Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5223/2023 04.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndələri Nümayəndə2 və Nümayəndə3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin dəyişdirilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin dəyişdirilməsi" tələbinə dair iddia ərizəsi ilə, daha sonra isə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş sabit pul məbləğində alimentin məbləğini dəyişərək (artıraraq) cavabdehdən xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək 500 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh xx.xx.2018-ci ildə rəsmi nikaha daxil olmuş, bu nikahdan onların xx.xx.2019-cu il təvəllüdlü X4 adlı övladları dünyaya gəlmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, azyaşlı Pünhan onun himayəsində saxlanılmış və onun saxlanılması üçün 120 manat məbləğində aliment tutulması qət edilmişdir. Cavabdeh hazırda həkim kimi həm "xxxx" MMC-də, həm də Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsində işləyir və yüksək məbləğdə əmək haqqı alır. Hesab edir ki, 120 manat həddində müəyyən edilmiş alimentin məbləği artırılaraq 500 manat müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri iddia tələbini qəbul etməyərək bildirdilər ki, Cavabdeh ikinci dəfə ailə qurmuş və həmin nikahdan uşağı vardır. Əlavə olaraq o, kirayədə qalır, həmçinin kredit ödəyir. Odur ki, deyilənləri nəzərə alaraq iddianın təmin olunmamasını məhkəmədən xahiş etdilər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(020)-408/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə 5 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat Şöbəsində qeyd edilmş nikahın pozulması, tərəflərin birgə nikahlarından xx.xx.2019-cu ildə anadan olmuş Pünhanın anası İddiaçı yanında qalmasının müəyyən edilməsi, Beyləqan rayonu, Mil qəsəbəsində yaşayan Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2019-cu ildə anadan olan Pünhan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində 120 manat alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. AZ-İ seriyalı 380866 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah xx.xx.2021-ci il tarixdə ləğv edilmiş, nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 55 nömrə ilə qeyd edilmişdir. AZ-İV seriyalı 322848 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı, Bakı şəhəri 87 nömrəli tam orta ümumtəhsil məktəbində informatika müəllimi vəzifəsində işləyir, aylıq əmək haqqısı 837.33 manat təşkil edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdən ədliyyə orqanlarında xidmət edir. Hazırda o, Müalicə müəssisəsi tibb xidmətinin həkim-rezidenti vəzifəsində qulluq edir və 732,1 manat məbləğində əmək haqqı alır. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh "xxxx" MMC Təcili yardım həkimi vəzifəsində işləyir, portal əmək haqqısı 600 manat həcmindədir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, tibb xidməti kapitanı Cavabdeh Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində həqiqi hərbi xidmətdədir. AZ-İİ seriyalı 444263 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında olan nikah Beyləqan rayon qeydiyyat şöbəsində xx.xx.2021-ci il tarixdə bağlanmış və 184 nömrə ilə qeyd olunmuşdur. AZ-İV seriyalı 780007 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır. Bakı 2 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, iddiaçı alimentin artırılması tələbinə dair mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 50 manat İMS xərci, 10 manat dəftərxana poçt nəqliyyat xərci ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(020)-408/2021 saylı qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 120 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmuşdur. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay 120 manat sabit pul məbləğində alimentin tutulması haqqında Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(020)-408/2021 saylı qətnaməsinin qəbul edilməsindən 2 ildən artıq müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Beləliklə, məhkəmə, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu, cavabdehin nikahda olmasını, başqa uşağının olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(020)-408/2021 saylı qətnaməsi ilə tutulan 120 manat məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməli və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin miqdarda aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(020)-408/2021 saylı qətnaməsi ilə tutulan 120 manat məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin miqdarda aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-5223/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5223/2023
04.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver