Məhkəmə qərarları › İş №e-2(001)-5239/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5239/2022

18.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5239/2022 18.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 005A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada "xxxx" QSC-nin xeyrinə 6704.07 manat məbləğində kredit bоrcu, 80.79 manat məbləğində faiz bоrcu və 3705.94 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 10490,8 manat bоrcun və ödənilmiş 121.47 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 005A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% оlmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6708.97 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 4.9 manat ödəniş etmiş və оnun iddiaçıya 6704.07 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 537 gün üçün hesablanmış faiz borcu 80.79 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02 % məbləğində, lakin ümumi məbləği 5 il ərzində 0.1% artıq olmaması şərti ilə cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 537 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 3705.94 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, borc məbləği restrukturizasiya olunmuşdur.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

5. Kredit verən bank İddiaçı QSC ilə kredit alan Cavabdeh3 arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli, 005A********** saylı kredit müqaviləsindən və kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, kreditor borcalana 60 ay müddətinə, illik 1 % dərəcəsi ilə, aylıq ödəniş 143 (1 il güzəşt müddətində 5 manat) manat olmaqla, 6708,97 manat məbləğində kredit verməyi, borcalan isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair öhdəlik götürmüşdür.

6. Kredit verən bank İddiaçı QSC ilə kredit alan Cavabdeh3 və zamin- Cavabdeh1 arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli, 005G**********01 zaminlik müqaviləsindən görünür ki, zamin Zeynalabdiyeva X1 Elşad Vaqif oğlu ilə bank arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli, 005A********** saylı kredit müqaviləsinə əsasən kredit almış borcalanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürür.

7. Kredit verən bank İddiaçı QSC ilə kredit alan Cavabdeh3 və zamin- Cavabdeh2 arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli, 005G**********02 zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 Cavabdeh3 ilə bank arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli, 005A********** saylı kredit müqaviləsinə əsasən kredit almış borcalanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürür.

8. İddiaçı QSC tərəfindən təqdim edilən xx.xx.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh3 6708,97 manat məbləğində kredit verilmişdir.

9. İddiaçı QSC tərəfindən təqdim edilən maliyyə arayışına əsasən Cavabdeh3 29 dekabr 2019-cu il tarixli, 005A********** saylı kredit müqaviləsi üzrə 26 iyul 2022-ci il tarixinə 6704,07 manat əsas borc, 80,79 manat faiz borcu, 3705,94 manat cərimə borcu olmaqla, ümumilikdə 10490,8 manat borc hesablanmışdır.

10. İddiaçı QSC -nin cavabdehlərə ünvanlanan 16 iyul 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclulara 29 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, yaranmış borcun ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi və kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir.

11. 29 iyul 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 121,47 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

12. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı QSC ilə kredit alan Cavabdeh3 arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli, 005A********** saylı kredit müqaviləsi ilə bank tərəfindən müştəriyə 60 ay müddətinə, illik 1 % dərəcəsi ilə 6708,97 manat məbləğində kredit verilmişdir.

13. Cavabdeh– zaminlər Cavabdeh2 və Cavabdeh1 isə borc alanın kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borcalanla birgə öz üzərilərinə götürmüşdürlər.

14. İddiaçı cavabdehlərin Banka borcunun yarandığını iddia edir və həmin məbləği cavabdehlərdən müştərək qaydada tələb edir.

15. İddiaçı QSC tərəfindən Cavabdeh3 29 dekabr 2019-cu il tarixli, 005A********** saylı kredit müqaviləsi üzrə 26 iyul 2022-ci il tarixinə 6704,07 manat əsas borc, 80,79 manat faiz borcu, 3705,94 manat cərimə borcu olmaqla, ümumilikdə 10490,8 manat borc hesablanmışdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

17. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

18. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

19. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

20. 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ;

21. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

22. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

23. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

24. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;

25. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar;

26. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır;

27. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər;

28. Göründüyü kimi, Cavabdeh3 iddiaçı ilə arasında bağlanmış kredit müqaviləsi üzrə ona verilən kredit məbləğini qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilə üzrə öhdəliyini lazimi qaydada icra etməmişdir.

29. Odur ki, borcalanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu ödəməli, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 isə zamin kimi Cavabdeh3 kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüklərindən, borcalanla birlikdə kreditor qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdırlar.

30. Məhkəmə cavabdehlərdən tələb edilən cərimə məbləğinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir.

31. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

32. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

33. Qeyd edilən norma məhkəməyə tənasübsüz surətdə yüksək dəbbə pulunu azaldılması hüququ verdiyindən, məhkəmə həmin dəbbə pulunun azaldılması zamanı qanunla ona verilmiş qiymətləndirmə azadlığına malikdir.

34. Odur ki, məhkəmə iddia tələbinin cərimə məbləğinin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə məbləği müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən müqavilə üzrə hesablanmış cərimə məbləği endirilməli və 300 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

35. Bundan başqa, məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsaslıdır.

36. Belə ki, Azərbaycan Respublikası MM-nin:

37. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

38. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

39. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borcalan öhdəliyini müqavilədə nəzərdə tutulmuş qaydada ödəmədiyinə görə, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə də təmin edilməlidir. Tətbiq edilən prosessual normalar:

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

41. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

42. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

43. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

44. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

45. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanan 29 dekabr 2019-cu il tarixli, 005A********** saylı kredit müqaviləsi ləğv edilməli, 29 dekabr 2019-cu il tarixli, 005A********** saylı kredit müqaviləsi üzrə əsas borca görə 6704,07 manat, faiz borcuna görə 80,79 manat, cərimə borcuna görə 300 manat olmaqla, ümumilikdə 7084,86 manat məbləğində pul vəsaiti və 121,47 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanan 29 dekabr 2019-cu il tarixli, 005A********** saylı kredit müqaviləsi ləğv edilsin. 29 dekabr 2019-cu il tarixli, 005A********** saylı kredit müqaviləsi üzrə əsas borca görə 6704,07 manat, faiz borcuna görə 80,79 manat, cərimə borcuna görə 300 manat olmaqla, ümumilikdə 7084,86 (yeddi min səksən dörd manat, səksən altı qəpik) manat məbləğində pul vəsaiti və 121,47 (yüz iyirmi bir manat, qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar