Məhkəmə qərarları › İş №e-2(001)-5191/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5191/2024

10.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5191/2024 10.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəməyə müraciət etdiyi tarixdən başlayaraq 21 sentyabr 2018-ci il təvəllüdlü qızı X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh onun xeyrinə hər ay sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat miqdarında alimentin və əlavə xərclərə (təhsil xərcləri) görə 100 (yüz) manat, cəmi 335 (üç yüz otuz beş) manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında olan nikahları Binəqədi rayon məhkəməsinin 2(001)-4133/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında pozulmuşdur. Həmin qətnaməyə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq 21 sentyabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh onun xeyrinə hər ay sabit pul məbləğində 193 manat miqdarında aliment tutulmalıdır. Hazırda qızı Tamara Hüseynzadənin 6 yaşı var. Binəqədi rayon məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunan aliment məbləği uşaqın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alacaq və ona görə də məsrəfləri yetərincə artacaq. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu dəyişdirilərək 2024-cü ildə hər uşaq üçün 270 manat müəyyən olunmuşdur. Onu da qeyd edir ki, cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır, hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti davamlı olaraq ödəmir. Uşağın bütün ehtiyaclarını tamamilə özü çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbatı artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətndir. Qanunvericiliyin tələbinə uyğun olaraq mediasyia təşkilatına müraciət etmiş. Cavabdeh aliment ödəməyəcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlə əlaqəsi yoxdur. O, hərdən gəlib görür uşağı. Uşağın böyüdükcə məktəb xərcləri çoxalır. Hazır uşaq 1-ci sinifə gedir. Bununla yanaşı uşaq əlavə hazırlıqlara da, gedir. Atası isə bu xərclərdə ona köməklik etmir. Göstərdiklərini nəzərə alaraq iddianın təmin ediməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışdır. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(001)- 4133/2022 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış vo Ağcabədi rayonu İHB-nin Boyat kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 26 dekabr 2017-ci il tarixdə 12 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 21 sentyabr 2018-ci il təvəllüdlü X3 İddiaçı yanında qalması, 21 sentyabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulması, aliment məbləğinin 07 iyun 2022-ci il tarixdən hesablanması və bu zaman Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(001 )-4133/2022 saylı qərardadına əsasən Cavabdeh müvəqqəti olaraq tutulmuş alimentin miqdarının nəzərə alınması, Cavabdeh mediatora ödənilmiş haqqın 25 (iyirmi beş) manat hissəsinin və ödənilmiş dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsinin əvəzi İddiaçı xeyrinə tutulması və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. 24 dekabr 2022-ci il tarixli, AZ-İ 436758 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. “Elektron məhkəmə” informasiya sistemində olan baza məlumatlarından çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də mühasib vəzifəsində çalışır və onun aylıq əmək haqqısı 345 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 76.1 və 76.1.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın (başqa gəlirlərin) dörddə-bir hissəsi miqdarında aliment tutulur. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin mövqeyi: İş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(001)-4133/2022 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış vo Ağcabədi rayonu İHB-nin Boyat kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 26 dekabr 2017-ci il tarixdə 12 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 21 sentyabr 2018-ci il təvəllüdlü X3 İddiaçı yanında qalması, 21 sentyabr 2018ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulması, aliment məbləğinin 07 iyun 2022-ci il tarixdən hesablanması və bu zaman Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(001 )-4133/2022 saylı qərardadına əsasən Cavabdeh müvəqqəti olaraq tutulmuş alimentin miqdarının nəzərə alınması, Cavabdeh mediatora ödənilmiş haqqın 25 (iyirmi beş) manat hissəsinin və ödənilmiş dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsinin əvəzi İddiaçı xeyrinə tutulması və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçının iddia tələbinin bir hissəsi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibari ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Həmçinin, qanunvericiliyin tələblərinə əsasən uşağın qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi aşağıdakı kimi olmuşdur: “Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bunun görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, müsiqi ilə məşqul olubolmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. ...Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir”. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında 8.13-cü bəndində göstərilmişdir ki, “...alimentin miqdarının artırılması barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən edildikdən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliklərin olduğunu müəyyən etməlidir...”. Həmin Qərarın 8.14-cü bəndində qeyd edilmişdir ki, “məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.”. Məhkəmə cavabdehin alimentin artırılması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Məhkəmə həmçinin yuxarıda qeyd edilən qanunvericiliyin tələbləri baxımından cavabdehin yenidən faktiki nikaha girməsi və həmin nikahdan bir övladının olması səbəbindən alimentin təyin edilməsində bu faktın nəzərə alınmasına münasibətdə qeyd edir ki, bu hallar cavabdehi hazırki iş üzrə iddiaçı ilə bağlanmış nikahlarından dünyaya gələn övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir və həmin uşaqların layiqli həyat səviyəsində yaşaması, əvvəlki yaşayış şərtlərinin maksimum həddə qorunması hazırki mübahisənin həlli ilə bağlı ən mühüm məsələdir. Məhkəmə iddia tələbinin alimentin artırılması hissəsini əsaslı sayaraq hesab edir ki, hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı əvvəlki ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən, uşaqlar böyüdükcə onların saxlanması üçün çəkilməli olan xərclərin həcmi də böyüyür. Eyni zamanda, məhkəmə onu da qeyd edir ki, alimentin cavabdehin aylıq qazancından müəyyən hissələrdə deyil, sabit pul məbləğində tutulmasına yalnız iddiaçının (aliment alanın) razılığı ilə yol verilir. Hazırki halda da iddiaçı alimentin sabit pul məbləğində tutulması tələbi ilə çıxış edir. Belə olan halda məhkəmə “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək iddiaçı ilə cavabdehin birgə nikahdan olan yetkinlik yaşına çatmamış uşaqlarının mənafeyininin üstünlüyünü, maraqlarını, normal, yəni qida rasionlarına uyğun qidalanmaları, geyimləri, istirahətlərinin səmərəli təşkili, habelə təhsilləri ilə bağlı xərcləri nəzərə alaraq, hesab edir ki, əvvəlki qətnamə ilə müəyyən edilmiş miqdarda alimentin miqdarının artırılmaqla, 21 sentyabr 2018-ci il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməli və qətnamə qanuni qüvvəyə mindiyi gündən icra edilməlidir. Məhkəmə həmçinin iddia tələbinin alimentin tutulmasının iddia ərizəsinin məhkəməyə müraciət edildiyi gündən tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, alimentin artırılmış miqdarının tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən icra edilməlidir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə həmçinin iddia tələbinin cavabdehdən iddiaçının xeyrinə əlavə xərclərə görə (təhsil xərcləri) 100 manat məbləğində pulun tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenum 27 yanvar 2015-ci il tarixli qərarına əsasən “Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları bir-birindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. Müraciətdə göstərilənlərlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, təhsil cəmiyyətin və dövlətin inkişafında mühüm rol oynayan, strateji əhəmiyyəti ilə fərqlənən fəaliyyət sahəsidir. Təhsil hüququ vətəndaşların əsas hüquqlarındandır. Belə ki, Konstitusiyanın 42ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır və dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun (bundan sonra - “Təhsil haqqında” Qanun) 19.4, 19.14 və 19.18-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Qanunun 22-ci maddəsi uşaqların icbari ümumi orta təhsildən yayındırılmasını qadağan edir. Valideynlərin uşağın təhsilində iştirakı ilə bağlı hüquqları və vəzifələri “Təhsil haqqında” Qanunda da göstərilmişdir. Həmin Qanunun 34-cü maddəsinə görə valideynlərin aşağıdakı hüquqları vardır: uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. Ailə Məcəlləsinin 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır.”. Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında əks olunan hüquqi mövqeyi nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı halda cavabdehdən əlavə olaraq 100 manat pulun tutulması üçün hüquqi əsas yoxdur. Belə ki, iddiaçı əlavə xərclərin cavabdehdən tutulmalı olmasına dair heç bir mötəbər sübut təqdim etməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, birgə nikahdan olan uşağın ümumi orta təhsil almasında hər hansı maneə yoxdur və o, sərbəst şəkildə təhsil alır. İddiaçının əlavə təhsil xərcinə ödədiyi vəsaiti isə məhkəmə təhsildən əlavə çəkilmiş xərc kimi qiymətlədirir. Bu hal isə seçim xüsusiyyətinə malik olmaqla və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olduğundan cavabdehin razılığı olmadan onun əlavə xərclərdə iştirakı və ondan bu məsələ ilə bağlı vəsaitin tələb olunması ədalətli deyil. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən iddiaçının xeyrinə təhsil xərcinə görə əlavə 100 manat məbləğində pulun tutulması hissəsində təmin edilə bilməz. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə və 1 illik ödəmənin məcmusu (əvvəli alimentin məbləği ilə hazırki qətnamə ilə müəyyən edilmiş məbləğ arasındakı fərq – 42 manat) 504 manat olduğuna (42 manat x 12 ay) və iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 25 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə, habelə, mediasiya xərcinin əvəzi kimi 50 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(001)-4133/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş 193 (yüz doxsan üç) manat məbləğində olan alimentin miqdarı artırılaraq, 21 sentyabr 2018-ci il təvəllüdlü X2 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment (qətnamə qanuni qüvvəyə mindiyi gündən) tutularaq İddiaçı ödənilməli, iddia qalan hissələrdə təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(001)- 4133/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş 193 (yüz doxsan üç) manat məbləğində olan alimentin miqdarı artırılaraq, 21 sentyabr 2018-ci il təvəllüdlü X2 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment (qətnamə qanuni qüvvəyə mindiyi gündən) tutularaq İddiaçı ödənilsin. 25 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə, 50 manat mediasiya xərci isə Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar