Məhkəmə qərarları › İş №e-2(001)-511/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-511/2024

28.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-511/2024 28.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh2 iştirakı ilə, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 və Cavabdeh2 məhkəməyə barışıq sazişi bağlamalarını bildirdilər və məhkəmədən barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 hazırda işləmədiyindən maddi vəziyyətinin ağır olması ilə bağlı iddiaçının ekspertiza və digər xərclərin cavabdehlərdən tutulmasına dair ərizəsinə etiraz etdiyini bildirdi. Hər iki tərəf barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsinin hüquqi nəticələri barədə məlumatlı olduqlarını məhkəməyə bildirdilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə müvafiq olaraq, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Mülki Prosessual Məcəllənin 191.1-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə müvafiq olaraq, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə tərəflər arasında bağlanmış barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından barışıq sazişi təsdiq olunmalı və mülki iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 122.3-cü maddəsinə əsasən, tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Hazırkı vəziyyətdə barışıq sazişinin faktiki olaraq bir cavabdehlə bağlanması, barışıq sazişində keçirilmiş ekspertiza xərcinə münasibət bildirilməməsi, məhkəmə iclasında iştirak edən cavabdehin ekspertiza xərcinin ödənilməsinə qəti surətdə etiraz etməsini və işin mahiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, aparılmış ekspertiza tədqiqatının 100 manat dəyəri iddaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261.0.5, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: "2.1. Tərəflər təsdiq edirlər ki, cavabdehin 29-MK/4794 saylı, xx.xx.2018-ci tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə bankın əməliyyat sistemində 2 369.68 (iki min üç yüz altmış doqquz manat 68 qəpik) manat əsas borcu, 1 911.91 (bir min doqquz yüz on bir manat 91 qəpik) manat faiz borcu və 28.78 (iyirmi səkkiz manat 78 qəpik) manat cərimə borcu mövcuddur. 2.2. Tərəflər razılaşırlar ki, borc məbləğinin ödənilməsi istiqamətində hərəkətlərin edildiyi, yəni kredit müqaviləsi (İD87142243, LD**********) üzrə 500 (beş yüz) manat məbləğinin 30 (otuz) iş günü müddətində ödənilməsi təmin edilməklə, yerdə qalan kredit borcu isə aylara bölünərək ödənildiyi təqdirdə güzəşt tətbiq edilir. 2.3. Bu Sazişin 2.2-ci bəndinin icrası təmin olunduqdan sonra kredit müqaviləsi üzrə güzəşt əsasında yerdə qalan 2 825 (iki min səkkiz yüz iyirmi beş) manat borc məbləğinin 10 (on) ay müddətində bərabər hissələrə bölünməklə ödənilməsi təmin edilsin və yeni ödəniş qrafikinin icrasını cavabdeh öz üzərinə götürür. 2.4. Bu Sazişin 2.3-cü bəndində göstərilən qaydada borcun ödənilməsinə 2 (iki) ay ərzində əməl edilmədiyi halda, bu Saziş qüvvədən düşmüş hesab edilməklə, verilən güzəştlər ləğv edilir. 2.5. İddiaçı bu Sazişin 2.2-ci bəndində göstərilən qaydada borcun ödənilməsinə şəraitin yaradılması öhdəliyini öz üzərinə götürür. 2.6. Bu Sazişin 2.2-ci, 2.3-cü bəndlərinin icrası cavabdeh tərəfindən tam təmin olunduqdan sonra bank əməliyyat sistemində olan qalıq borc məbləğinə güzəşt tətbiq edilərək balansdan və bank əməliyyat sistemindən silinməsi təmin ediləcəkdir. 2.7. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.3-cü bəndində göstərilən şərtlər, yəni 2 825 (iki min səkkiz yüz iyirmi beş) manat məbləğinin 10 (on) ay müddətində bərabər hissələrə bölünməklə ödənilməsinə 2 (iki) ay ərzində əməl edilmədiyi halda, qərar qüvvədən düşmüş hesab edilir və bu qərarla verilən güzəştlər ləğv ediləcək və borcun tutulması üçün müvafiq icra qurumuna müracit ediləcəkdir. 3.1. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 3.2. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 3.3. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər. 3.4. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.5. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.6. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.7. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; qarşı tərəfin yazılı icazəsi ilə; yaxın qohumlara; sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. 3.8. Bu Sazişin məzmununun Sazişin 3.7.1. və 3.7.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır". İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddia ərizəsi verilərkən ödənilmiş 63,17 (altmış üç manat on yeddi qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Aparılmış ekspertiza tədqiqatının 100 (yüz) manat dəyəri iddaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP (XİİS) hesabı Adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesabı: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************1) ödənilsin. Barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar