Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5105/2023 19.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə 19 sentyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Eminova X2 Rza Telman oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahlarından olan 17 fevral 2018-ci il təvəllüdlü X4 adlı uşağın saxlanması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsi, habelə mediasiya xərci kimi ödənilmiş 50 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehin birgə nikahlarından bir uşaqları vardır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2(001)-2902/2022 saylı qətnaməsinə əsasən, iddiaçı ilə cavabdeh arasındakı nikah pozulmuş, uşağın anasının yanında saxlanması və cavabdehdən hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. Həmin qətnamənin qəbul edildiyi tarixdən sonra uşağın xərcləri artmış, ərzaq və s. gündəlik tələbat mallarının qiyməti qalxmışdır. Həmçinin, 2023-cü il üçün ölkə üzrə yaşayış minimumu uşaqlara münasibətdə 220 manat müəyyən edilmişdir. İştirak etdiyi əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə etdiyini bildirmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etmədiklərini bildirərək, izahatında göstərdi ki, cavabdeh işləmir, maddi vəziyyəti pisdur. İddiaçı isə işləyir. Digər tərəfdən, cavabdeh yenidən ailə həyatı qurmuş, yeni evliliyindən himayəsində bir yetkinlik yaşına çatmamış uşağı vardır. Sonda Vəkil2 məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın təmin edilməməsini xahiş etdi. Mülki iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2(001)-2902/2022 saylı qətnaməsindən görünür ki, tərəflər arasındakı nikah pozulmuş, birgə nikahdan olan 17 fevral 2018-ci il təvəllüdlü X4 adlı uşağın yetkinlik yaşa çatanadək anasının yanında saxlanması və bunun üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Həmçinin, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh digər evliliyindən 01 iyun 2022-ci il təvəllüdlü bir yetkinlik yaşına çatmamış uşağı vardır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, alimentin miqdarının artırılması üçün Ailə Məcəlləsinin 112.1-ci maddəsində müəyyən olunmuş əsas mövcuddur. Hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı əvvəlki ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən, uşaqlar böyüdükcə onların saxlanması üçün çəkilməli olan xərclərin həcmi də böyüyür. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, yaşını, normal, yəni qida rasionalarına uyğun qidalanmasını, geyimi və s. ilə bağlı xərclərin mövcudluğunu nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün sabit pul məbləğində tutulmalı olan alimentin məbləği 220 manat müəyyən edilməli, bu məbləğdə alimentin tutulması qətnamə çıxarıldığı tarixdən aparılmalı, qətnamə dərhal icra edilməlidir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 8-2\2016 saylı Qərarının 8-ci maddəsinin 12-ci bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Lakin, nəzərə alınmalıdır ki, həmin qərar qəbul edilən zaman alimentin tutulması ilə bağlı məhkəmə aktları Mülki Prosessual Məcəllənin 234-cü maddəsinin tələblərinə uyğun olaraq qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin maddəyə 20 dekabr 2016-cı il tarixdə edilmiş dəyişikliyə əsasən, alimentin alınması barədə qətnamələrin dərhal icra olunması təsbit edilmişdir. Məhkəmə onu da qeyd edir ki, cavabdehin yenidən ailə qurması, bu evliliyindən himayəsində bir yetkinlik yaşına çatmamış uşağının olması, işləməməsi və s. onun iddiaçı ilə nikahından olan uşağın saxlanması üçün qanunvericiliklə nəzərdə tutulmuş miqdardan az aliment ödəməsinə əsas ola bilməz, belə ki bu hal uşağın üstün mənafeyinə ziddir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia təmin edildiyinə və 1 illik ödəmənin məcmusu (əvvəli alimentin məbləği ilə hazırki qətnamə ilə müəyyən edilmiş məbləğ arasındakı fərq – 27 manat) 324 manat olduğuna (27 manat x 12 ay) və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə, habelə, mediasiya xərci kimi iddiaçı tərəfindən ödənilmiş pul vəsaitinin əvəzi kimi 50 manat cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2(001)- 2902/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə 17 fevral 2018-ci il təvəllüdlü X3 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və həmin məbləğdə alimentin tutulması qətnamə çıxarıldığı 19 sentyabr 2023-cü il tarixdən hesablansın. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə, 50 manat mediasiya xərci isə Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-5105/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5105/2023
19.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver