Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5163/2022 18.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 18 oktyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 50000 manat məbləğində borcun, habelə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 24 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, onunla cavabdeh arasında 25 sentyabr 2021-ci il tarixdə notariat ofisində kredit müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən, o, 50000 manat pulu borc olaraq cavabdehə verməyi, cavabdeh isə həmin məbləğdə pulu 25 mart 2022-ci il tarixədək ona geri ödəməyi öhdəsinə götürmüşdür. O, müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etmiş, 50000 manat pulu notariusun bankda olan depozit hesabına köçürmüş, bu barədə ona qəbz də verilmişdir. Lakin, cavabdeh müqavilədə nəzərdə tutulan son müddət bitməsinə baxmayaraq, hal-hazıradək pulu geri ödəməmişdir. Cavabdehlə pul münasibətləri daha əvvəllər də mövcud olmuş, lakin cavabdeh daim aldığı pulu geri ödəmişdir. Hazırki məbləğ ödənilmədiyindən o, iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə yaşayış yeri üzrə poçt vasitəsilə məhkəmə bildirişi, mobil telefonuna elektron məhkəmə sistemi vasitəsi ilə sms xəbərdarlıq göndərilmiş, habelə cavabdehin şəxsi elektron kabinetinin mövcud olması və onun həmin kabinet vasitəsilə iddia ərizəsi ilə tanış olmaq, məhkəmənin gedişindən xəbərdar olmasının mümkün olduğu müəyyən edilmişdir. Lakin, cavabdeh məhkəmə iclaslarına gəlməmiş, iddia ərizəsinə yazılı münasibət bildirməmişdir. Belə olan halda, Mülki Prosessual Məcəllənin tələbləri nəzərə alınmaqla məhkəmə iddia ərizəsinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan Bakı şəhəri 23 saylı notariat ofisində bağlanmış 25 sentyabr 2021-ci il tarixli “kredit müqaviləsi”ndən görünür ki, həmin tarixdə İddiaçı Cavabdeh 50000 manat məbləğində pulu notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə borc verməyi, Cavabdeh isə krediti 25 mart 2022-ci il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 25 sentyabr 2021-ci il tarixli “Xəzinə mədaxil orderi”ndən görünür ki, həmin tarixdə İddiaçı 23 saylı notariat ofisinin xüsusi notariusu X2 adına açılmış hesaba 50000 manat pulu mədaxil etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. İddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəllənin 739.1ci maddəsi təşkil edir ki, həmin maddəyə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Hazırkı işdə də qeyd olunan maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, tərəflər arasında borc müqavilənin bağlanması yazılı qaydada tərtib olunmuş və notariat qaydasında təsdiq olunmuş müqavilə ilə təsdiq olunur. Eyni zamanda müqavilədə göstərilən borc alan tərəfindən borcu qaytarmaq şərti cavabdeh tərəfindən yerinəyetirilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı həmin müqavilə üzrə 50000 manat borcun geri qaytarılmasını tələb etməkdə haqlıdır və ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 240 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası təmin edilsin. 50000 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 240 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-5163/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5163/2022
18.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver