Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5167/2022 18.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayədəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Yelo Bank" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsini ləğv edilməsi, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 13 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 6366.92 AZN əsas borc, 21.55 AZN faiz, 17.06 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 6405.53AZN və 84.06 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 13 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 1 faizlə 60 ay müddətinə 9201.96 AZN kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 ilə 13 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2022-ci il iyulun 15-dək Cavabdeh2 banka 13 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 6366.92 AZN əsas borc, 21.55 AZN faiz, 34.11 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 6422.58 AZN borcu vardır.Cavabdeh2 13 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 34.11 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 17.06 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, borc məbləği 2019-cu ildə restrukturizasiya olunmuşdur. Kredit məbləği ümumilikdə 9201 manatdır. Cavabdeh bu ilin sentyabr ayının 15-i tarixində 84 manat ödəniş edib. Ona görə də, yeni maliyyə arayışını təqdim etmişdir. Belə ki, cavabdehin ödədiyi məbləğ əsas borcdan silinmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
5. Kredit verən bank "xxxx" ASC ilə kredit alan Cavabdeh2 arasında bağlanmış 13 dekabr 2019-cu il tarixli, 27-M-1-0-65-14 saylı kredit müqaviləsindən və kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, kreditor borcalana 60 ay müddətinə, illik 1 % dərəcəsi ilə, aylıq ödəniş 195,65 (1 il güzəşt müddətində 7,67 manat) manat olmaqla, 9201,96 manat məbləğində kredit verməyi, borcalan isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair öhdəlik götürmüşdür.
6. Kredit verən bank "xxxx" ASC ilə kredit alan Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 13 dekabr 2019-cu il tarixli, 27-M-1-0-636-14 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 Cavabdeh2 ilə bank arasında bağlanmış 13 dekabr 2019-cu il tarixli, 27-M-1-0-65-14 saylı kredit müqaviləsinə əsasən kredit almış borcalanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürür.
7. "xxxx" ASC tərəfindən təqdim edilən maliyyə arayışına əsasən Cavabdeh2 13 dekabr 2019-cu il tarixli, 27-M-1-0-65-14 saylı kredit müqaviləsi üzrə 15 iyul 2022-ci il tarixinə 6366,92 manat əsas borc, 21,55 manat faiz borcu, 34,11 manat cərimə borcu olmaqla, ümumilikdə 6422,58 manat borc hesablanmışdır.
8. "xxxx" ASC tərəfindən təqdim edilən maliyyə arayışına əsasən Cavabdeh2 13 dekabr 2019-cu il tarixli, 27-M-1-0-65-14 saylı kredit müqaviləsi üzrə 18 oktyabr 2022-ci il tarixinə 6282,86 manat əsas borc, 37,91 manat faiz borcu, 119,53 manat cərimə borcu olmaqla, ümumilikdə 6440,3 manat borc hesablanmışdır.
9. "xxxx" ASC tərəfindən təqdim edilən maliyyə arayışına əsasən Cavabdeh2 tərəfindən 13 dekabr 2019-cu il tarixli, 27-M-1-0-65-14 saylı kredit müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixində 84,06 manat ödəniş edilmiş, ödənilən məbləğ əsas borcdan silinmişdir.
10. "xxxx" ASC-nin cavabdehlərə ünvanlanan 29 iyun 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclulara 13 dekabr 2019-cu il tarixli, 27-M-1-0-65- 14 saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, ondan yaranmış borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi və kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir.
11. 21 iyul 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 84,06 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
12. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı Kredit verən bank "xxxx" ASC ilə kredit alan Cavabdeh2 arasında bağlanmış 13 dekabr 2019-cu il tarixli, 27-M-1-0-65-14 saylı kredit müqaviləsi ilə bank müştəriyə 60 ay müddətinə, illik 1 % dərəcəsi ilə 9201,96 manat məbləğində kredit verilmişdir.
13. Cavabdeh– zamin Cavabdeh1 isə borc alanın kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borcalanla birgə öz üzərilərinə götürmüşdürlər.
14. İddiaçı cavabdehlərin Banka borcunun yarandığını iddia edir və həmin məbləği cavabdehlərdən müştərək qaydada tələb edir.
15. Yelobank” ASC tərəfindən təqdim edilən xx.xx.2022-cil tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh2 kredit müqaviləsi üzrə 15 iyul 2022-ci il tarixinə 6366,92 manat əsas borc, 21,55 manat faiz borcu, 34,11 manat cərimə borcu olmaqla, ümumilikdə 6422,58 manat borc hesablanmışdır.
16. Daha sonra xx.xx.2022-ci il tarixində borclu tərəfindən kredit müqaviləsi üzrə 84,06 manat ödəniş edilmişdir ki, həmin mələğ əsas borcdan çıxılmış və "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixinə təqdim edilən maliyyə arayışına əsasən isə 13 dekabr 2019-cu il tarixli, 27-M-1-0-65-14 saylı kredit müqaviləsi üzrə 18 oktyabr 2022-ci il tarixinə 6282,86 manat əsas borc, 37,91 manat faiz borcu, 119,53 manat cərimə borcu olmaqla, ümumilikdə 6440,3 manat borc hesablanmışdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
18. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
19. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
20. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
21. 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ;
22. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
23. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
24. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
25. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;
26. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar;
27. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır;
28. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər;
29. Göründüyü kimi, Cavabdeh2 iddiaçı ilə arasında bağlanmış kredit müqaviləsi üzrə ona verilən kredit məbləğini qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilə üzrə öhdəliyini lazimi qaydada icra etməmişdir.
30. Odur ki, borcalanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu ödəməli, digər Cavabdeh1 zamin kimi Cavabdeh2 kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, borcalanla birlikdə kreditor qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdır.
31. Beləliklə iddiaçı 13 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 6366,92 manat, faiz borcuna görə 21,55 manat, cərimə borcuna görə 17,06 manat tələb etsə də, onun tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, kredit müqaviləsi üzrə əsas borca görə qalıq məbləği 6282,86 manatdır.
32. Odur ki, məhkəmə iddia tələbinin həddi ilə bağlı olduğundan, 13 dekabr 2019-cu il tarixli restrukturizasiya olunmuş kredit müqaviləsi üzrə tutulmalı olan qalıq əsas borc maliyyə arayışında olduğu kimi 6282,86 manat məbləğində, faiz və cərimə borcu isə iddia tələbi həddində tutulmalıdır.
33. Bundan başqa, məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsaslıdır.
34. Belə ki, Azərbaycan Respublikası MM-nin:
35. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
36. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
37. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borcalan öhdəliyini müqavilədə nəzərdə tutulmuş qaydada ödəmədiyinə görə, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə də təmin edilməlidir. Tətbiq edilən prosessual normalar:
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
39. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
40. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
41. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
42. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
43. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanan 13 dekabr 2019-cu il tarixli, 27-M-1-0-65-14 saylı kredit müqaviləsi ləğv edilməli, 13 dekabr 2019-cu il tarixli, 27-M-1-0-65-14 saylı kredit müqaviləsi üzrə əsas borca görə 6282,86 manat, faiz borcuna görə 21,55 manat, cərimə borcuna görə 17,06 manat olmaqla, ümumilikdə 6321,47 manat məbləğində pul vəsaiti və 84,06 (səksən dörd manat, altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.
44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanan 13 dekabr 2019-cu il tarixli, 27-M-1-0- 65-14 saylı kredit müqaviləsi ləğv edilsin. 13 dekabr 2019-cu il tarixli, 27-M-1-0-65-14 saylı kredit müqaviləsi üzrə əsas borca görə 6282,86 manat, faiz borcuna görə 21,55 manat, cərimə borcuna görə 17,06 manat olmaqla, ümumilikdə 6321,47 (altı min üç yüz iyirmi bir manat, qırx yeddi qəpik) manat məbləğində pul vəsaiti və 84,06 (səksən dörd manat, altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev