Məhkəmə qərarları › İş №e-2(001)-5118/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5118/2022

20.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5118/2022 20.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Etibar Mustafa oğlu Mustafayevin sədrliyi, X3 katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçı Cavabdehnə (MMC) qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 20 dekabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 320000 manat məbləğində öhdəlik borcunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, iddiaçı 20 dekabr 2021-ci il tarixdən cavabdehlə qarşılıqlı razılaşma əsasına ştatdankənar ekspeditor vəzifəsinə qəbul edilərək işləməyə başlamışdır. İşlədiyi dövrdə cavabdehin, habelə öz maşınından istifadə etmişdir. Quşçuluq firmalarından quşları nisyə alıb cavabdehə təhvil vermişdir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş diri quşları kəsim sexində kəsərək "xxxx" marka ilə istehsal edib mağazalara satış üçün vermişdir. Cavabdeh MMC-nin rəhbəri Zeynalabdin Bayramov ilə qarşılıqlı razılaşma əsasında, iddiaçı quşları kilosu 2 manat 75 qəpiyə alaraq 3 manat 5 qəpiyə cavabdehə təhvil verməli idi. İlk əvvəl cavabdeh quşların hər kilosuna görə 2 manat 90 qəpik, 3 manat kimi ödənişlər etmişdir. 15 yanvar 2022-ci il tarixədək iş birliyi bu qaydada davam etmişdir. Lakin, həmin tarixdən 15 fevral 2022-ci il tarixədək cavabdeh quşlara görə iddiaçıya çox az məbləğlər ödəmiş, beləliklə iddiaçının quşları aldığı firmalara borcu yaranmışdır. Cavabdeh borclu olduğu məbləği tez zamanda ödəyəcəyini bildirsə də, sonradan ümumiyyətlə ödəniş etməkdən imtina etmişdir. Quşların cavabdehə təqdim edilməsi ilə bağlı həm iddiaçının, həm də cavabdehin nümayəndəsinin imzası ilə təsdiq edilmiş qəbzlər mövcuddur. Lakin, cavabdehdən iddiaçıya pul ödənilməsi ilə bağlı heç bir sübut yoxdur. Hazırda cavabdehin iddiaçıya və tələbkar olan quşçuluq firmalaına 320000 manat borcu vardır. Sonda G.D.Atakişiyev məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X9 iddianı qəbul etmədiklərini bildirərək, izahatında göstərdi ki, həqiqətən də iddiaçı cavabdeh MMC-yə diri quşlar gətirmiş, MMC tərəfindən aralarındakı razılıq əsasında quşların dəyəri tam olaraq iddiaçıya ödənilmişdir. İddiaçı tərəf polisə müraciət edərək cavabdehin 130000 manat borclu olduğunu göstərmişdir. Polisə növbəti müraciətdə bu rəqəm 150000 manat göstərilmiş, hazırda isə 320000 manat göstərilir. Məbləğlərin getdikcə süni şəkildə şişirilməsi onu göstərir ki, iddia tamamilə əsassızdır. Cavabdehin həqiqətən də iddiaçıya borcu qalmış olsaydı, iddiaçı indiyədək borcun ödənilməsi ilə bağlı MMC-yə müraciət edərdi. Lakin, onlara belə bir müraciət daxil olmamışdır. Sonda T.N.Bayramov məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, iddiaçının atasıdır. Oğlu Araz cavabdehə təhvil verdiyi quşları başqa şəxslərdən almış, cavabdehdən quşların əvəzində aldığı pulu da quşarı aldığı şəxslərə ödəmişdir. Lakin, sonradan cavabdehin pul verməməsi səbəbindən quşçuluq firmalarının səlahiyyətli şəxsləri quşların dəyərini Arazdan tələb etmiş, tez-tez yaşadıqları evə gəlmiş, mübahisə yaratdıqlarından, o məcbur qalıb 2 ədəd yük, 2 ədəd minik maşınını satmış, həmin şəxslərə təxminən 180000 manat pul ödəmişdir. Mülki iş materiallarında olan: - Kommersiya qurumlarının dövlət reyesti məlumatları haqqında çıxarışdan görünür ki, Cavabdeh MMC-nin qanuni təmsilçisi X2r. - Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 24 mart 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, İddiaçı izahtında Cavabdeh MMC-nin toyuq-cücə alverindən ona 137000 manat borcu qaldığını, Cavabdeh MMC-nin direkturi X5 isə izahatında İddiaçı təhvil aldıqları quşların dəyərini tam ödədiklərini, lakin, Arazın həmin pulu quş sahiblərinə vermədiyi, şəxsi ehtiyaclarına xərclədiyini bildirmişdir. İlk növbədə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə əsasən isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Tərəflər arasında quş ətinin alğı-satqısı ilə bağlı ticarət münasibətlərinin olması işin mübahisəsiz halıdır. İşin mübahisəli halını iddiaçının təqdim etdiyi quşlara görə cavabdeh tərəfindən pulun ödənilməməsi təşkil edir. Sübutetmə yükü baxımından mübahisəli mənzilin təmirinə çəkilən xərclərin məhz cavabdehdən tutulmalı olduğu, bir sözlə, tələbin hüquqi və fatiki əsaslarını sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür. Çünki, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İddiaçının istinad etdiyi quşların cavabdehə təqdim edilməsi ilə bağlı həm iddiaçının, həm də cavabdehin nümayəndəsinin imzası ilə təsdiq edilmiş qəbzlərlə bağlı məhkəmə qeyd edir ki, həmin qəbzlərdə “təhvil verdi” və “təhvil aldı” qrafalarında iddiaçının imzası ilə bərabər cavabdehin nümayəndəsinində imzası var və bu qəbzlərdən tərərflər arasında nisyə alğı-satqının mövcudluğunu və yaxud iddiaçının pulunun verilməməsini müəyyən etmək olmur. İş üzrə şahid qismində dindirilmiş X1 izahatına münasibətdə məhkəmə qeyd edir ki, o iddiaçının atası olmaqla yanaşı izahatında yalnız cavabdehin pul verməməsi səbəbindən quşçuluq firmalarının səlahiyyətli şəxsləri quşların dəyərini Arazdan tələb etdiyini göstərmişdir. İddia tələbi üzrə üzrə konkret faktların mövcudluğuuna istinad edə bilməmişdir. Belə faktların mövcudluğu nə işin məhkəmə araşdırılması ilə müəyyən edilmiş nə də iddiaçı tərəfindən tələbinin əsaslı olmasına dair heç bir mötəbər sübut təqdim olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdehnə (MMC) qarşı pul tələbinə dair iddiası təmin edilməsin, məhkəmə xərcləri iddiaıçya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar