Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5123/2023 23.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə X8 (LPO) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması barədə iddia ərizəsinə dair mülki işə 23 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 2263,91 manat əsas, 2719,88 manat faiz, 1251,32 manat cərimə, 329,53 manat gecikdirilmiş faiz borcu olmaqla, ümumilikdə 6564,64 manat məbləğində pul vəsaitinin, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 85,65 manatın müştərək qaydada tutularaq LPO İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 18 avqust 2017-ci il tarixli, 001808 nömrəli Bank Xidmətləri Müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzərindən bağlanmış KMN037T08170104 saylı, xx.xx.2017-ci il tarixli Əlavəyə əsasən cavabdehə 36 ay müddətinə illik 29 faizlə 5000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 və Cavabdeh3 ilə bank arasında 18 avqust 2017-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh2 17 iyul 2023-cü il tarixə kredit üzrə cəmi borcu 6564,64 manat təşkil edir. Bundan 2263,91 manatı əsas, 2719,88 manatı faiz, 1251,32 manatı cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plünum qərarına əsasən hesablanmış 329,53 manat faiz borcu təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia ərizəsində göstərilənləri təsdiq etdiyini, iddianı müdafiə etdiyini bildirib, təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışdırlar. Tədqiq edilən sübutlar: - İddiaçı ASC ilə Cavabdeh2 arasında 18 avqust 2017-ci il tarixdə 001808 nömrəli “Bank xidmətləri müqaviləsi” bağlanmışdır. - İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış “18 avqust 2017-ci il tarixli, 011808 nömrəli Bank Xidmətləri Müqaviləsinə 5 saylı Əlavə”dən görünür ki, bank tərəfindən Cavabdeh2 illik 29 faizlə, 36 ay müddətinə geri ödəmək şərti ilə 5000 manat kredit verilmişdir. - İddiaçı ASC ilə X2 arasında bağlanmış 18 avqust 2017-ci il tarixli “Zaminlik müqaviləsi”nə əsasən, S.Ə.Axundova Cavabdeh2 İddiaçı ASC ilə aralarında bağlanmış 18 avqust 2017-ci il tarixli, 001808 nömrəli “Bank Xidmətləri Müqaviləsinin 18 avqust 2017-ci il tarixli 5 saylı Əlavəsi”nə əsasən yaranmış öhdəliklərlə bağlı əsas borclu ilə eyni məsuliyyəti öz üzərinə götürmüşdür. - İddiaçı ASC ilə İsgəndərova (Cavadova) Günel Mehrəli qızı arasında bağlanmış 18 avqust 2017-ci il tarixli “Zaminlik müqaviləsi”nə əsasən, Cavabdeh3 Cavabdeh2 İddiaçı ASC ilə aralarında bağlanmış 18 avqust 2017-ci il tarixli, 001808 nömrəli “Bank Xidmətləri Müqaviləsinin 18 avqust 2017-ci il tarixli 5 saylı Əlavəsi”nə əsasən yaranmış öhdəliklərlə bağlı əsas borclu ilə eyni məsuliyyəti öz üzərinə götürmüşdür. - Maliyyə arayışından görünür ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 18 avqust 2017-ci il tarixli kredit müqaviləsi üzrə 17 iyul 2023-cü il tarixə 2263,91 manat əsas, müqavilə müddəti üzrə 2719,88 manat faiz, 1251,32 manat cərimə, müqavilə müddəti bitdiyi tarixdən illik 5 faizlə hesablanmaqla 329,53 manat gecikdirilmiş faiz borcu olmaqla, ümumilikdə 6564,64 manat borc yaranmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatınını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddianın qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, cavabdehlər tərəfindən iddiaya münasibət bildirilmədiyindən məhkəmə hesab edir ki, iddia əsas və faiz borcuna münasibətdə iddia tələbinə uyğun təmin edilməlidir. Tərəflər arasında bağlanmış müqavilədə cərimə haqqında razılaşma öz əksini tapmışdır. Lakin məhkəmə 2263,91 manat məbləğində əsas borca tənasübsüz olaraq 1251,32 manat məbləğində cərimənin hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbləti nəzərə alınmaqla, məhkəmə hesab edir ki, dəbbə pulu kimi hesablanmış 1251,32 manat azaldılaraq 158 manat müəyyən edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, borc hal-hazıradək ödənilmədiyindən, müqavilənin müddətinin bitdiyi 18 avqust 2020-ci il tarixdən maliyyə arayışında göstərilən 17 iyul 2023-cü il tarixədək olan müddət üçün illik 5 faizlə hesablanmış gecikdirilmiş faiz borcu olaraq 329,53 manat müəyyən edilməlidir. Cavabdeh1 və Cavabdeh3 ilə iddiaçı arasında bağlanmış zaminlik müqavilələrinə əsasən, onlar Cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçı qarşısında öhdəlikləri üzrə eyni məsuliyyəti öz üzərilərinə götürdüklərindən, iddia onlara münasibətdə də qismən təmin edilməli, məhkəmə tərəfindən müəyyənləşdirilmiş borc məbləği onlardan da müştərək qaydada tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 2263,91 manat əsas, 2719,88 manat faiz, 158 manat cərimə, 329,53 manat gecikdirilmiş faiz borcu olmaqla, ümumilikdə 5471,32 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlərdən tutularaq X8 İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-ci maddəsinin tələbləri nəzərə alınmaqla, iddia qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 80 manat məbləğində pul vəsaiti də cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 2263,91 manat əsas, 2719,88 manat faiz, 158 manat cərimə, 329,53 manat gecikdirilmiş faiz borcu olmaqla, ümumilikdə 5471,32 manat məbləğində pul vəsaiti tutularaq X8 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 80 manat məbləğində pul vəsaiti Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq X8 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-5123/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5123/2023
23.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver