Məhkəmə qərarları › İş №e-2(001)-5162/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5162/2022

15.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5162/2022 15.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Abdulova İlahə Telman qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məkəməyə müraciət edərək, cəmi 7,270.74 manat - bundan 3,217.86 manat əsas, 1,385.29 manat faiz, 1,761.74 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 905.85 manat faiz borcu və iş üzrə ödənilmiş 92.7 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 dekabr 2014-cü il tarixli 1597/014 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 4000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən Cavabdehmüəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2022-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 7,270.74 manat təşkil edir. Bundan 3,217.86 manat əsas, 1,385.29 manat faiz, 1,761.74 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 905.85 manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin 12-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********258 saylı xx.xx.2018-ci il tarixli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Cavabdeh tərəfindən qeyd olunan (*** *** ** **, *** *** ** **) əlaqə nömrələrinə zəng olunsada nömrələrdən biri təyin olunmamış, digərinə zəng çatmamışdır. Bundan əlavə bildirilir ki, cavabdehin banka təqdim etdiyi yeni müqavilənin bağlanması ilə bağlı ərizəsi əsasında Bank tərəfindən 28 fevral 2019-cu il tarixli Fərmana uyğun olaraq yeni müqavilə hazırlanaraq bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi müraciət edilmiş, bildiriş göndərilmişdir (qoşmaya əlavə olunur). Lakin yeni müqavilənin bağlanması üçün cavabdeh tərəfindən müəyyən edilmiş müddətdə Banka müraciət edilmədiyindən, yeni müqavilə bağlamaqdan imtina etmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əlavə olaraq mülahizə formasında iddiaçı tərəfindən təqdim edilən yazılı etirazda göstərilmişdir ki, cavabdeh Salmanov X3 Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, iddia ərizəsinə 3 illik iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsi xahiş etmişdir. Lakin məlumat üçün bildirir ki, borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən “LPO” Texnika bank” ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən xx.xx.2018-ci il tarixində Binəqədi Rayon Məhkəməsinə müraciət edilmişdir. Cavabdehin kredit müqaviləsi müvafiq fərmanın təsir dairəsinə düşdüyündən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1452/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmış, həmin qərardad isə Bakı Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardadlara istinad etməklə demək olar ki, xx.xx.2018-ci il tarixində iddia müddəti kəsilmişdir. Həmçinin borclu Cavabdeh 25 oktyabr 2019-cu ildə borc məbləğinin restrukturizasiya olunmasına dair ərizə ilə fonda müraciət etmişdir. Cavabdehin banka ərizəsi əsasında bank tərəfindən 28 fevral 2019-cu il tarixli fərmana uyğun olaraq, yeni müqavilə hazırlanaraq, bu barədə dəfələrlə cavabdehə şifahi və yazılı müraciətlər edilmiş, bildirişlər göndərilmişdir. Cavabdeh fərmanın icrası ilə əlaqədar yeni müqavilənin bağlanması üçün Banka müraciət etsə də, müqavilə hazırlandıqdan sonra müxtəlif bəhanələr gətirərək, müqaviləni imzalamaqdan yayınmışdır. Qısacası bundan əvvəlki məhkəmə icraatı zamanı məhkəmə iddianı baxılmamış saxlamayıb qətnamə qəbul etmiş olsaydı və müştəri ərizəsinə əsasən restrukturizasiya müqaviləsini bağlasaydı bank icra icraatına xitam verəcəkdir. Bu barədə yazılı mülahizəsini məhkəməyə elektron qaydada təqdim etmişdir.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş, lakin xx.xx.2022-ci il tarixində məhkəməyə daxil olan etirazında xidməti məhdudiyyətləri ilə əlaqədar məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

5. Cavabdeh məhkəməyə ünvanladığı etirazında hal-hazırda Qarabağ zonasında olduğundan məhkəmə iclaslarında iştirak edə bilmədiyini, iclasların iştirakı olmadan keçirilməsini və iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

6. İddiaçı ASC ilə borcalan Cavabdeh arasında imzalanmış 16 dekabr 2014-cü il tarixli, 1597/014 saylı istehlak kredit müqaviləsindən görünür ki, borcverən şəxsi istehlak xərcləri üçün borc alana 24 ay müddətində, illik 27 % olmaqla, 4000 manat kredit verməyi, borcalan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.

7. LPO İddiaçı ASC tərəfindən verilən 22 iyul 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 16 dekabr 2014-cü il tarixli, 1597/014 saylı kredit müqaviləsi üzrə 19 iyul 2022-ci il tarixinə banka 3217,86 manat əsas borcu, müqavilə müddəti üçün 1385,29 manat faiz borcu, borcun gecikdirilməsinə görə 905,85 gecikdirilmiş faiz borcu olmaqla, 7270,74 manat məbləğində borcu vardır.

8. LPO İddiaçı ASC tərəfindən borcluya ünvanlanan 26 iyul 2018-ci il tarixli bildirişdən görünür ki, ona 16 dekabr 2014-cü il kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixinədək yaranmış 3217,86 manat borc məbləğinin 5 gün müddətində ödənilməsi barədə məlumat verilmiş, borcun könüllü ödənilmədiyi təqdirdə borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir.

9. Əmanətlərin Sığortalanması Fondunun Kreditlərinin idarə edilməsi departamentinin direktoru tərəfindən xx.xx.2019-cu il tarixliyə cavab adı altında Cavabdeh ünvanlanan məktubun surətindən görünür ki, sonuncuya kredit borcununun restrukturizasiya olunması barədə ərizəsi əsasında ləğv prosesində olan İddiaçı ASC tərəfindən müvafiq fərman və qaydaların tələbləri daxilində restrukturizasiya müqaviləsi tərtib olunaraq sizə təqdim edilmiş, lakin tərəfinizdən həmin müqavilənin imzalanmasından imtina edilmişdir.

10. Cavabdeh tərəfindən Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru vəzifəsini icra edən Vüqar Abdullayevə ünvanlanan ərizədən görünür ki, 3217.86 manat əsas borcun restrukturizasiya olunması xahiş edilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-13362/2019 saylı qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1452/2019 saylı mülki işi üzrə qəbul etdiyi iddia ərizəsinin baxılmamış saxlanılması barədə xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

12. 28 iyul 2022-ci il tarixində iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 92,70 manat dövlət rüsumu ödənilmişdir.

13. Azərbaycan Respublikası Mərkəzi Bankı Problemli kredit məlumatlarının sorğulanması ilə bağlı elektron ünvandan olan çıxarışdan görünür ki, Cavabdeh 14 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə restrukturizasiya olunmalı məbləğ 3217,86 manat məbləğində müəyyən edilmişdir Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

14. İddiaçı ASC ilə borcalan Cavabdeh arasında 16 dekabr 2014-cü il tarixli, 1597/014 saylı kredit müqaviləsi imzalanmış və hər iki tərəf arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, bank tərəfindən X2 24 ay müddətinə, illik 27 % dərəcəsi ilə 4000 manat məbləğində kredit verilmiş, həmin kredit məbləği borcalan Cavabdeh tərəfindən qəbul edilmişdir. Bunun müqabilində borcalan krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.

15. Kredit müqaviləsinin müddəti 16 dekabr 2014-cü il tarixində başlanmış, 16 dekabr 2016-cı il tarixində bitmişdir.

16. İddiaçı ilk dəfə cavabdehə qarşı xx.xx.2018-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-1452/2019 saylı qərardadı ilə baxılmamış saxlanılmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-1336/2019 saylı qərardadı ilə qüvvədə saxlanılmışdır.İddia ərizəsinin baxılmamış saxlanılmasına əsas sözügedən kredit müqaviləsinin Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanının təsir dairəsinə düşməsi olmuşdur.

17. Cavabdeh iddia müddətinin ötürüldüyünə istinad edərək iddianın rədd edilməsini xahiş edir. İddiaçı iddia müddətinin ötürülmədiyi qənaətindədir. Belə ki, o hesab edir ki, onlar ilk dəfə vaxtında məhkəməyə müraciət etdiyindən və cavabdeh restrukturizasiya edilməsi barədə Banka müraciət etdiyindən iddia müddəti kəsilmişdir və iddia müddətinin axımı ən geci xx.xx.2019-cu ildən başlanmalıdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

19. 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir;

20. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir;

21. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır;

22. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır;

23. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir;

24. 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir;

25. 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər;

26. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

27. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

28. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

29. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz;

30. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür;

31. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

32. İşin müəyyən edilən hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Kredit müqaviləsi üzrə öhdəlik tam icra edilməsə də, iddia tələbi əsassızdır.

33. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

34. Bundan başqa Konstitusiya Məhkəməsinin Plenum Qərarında (L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli) göstərilmişdir ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.

35. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 )

36. İşin hallarından göründüyü kimi kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2016-cı il tarixində bitmişdir, iddiaçı ilk dəfə məhkəməyə müraciət edən zaman iddia müddəti ötürülməmişdir, həmin iddia ərizəsi üzrə mülki iş xx.xx.2019-cü ildə Fərmanın tətbiqi ilə bağlı baxılmamış saxlanılmışdır. Lakin iddiaçı Fərmanın icra müddətinin 31 dekabr 2019-cu il tarixdə bitməsinə baxmayaraq, yenidən iddia ərizəsi ilə məhkəməyə təqribən 2 il 8 ay sonra, yəni xx.xx.2022-ci il tarixdə müraciət etmişdir.

37. Halbuki Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-1336/2019 saylı qərardadında iddiaçının iddia müddəti ilə bağlı dəlillərinə münasibətdə məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qalarsa, hazırki qərardad yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Analoji müqavilələr üzrə mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası qeyd olunan fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin fərman məhz fiziki şəxslərin kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni fərman vətəndaşın mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş ağlabatan müddət bankların ziyanına istifadə oluna bilməz.

38. Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qərardadı qəbul edilən zaman iddiaçının hazırda istinad etdiyi iddia müddətinin kəsilməsi ilə bağlı dəlillərinin əsasını təşkil edən restrukturizasiya barədə(ərizə xx.xx.2019-cu ildə Ləğv Prosesində olan İddiaçı ASC-yə daxil olmuşdur) ərizə artıq mövcud idi və iddiaçıya iddia müddəti ilə bağlı məhkəmənin mövqeyi aydın olmuşdur. Buna baxmayaraq iddiaçı fərmanın icrası vaxtının bitməsi tarixindən 2 il 8 ay sonra yenidən məhkəməyə müraciət etmişdir və məhkəmə hesab edir ki, həmin müddət ağlabatan və zəruri prosedurlara sərf edilməli olan vaxt hesab edilə bilməz.

39. Çünki iddia müddəti birincisi hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikincisi iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır.

40. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

41. Bundan başqa Mülki Məcəllənin iddia müddətinin axımının kəsilməsi ilə bağlı 380-ci maddəsində qeyd edilmişdir ki, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

42. Normanın məzmunundan göründüyü kimi müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur və mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi; əsas borc üzrə faizin köçürülməsi; kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər.

43. Məhkəmə göstərilən normaların işin hallarına uyğunluğu baxımından o qənaətə gəlir ki, cavabdehin məlum fərmanın icrası proseduru zamanı borc məbləğinin restrukturizasiya olunmasına dair ərizəsi iddia müddətinin axımını kəsə bilməz.

44. Belə ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 6.9-cu bəndində qeyd edilmişdir ki, Kredit təşkilatları vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını bu Qaydanın tələblərini nəzərə almaqla təklif edirlər. Həmin qaydaların 6.15-ci bəndində göstərilmişdir ki, kredit təşkilatları tərəfindən bu Qaydaya əsasən restrukturizasiya olunmuş kredit borcları üzrə əvvəlki kredit müqaviləsinə xitam verilir və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülür. Həmin qaydaların 6.16-cı bəndində göstərilmişdir ki, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır.

45. Göründüyü kimi Fərmanın icrası ilə bağlı qaydalara görə restrukturizasiya olunmuş yeni kredit müqaviləsinin bağlanması borcun etirafı barədə deyil, müqavilənin şərtlərinin dəyişdirilməsi qaydalarına uyğun olaraq tərəflərin razılığı ilə şərtləndirilmişdir. Qeyd edilən təklif və ərizə tərəflərin razılığını ifadə edən prosedur qaydası kimi müəyyən edilmişdir. Bu səbəbdən cavabdehin ərizəsi öhdəliyin icrası üçün möhlət istənməsi və ya borcun etirafı kimi qəbul edilməməlidir. Belə ki, bu cür təklifin göndərilməsi Fərmanın göstərişindən irəli gəlir.

46. Bundan başqa müəyyənləşdirilmiş qaydada iddia ərizəsinin irəli sürülməsi iddia müddətinin axımının kəsilməsinə səbəb ola bilər, əks halda, yəni prosessual qanunvericiliyin tələblərin uyğun olmayan formada iddianın verilməsi iddia müddətinin axımını kəsə bilməz. Müəyyən edildiyi kimi iddiaçının ilk iddia ərizəsi prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün baxılmamış saxlanılmışdır.

47. Odur ki, məhkəmə hesab edir ki, iddia müddəti ötürüldüyündən və üzrsüz səbəbə görə ötürüldüyündən iddia tələbi rədd edilməlidir. Tətbiq edilən prosessual normalar:

48. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

49. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

52. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

53. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar