Məhkəmə qərarları › İş №e-2(001)-513/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-513/2024

04.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-513/2024 04.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 23394,78 manat məbləğində kredit bоrcu, 4020,95 manat məbləğində faiz bоrcu və 1403,44 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 28819,17 məbləğində bоrcun və ödənilmiş 176,46 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh 056A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1,6667% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2022-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 1605,22 manat ödəniş etmiş və оnun iddiaçıya 23394,78 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 312 gün üçün hesablanmış faiz borcu 4020.95 manat təşkiledir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 312 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1403.44 manat təşkil edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixində elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, bankın əməkdaşı sonuncu dəfə bildirmişdir ki, 12500 manat ödəniş etsə, kredit bağlanacaq. Qarşı tərəfə bildirmişdir ki, əlində kifayət qədər vəsait yoxdur. 14 il xidməttə olmuş, müharibədə iştirak etmiş, yaralandıqdan sonra xidmətdən kənarlaşmışdır. Yaralandığı üçün 6600 manat məbləğində kompensasiya almalıdır. İş üzrə yekun qərarın qəbul edilməsini xahiş edir. İcra mərhələsində iddiaçı ilə danışıqlara cəhd edəcək.

5. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, məhkəmənin əvvəlki iclaslarında “Respublika Psixiatriya Xəstəxanası”nda müalicə aldığı üçün iştirak edə bilməmişdir. 14 yaşından hərbi xidmət keçmiş, lisey və akademiya bitirmişdir. 2016-cı ildə aprel döyüşlərində və 44 günlü Vətən Müharibəsində iştirak etmiş, dərin kəşfiyyatçı kimi düşmən arxasında əməliyatlarda olmuşdur. Zabit olduğu vaxtlarda 2100 manat maaş aldığı üçün bankdan zaminsiz 25000 manat məbləğində kredit götürmüşdür. 44 günlük Vətən Müharibəsində iştirak edib yaralandıqdan sonra 2022-ci ilin sentyabr ayında xəstəliyinin sağalmaması səbəbindən hərbi xidmətə yararsız kimi ehtiyata buraxılmışdır. Həmin vaxta kimi banka ödənişlərini vaxtından əvvəl və artıq həcmdə etmişdir. Müharibədən sonra bankın əməkdaşları və rəhbərli onu xoş qəbul etmiş və vəziyyətini anlayışla qarşılamışlar. Sonuncu dəfə müzakirələrində bankdan ona pensiya təyin olunana kimi möhlət istəmişdir. Lakin görünür ki, xahişi rəhbərliklə razılaşdırılmadığından məhkəməyə müraciət edilmişdir. Hazırda ona pensiya təyin edilməyib. Bu barədə Müdafiə Nazirliyinə yaxınlaşsa da, ona Dövlət Sosial Müdafiə Fonduna müraciət edilməsi tövsiyyə olunub. Lakin hazırda hər hansı pensiya təyin olunmayıb. Ehtiyatda olduğu vaxtlarda 60-100 manat ödənişlər etmişdir. Ona bankdan bu ödənişlərin əsas borcdan silindiyi məlumatı verilsə də, hazırda ondan tələb edilən borc məbləği bunun əksini göstərir. Tərəfindən təxminən kredit müqaviləsi üzrə 5000 manata yaxın ödəniş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

6. İddiaçı QSC ilə Cavabdeh arasında “Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinə” dair razılaşmaya istinad etməklə sonuncunun xx.xx.2022-ci il tarixli “Nağd pul kreditinin şərtlərinə dair” ərizəsi əsasında bağlanan xx.xx.2022-ci il tarixli 056A********** saylı kredit müqaviləsindən görünür ki, İddiaçı QSC borcalana aylıq 1.6667 % dərəcəsi ilə 48 ay müddətinə 25000 manat kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə faizi ilə birlikdə banka qaytarmağı ödəsinə götürür.

7. İddiaçı QSC tərəfindən təqdim edilən maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli 056A********** saylı kredit müqaviləsi üzrə 04 sentyabr 2023-cü il tarixinə 23394,78 manat əsas borc, 4020,95 manat faiz borcu, 1403,44 manat cərimə olmaqla, 28819,17 manat məbləğində borc hesablanmışdır.

8. İddiaçı QSC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, kreditor borcalandan xx.xx.2023-cü il tarixə gecikdirilmiş əsas borca görə 4001.52 manat, faiz borcuna görə 3581.65 manat, cərimə borcuna görə 1225.64 manat tələb etmiş və xx.xx.2023-cü il tarixədək gecikdirilmiş borcu qaytarmağı, kredit müqaviləsini ləğv etməyi təklif etmiş, əks təqdirdə kredit müqaviləsinin vaxtından əvvəl ləğv ediləcəyi və yaranmış əsas borca görə 23394.78 manat, faiz borcuna görə 3592.42 manat, cərimə borcuna görə 1225.64 manat borcun məcburi alınması ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Xəbərdarlıqdan sonra borclu tərəfindən hər hansı məbləğ ödənilməmişdir.

9. Azərbaycan Respubliası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3955 saylı, 19 sentyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 056A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh 04 sentyabr 2023-cü il tarixə banka olan əsas borcun 23331,43 manat, faiz borcu 4170,28 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 200 manatdır.

10. İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 176,46 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmiş işin faktiki halları:

11. Kredit verən bank İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 056A********** saylı kredit müqaviləsi bağlanmış, kredit alana aylıq 1.6667 % dərəcəsi ilə 48 ay müddətinə 25000 manat məbləğində kredit vermiş, borc alan isə borcu qəbul edərək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.

12. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, kreditorun xəbərdarlığına baxmayaraq kredit bocunu vaxtında ödəməmişdir. Nəticədə kreditor müqavilədən imtina etməklə xx.xx.2023-cü il tarixə qədər hesabladığı borcu tələb edir.

13. Cavabdeh kredit müqaviləsinin mövcudluğunu, öhdəliyi icra etmədiyini qəbul etsə də, tələb edilən borc məbləğini mübahisələndirmişdir.

14. Azərbaycan Respubliası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3955 saylı, 19 sentyabr 2024-cü il tarixli ekspert rəyi ilə xx.xx.2022-ci il tarixli 056A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh 04 sentyabr 2023-cü il tarixə banka olan əsas borcunun 23331,43 manat, faiz borcunun 4170,28 manat məbləğində olduğu müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

16. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

18. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

19. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

20. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

21. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

22. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;

23. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

24. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.

25. İşin halları ilə müəyyən edildiyi kimi tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır, kreditor öhdəliyini icra etsə də, borcalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, kreditora olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.

26. Bununla belə məhkəmə hesab edir ki, tələb edilən əsas, faiz və cərimə borcu qismən əsaslıdır.

27. Belə ki, tədqiq edilmiş sübutlarla müəyən edilir ki, kreditor xx.xx.2023-cü il tarixdə borcalana bildiriş(xəbərdarlıq) göndərməklə, xx.xx.2023-cü il tarixədək gecikdirilmiş borcu ödəməyi, əks təqdirdə müqavilədən imtina ediləcəyi və həmin tarixə əsas borca görə yaranmış 23394.78 manatı, faiz borcuna görə yaranmış 3592.42 manatı, cərimə borcuna görə 1225.64 manatı məhkəmə qaydasında tutulacağı barədə məlumat vermişdir. Bununla belə, borcalan tərəfindən həmin xəbərdarlıqdan sonra hər hansı ödəniş edilməmiş, kreditor isə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2023cü il tarixə yaranmış borcu tələb etmişdir. Göründüyü kimi kreditor müqavilədən imtina etdiyi xx.xx.2023-cü il tarixdən sonra borcalana faiz borcu hesablamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli plenum qərarında göstərilmişdir ki, Nəzəriyyədə “müqavilədən imtina” əsasən öhdəliklərin qarşılıqlı icrasını nəzərdə tutan (sinallagmatic) müqavilələrdə öhdəliklərin icrasının gecikdirilməsi səbəbilə kreditorun müqaviləyə onun bağlandığı andan, yəni geriyə şamil olunan şəkildə (ex tunc) xitam verməsi hallarını ehtiva edir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Müraciətdə qoyulan məsələlərdən biri də kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlıdır. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı bir daha qeyd etməyi vacib hesab edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri birbaşa müqavilə münasibətlərinin hüquqi rejimindən irəli gəlir. Belə ki, Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Məcəllənin 399.4-cü maddəsində göstərildiyi kimi, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Qeyd edilməlidir ki, kredit müqaviləsində ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və annuitet ödənişlərin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsini, kreditin müddəti isə annuitet ödənişlərinin müddətini nəzərdə tutur. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı). Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

28. Bundan başqa ekspert tədqiqatı ilə müəyyən edilmişdir ki, borcalanın müqavilə üzrə yaranmış əsas borcu 23331.43 manat təşkil edir.

29. Beləliklə məhkəmə o qənaətə gəlir ki, xx.xx.2022-ci il tarixli, 056A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh əsas borca görə 2331.43 manat, faiz borcuna görə 3592.42 manat borcu yaranmışdır.

30. Kredit müqaviləsi üzrə tələb edilən cərimə məbləğində münasibətdə məhkəmənin mövqeyi:

31. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

32. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

33. Qeyd edilən norma məhkəməyə tənasübsüz surətdə yüksək dəbbə pulunu azaldılması hüququ verdiyindən, məhkəmə həmin dəbbə pulunun azaldılması zamanı qanunla ona verilmiş qiymətləndirmə azadlığına malikdir.

34. Odur ki, məhkəmə iddia tələbinin cərimə məbləğinin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, həm kreditorun, həm də borclunun mənafeləri nəzərə alınaraq, cərimə məbləği endirilməli və 100 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Tətbiq edilən prosessual normalar:

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

36. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

37. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

39. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

40. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, 056A********** saylı kredit müqaviləsi üzrə əsas borca görə 23331,43 manat, faiz borcuna görə 3592.42 manat, cərimə borcuna görə 100 manat olmaqla, ümumilikdə 27023.85 manat məbləğində pul vəsaiti və dövlət rüsumunun əvəzi qismində 176,46 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC -yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

41. Həmçinin mülki iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************)

42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 056A********** saylı kredit müqaviləsi üzrə əsas borca görə 23331,43 manat, faiz borcuna görə 3592.42 manat, cərimə borcuna görə 100 manat olmaqla, ümumilikdə 27023.85 (iyirmi yeddi min iyirmi üç manat, səksən beş qəpik) manat məbləğində pul vəsaiti və dövlət rüsumunun əvəzi qismində 176,46 (yüz yetmiş altı manat, qırx altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC -yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar