Məhkəmə qərarları › İş №e-2(001)-5158/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5158/2022

12.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5158/2022 12.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit borcunun qaytarılması tələbi barədə iddia ərizəsinə dair mülki işə 12 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 22 yanvar 2020-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən sonuncuya illik 16 faiz dərəcəsi ilə 36 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi bankla həmin tarixdə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh1 Cavabdeh2 kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliklərin icrası ilə bağlı eyni məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin, Cavabdeh2 tərəfindən bank qarşısındakı öhdəliklər lazımınca icra edilmədiyindən iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışına əsasən, 28 iyul 2022-ci il tarixə banka 14172,71 manat əsas, 2009,7 manat faiz, 1039,52 manat cərimə borcu yaranmışdır. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə yuxarıda göstərilən borc məbləğinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 142 manat məvləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, iddianı müdafiə etdiklərini bildirib, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışlar. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Cavabdeh2 22 yanvar 2020-ci il tarixli kredit müqaviləsinə əsasən kredit borcunu və faizləri ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyə əməl etməmiş, beləliklə də müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 22 yanvar 2020ci il tarixli kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsində borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 1039,52 manat məbləğində dəbbə pulunun məbləği azaldılaraq 992 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilməklə həmin müqavilə üzrə cavabdehlərdən müştərək qaydada 14172,71 manat əsas, 2009,7 manat faiz borcu, 992 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə İddiaçı ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 142 manat məbləğində pul vəsaitinin 141 manat hissəsi də müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 22 yanvar 2020-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 22 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 14172,71 manat əsas, 2009,7 manat faiz, 992 manat dəbbə borcu olmaqla, ümumilikdə 17174,41 manat məbləğində pul bəsaiti Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 141 manat məbləğində pul vəsaiti Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar