını idarə edərkən 15 yanvar 2023-cü il tarixdə, Bakı şəhəri, Buzovna- Maştağa yolunda ara məsafəsi qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmiş, barəsində xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında TP_5504191 nömrəli qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1 -ci maddələri ilə 40 (qırx) manat cərimə edilmə haqqında tənbeh verilmişdir. Avtomaşın təmir olunması üçün “RS Avtoservis”-ə aparılmış və sonuncu tərəfindən verilən qüsur aktına əsasən avtomaşının təmir bərpası üçün 2444 (iki min dörd yüz qırx dörd) manat tələb olunmuşdur. Məhkəmə yuxarıda sadalanan maddələrə əsasən qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Göründüyü kimi hazırkı halda deliktin əmələ gəlməsinə səbəb cavabdehin ətrafdakılar üçün yüksək təhlükə mənbəyi hesab olunan “RAVON NEXİA R3 MİNİK” markalı, 99- PX-890 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edərkən törətdiyi yol-nəqliyyat hadisəsi ilə bağlıdır. Məhkəmə onu da qeyd edir ki, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi zərərin qarşısıalınmaz qüvvənin (fövqəladə və qaçınılmaz hallar (Mülki Məcəllənin 379.1.1-ci maddəsi) təsiri nəticəsində vurulduğuna dair işdə sübut mövcud deyil. Belə olduğu halda məhkəmə hesab edir ki, iddiaçıya məxsus avtomobilin zədələnməsinə görə iddiaçıya vurulmuş zərərin əvəzi cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, avtomobilə dəymiş zərərin əvəzi kimi 2444 (iki min dörd yüz qırx dörd) manat maddi ziyan, hüquqi yardımla əlaqədar ödənilmiş 100 (bir yüz) manat məbləğində xidmət haqqı, 46 (qırx altı) manat məbləğində dövlət rüsumu, ümumilikdə 2590 (ikimin beş yüz doxsan) manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Avtomobilə dəymiş zərərin əvəzi kimi 2444 (iki min dörd yüz qırx dörd) manat maddi ziyan, hüquqi yardımla əlaqədar ödənilmiş 100 (bir yüz) manat məbləğində xidmət haqqı, 46 (qırx altı) manat məbləğində dövlət rüsumu, ümumilikdə 2590 (ikimin beş yüz doxsan) manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-5095/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5095/2023
06.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver