Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5183/2025 06.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədli Fərid Elçin oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «su axıntısı ilə əlaqədar dəymiş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 2596 manat pulun, mənəvi ziyana görə 500 manat pulun, vəkillə bağladığı müqaviləyə əsasən ona ödədiyi 326 manat pulun, “Məhkəmə Ekspertizası Xidmətləri“ MMC yə xidmət haqqı kimi ödədiyi 200 manat pulun, məhkəmənin hesabına ödədiyi dövlət rüsumu olan 57 manat pulun, cəmi 3679 manat pulun Cavabdeh onun xeyrinə tutulması, mənzilinə axıdılan suyun mənbəyi tapılaraq cavabdehin hesabına düzəldilməsi və evə axıdılan su axıntısına son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil xx.xx.1995-ci ildən onun mülkiyyətindədir. 1995-ci ildən o, məzilini tam təmir etdirmişdir. Onun mənzili 2-ci mərtəbədə yerləşir. 3-cü mərtəbədə yaşayan qonşusu Cavabdeh axırıncı illərdə dəfələrlə su vintilini açıq qoyaraq suyu onun mənzilinə axıtmışdır. Əvvəllər qonşuluq xatirinə onun verdiyi vədlərə inanaraq gözləmiş ki, o, su axınının qarşısını alsın ki, öz mənzilini təmir etsin. Ancaq son zamanlar o, mənzilini kirayə verərək su axının qarşısını almaq fikrindən daşınmışdır. Su axını o dərəcədə güclənmişdir ki, həm onun mənzilini, həm də bayıra açılan qapı hissədə üst tavan pis vəziyyətə düşmüşdür. Cavabdeh dəfələrlə zəng etsə də, zənglərinə əhəmiyyət verməmişdir. 1 saylı MKİS-nin rəisi ona dəfələrlə zəng etsə də, o, su axınının qarşısını almaq üçün tədbir görməmişdir. Bu barədə 1 saylı MKİS tərəfindən xx.xx.2025-ci il tarixli AKT tərtib edilmişdir. Bundan sonra o, “Məhkəmə Ekspertizası Xidmətləri“ MMC-yə xx.xx.2025-ci il tarixdə müraciət etmiş və onlardan xahiş etmiş ki, mənzilinə baxış keçirilsin və dəymiş zərər hesablansın. 07 iyul 2025 il tarixli rəyə əsasən ona dəymiş ziyan 2596 manatdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkili) izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli, 16189 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova küçəsi, 15 saylı evin, 3 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına hüquqi qeydiyyatdan keçmişdir. Bu barədə reyestr kitabında 26 sentyabr 1995-ci il tarixdə 30/16189 nömrə ilə qeydiyyat aparılmışdır. 1 saylı MKİS-in rəisi S.Ş.Quliyev, mühəndis Ə.Əliyev, sahə nəzarətçisi M.Sarıyev, çilingər Y.Əliyevin iştirakı ilə tərtib edilmiş 18 iyun 2025-ci il tarixli aktdan görünür ki, Binəqədi rayon 8-ci MKR-n Ş.Məmmədova küçəsi 15 saylı binanın 3-cü mənzilinin mülkiyyətçisi vətəndaş X1 şikayət ərizəsi əsasında onun mənzilinə üst mərtəbədə yerləşən 5-ci mənzildən su axtısı olması faktının aşkarlanaraq dəqiqləşdirilməsi üçün yerində baxış keçirilmişdir. Keçirilmiş baxış nəticəsində aşkar edilmişdir ki, mənzilə həqiqətən su axıntısı olmuşdur, mənzilin dəhlizində və mətbəxinin tavan və divarında axıntı yerləri aşkar görünür, divar kağızlarının bir hissəsi qoparaq divardan ayrılmışdır. Eyni zamanda yuxarı mənzildən axan su səbəbindən pilləkən qəfəsinin divarlarında boya və şpaklevka örtüyünün aşınaraq qopması müşahidə edilmişdir. Su axıntısı nəticəsində mənzildən və pilləkən qəfəsində təmir işlərinə ehtiyac yaranmışdır. Ş.Məmmədova küçəsi 15 saylı binanın 3-cü mərtəbəsində yerləşən 5-ci mənzil vətəndaş Cavabdeh şəxsi mülkiyyətidir, mənzildə kirayəçilər yaşayır. Cavabdehlə dəfələrlə telefon əlaqəsi (***-***-**- **) saxlanılmış, mövcud vəziyyət ona izah edilmiş və bildirilmişdir ki, mənzilində yubanmadan su və kanalizasiya xətlərinin əsaslı təmir edilməsini təmin etməli, aşağı mərtəbədə yerləşən mənzilə su axıntısının qarşısı alınmalıdır. 1 saylı MKİS-in rəisi S.Ş.Quliyev tərəfindən İddiaçı şikayətinə xx.xx.2025-ci il tarixli, 60 nömrəli cavab məktubundan görünür ki, mənzilə su axıntısı olması ilə əlaqədar olaraq MKİS-in əməkdaşları tərəfindən yerində baxış keçirilmiş və üst mərtəbədə yerləşən 5-ci mənzildən su axıntısı olması təsdiqini tapmışdır. 5-ci mənzilin sahibi Cavabdeh bu haqda telefon əlaqəsi saxlanaraq bildirilmiş və mənzilində yubanmadan su və kanalizasiya xəttlərinin əsaslı təmir etməsi tələb olunmuşdur. Mənzilə su axıntısı olması haqda akt tərtib edilmiş, mənzilə dəymiş maddi və mənəvi zərərin qarşılanması üçün məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 07/02-184/25 nömrəli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova küçəsi, 15 saylı evin, 3 saylı mənzilində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli tikinti-təmir və bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 2596,0 (iki min beş yüz doxsan altı) manat məbləğində müəyyən olunur. "xxxx" MMC-yə məxsus 10 iyul 2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına 200 manat məbləğində vəsait ödənilmişdir. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun xx.xx.2025-ci il tarixli, 29 nömrəli arayışından görünür ki, İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində hüquqlarının müdafiəsi üçün vəkil Nümayəndə ilə EM-72VK-33549/25 saylı müqavilə bağlanmış və həmin müqavilə üzrə İddiaçı tərəfindən 326 manat məbləğində xidmət haqqı ödənilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına 57 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk olaraq iddia tələbinin maddi zərərin ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidirlər. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Zərər vurmaq faktını mülki hüquq pozuntusu kimi qəbul etmək üçün lazımi şərtlərin olması vacibdir ki, həmin şərtlər qanunda göstərilmişdir. Qanunun müəyyən etdiyi şərtlərə cavab verməyən zərər vurmaq (delikt) faktı mülki hüquq pozuntusu hesab edilə və belə halda delikt məsuliyyəti tədbiri, yəni zərəri ödəmək formasında mülki-hüquqi sanksiya tətbiq oluna bilməz. Qanunun müəyyən etdiyi həmin şərtlər Mülki Məcəllənin 1096-cı maddəsində göstərildiyi kimi, zərərvuranın hüquqa zidd əməli; hüquqa zidd əməl ilə zərər arasında səbəbli əlaqə; və zərər vuranın təqsiridir. Göstərilən üç hal birləşərək zərər vurma faktını mülki hüquq pozuntusu (delikt) kimi qiymətləndirməyə imkan verir və həmin şərtlər əsas delikt anlayışının məzmununa daxildir. Başqa sözlə, bu hallar deliktə görə məsuliyyətin ümumi şərtlərini müəyyən edir. Mülki Məcəllənin 1108-ci maddəsində nəzərdə tutulan delikt məsuliyyətinin subyekti kimi yüksək təhlükə mənbəyinin sahibi çıxış edir. Yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxs həmin mənbənin sahibi sayılır və onun vurduğu zərərin əvəzini ödəməyə borcludur. Qanun zərərin əvəzini ödəmək vəzifəsini məhz onun üzərinə qoyur. Beləliklə, yüksək təhlükə mənbəyinin sahibi üçün iki əlamət xarakterikdir – hüquqi əlamət; maddi əlamət. Hüquqi əlamətin mahiyyəti ondan ibarətdir ki, yüksək təhlükə mənbəyinin sahibinin həmin mənbəyə sahiblik etməsi, yəni müvafiq fəaliyyəti həyata keçirməsi üçün hər hansı qanuni titula (qanuni əsasa) əsaslanması tələb olunur. Hər şeydən əvvəl bu cür qanuni titul kimi mülkiyyət hüququ və digər əşya hüququ çıxış edə bilər. Mülkiyyətçinin iradəsi ilə müəyyən obyektə sahiblik mülki-hüquqi müqavilə əsasında digər fiziki və hüquqi şəxslərə keçə bilər ki, bu zaman onlar həmin obyektin qanuni sahibi olurlar. Söhbət icarə, əmlak kirayəsi, saxlama, daşıma və digər müqavilələrdən, nəqliyyat vasitələrinin idarəedilməsi üçün verilmiş etibarnamələrdən gedir. Mülki-hüquqi müqavilə yüksək təhlükə mənbəyinin sahibliyinin bir şəxsdən digərinə keçməsinə səbəb olur. Sahibliyin keçməsi ilə əlaqədar yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə məsuliyyət də yeni sahibə keçir. Maddi əlamətin mahiyyəti ondan ibarətdir ki, təhlükəli obyektə faktiki sahiblik edən, öz sahibliyində real olaraq təhlükə mənbəyinə malik olan şəxs yüksək təhlükə mənbəyinin sahibi hesab olunur. Bu əlamətə görə, zərər vurmaq xassəsinə malik olan obyektə, yəni yüksək təhlükə mənbəyinə faktiki sahiblik edən, bu obyektən istifadə edən şəxs vurulan zərər üçün məsuliyyət daşıyır. Maddi şərt yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. İşin müəyyən edilən hallarından belə görünür ki, iddiaçının ünvan 2 ünvanda ikinci mərtəbədə yerləşən mənzilinə üçüncü mərtəbədə yerləşən qonşusu Cavabdeh mənzilindən suyun onun mənzilinə axıdılması halları baş vermiş, bununla bağlı 1 saylı MKİS-in rəisi S.Ş.Quliyev tərəfindən baxış keçirilmiş və baxış zamanı mənzilə həqiqətən su axıntısının olması, mənzilin dəhlizində və mətbəxinin tavan və divarında axıntı yerlərinin aşkar görünməsi, divar kağızlarının bir hissəsinin qoparaq divardan ayrılması, eyni zamanda yuxarı mənzildən axan su səbəbindən pilləkən qəfəsinin divarlarında boya və şpaklevka örtüyünün aşınaraq qopması müşahidə edilmişdir. Su axıntısı nəticəsində mənzildən və pilləkən qəfəsində təmir işlərinə ehtiyac yaranmışdır. Həmin binanın 3-cü mərtəbəsində yerləşən 5-ci mənzilin sahibi Cavabdeh şəxsi mülkiyyətində olduğundan, onunla dəfələrlə telefon əlaqəsi (***-***-**-**) saxlanılmış, mövcud vəziyyət ona izah edilmişdir. Sonda isə qeyd edilən faktla bağlı MKİS-nin əməkdaşlarının imzası ilə 18 iyun 2025-ci il tarixli akt tərtib edilmişdir. Həmçinin "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 07/02-184/25 nömrəli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova küçəsi, 15 saylı evin, 3 saylı mənzilində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli tikinti-təmir və bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 2596,0 (iki min beş yüz doxsan altı) manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə iş üzrə verilən ekspert rəyini sübut növü kimi qəbul edir və onunla razılaşır. Yuxarıda qeyd olunanlardan görünüdüyü kimi cavabdeh törətdiyi mülki hüquq pozuntusuna (deliktə) görə iddiaçının qarşısında mülki məsuliyyət daşıyır və iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, dəymiş maddi zərərin məbləği müəyyən edilməklə cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Yəni iddiaçının ona vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü halların məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Beləliklə, məhkəmə "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 07/02-184/25 nömrəli mütəxəssis rəyini və məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sübutları tədqiq edərək hesab edir ki, vurulmuş maddi zərərin əvəzi olaraq Cavabdeh İddiaçı xeyrinə 2590 manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə həmçinin iddia tələbinin 500 manat mənəvi zərərin ödənilməsi ilə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə, əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyriəmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Qeyd edilən xüsusatlardan da aydın olur ki, Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Məhkəmə vurğulayır ki, mənəvi zərər məhz bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda da kompensasiya edilir. Məhkəmə insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının bilavasitə zərər vuran şəxs tərəfindən pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirə bilməsini, hazırki işdə isə cavabdeh tərəfindən iddiaçının hər hansı bir şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulmasına yönələn hərəkətlər edilməsinin müəyyən edilməməsini nəzərə alaraq, iddiaçının iddia tələbində bununla bağlı istinad etdiyi halların əsassız olması qənaətinə gəlir və belə hesab edir ki, iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində əsassız olduğundan rədd edilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq İddiaçı xeyrinə 2596 manat məbləğində pul vəsaiti tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1-cı maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə hesab edir ki, mütəxəssis rəyinin alınması ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 200 manat, hüquqi yardıma görə 326 manat məbləğində pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 57 manatın 45,96 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 2596 (iki min beş yüz doxsan altı) manat məbləğində pul vəsaiti, 200 (iki yüz) manat məbləğində xidmət haqqı, hüquqi yardıma görə ödənilmiş 326 (üç yüz iyirmi altı) manat məbləğində pul vəsaiti və 45,96 (qırx beş manat 96 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-5183/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5183/2025
06.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver