Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5286/2025 04.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh 11764 (on bir min yeddi yüz altmış dörd) ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq pulun, 2000 (iki min) manat əldən çıxmış gəlirin və 156 (bir yüz əlli altı) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə tələbə yoldaşı olmuş və 27 ildir ki, tanışdırlar. 2023-cü ilin yanvar ayında işsiz olduğu müddətdə Zaurla əlaqə saxlayaraq sonuncunun Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən ofisinə getmişdir. Görüşüb iş barəsində məsləhətləşən zaman Zaur ona kiminsə əlinin altında maaşa işləməməyini deyib, onun kimi bizneslə məşğul olmasını məsləhət bilmişdir. 2023-cü ilin yanvar ayında Zaur onunla əlaqə saxlayaraq iş üçün 500 manat lazım olduğunu deyib, geri qaytaran zaman üzərində əlavə hörmət edəcəyini bildirmişdir. İddiaçı ona inanaraq 500 manat pulu Zaurun bank kartı hesabına göndərmişdir. Geri ödəniş edən zaman cavabdeh 500 manatdan əlavə 50 manat ödəniş etmişdir. 2023-cü ilin fevral ayında Zaur onunla əlaqə saxalayaraq xaricdən malının gəldiyini deyib, həmin dövrün məzənnəsi ilə 20000 (iyirmi min) manat olan 11764 ABŞ dolları pul istəyib. Həmin pulun qarşılığında malları sifariş edib sataraq üç ay ərzində pulunu qaytaracağını, əldə edilmiş gəlirdən ona da verəcəyini bildirmişdir. 2023-cü ilin fevral ayının ortalarında 20000 manat pulu Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən “Santral” elektrik malları mağazasının arxasında olan ofisində Zaura vermişdir. Zaur alınmış pulu üç ay müddətində qaytaracağını və əlavə olaraq 6000 (altı min) manat da xeyir verəcəyini bildirmişdir. Cavabdeh tərəfindən vəd verilmiş üç ay bitdikdən sonra onunla əlaqə saxlanılmış, lakin o, müxtəlif bəhanələr gətirərək ödəniş etməkdən yayınmışdır. Zaur vəd verdiyi altı min manatı və alınmış iyirmi min manatı onun üçün havalandırma sistemi sifariş verəcəyini və bununla da onun öz işinin olacağını vəd vermişdir. Cavabdeh tərəfindən verilmiş sonuncu vədinin də yalan olduğunu anlayan zaman iddiaçı polisə şikayət vermişdir. Nərimanov rayon Polis İdarəsinin istintaq şöbəsinin 31 mart 2025-ci il tarixli qərarəna əsasən cinayət işinin başlanması rədd edilmiş və bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 31 mart 2025-ci il tarixli qərarda cavabdeh 20000 (iyirmi min) manat borcunun olmasını etiraf etmişdir.
Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfindən ona hər hansı borc məbləği qaytarılmamışdır. Hətta cavabdehin özünə məxsus olan səs yazılarından görünür ki, borcu dəfələrlə tələb etməsinin qarşılığında müxtəlif bəhanələrlə ödəyəcəyini vəd etmişdir. Eləcə də bildirmişdir ki, cavabdeh ona əlində pul varsa biznes fəaliyyəti ilə məşğul olmağı təklif etmişdir. Bu səbəbdən də, ona 20000 manat pul vermişdir. Həmin pul isə 26000 olmaqla 5 aya cavabdeh tərəfindən qaytarılmalı idi. Hazırda həmin pul ona qaytarılmamışdır. Polisdə vermiş olduğu ifadəsində də cavabdeh etiraf edir ki, 20000 manatı qaytaracaq. Bundan başqa cavabdeh borcunun qarşılığında evini sataraq, ödəniş edəcəyini vəd etmişdir. Lakin ona məxsus evin olub-olmamasından məlumatı yoxdur. Polis idarəsində ona məlumat verilmişdir ki, pul vəsaiti cavabdehdən tutulacağı təqdirdə manat məzənnəsinə uyğun ödəniləcək. Ona görə də cinayət işinin başlanmasının rədd qərarında 20000 manat qeyd edilmişdir. Bundan başqa iddiaçıya 3 dəfə ayrı-ayrı vaxtlarda 500 manat pul vermişdir. Cavabdeh isə 500 manata münasibətdə əlavə 50 manat ödəyəcəyini bildirmişdir. Hətta 2 dəfə dediyi vədə uyğun ödəniş etsə də sonuncu dəfə 500 manata münasibətdə 50 manat ödəməmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, sadaladığı 500 manat borcların hazırki tələbə aidiyyəti yoxdur.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Qeyd etdi ki, iddiaçı ilə aralarında olan razılığa əsasən qaytaranda dollar şəklində qaytarmaq şərtilə iddiaçıdan 20000 manat pul almışdır. O, cavabdehə olan borcunu ödəsə də bununla bağlı sübut təqdim edə bilmir. Bu faktın təsdiqini iddiaçı özü vicdanlı şəkildə etiraf edə bilər. İddiaçının qeyd etdiyi məbləğ düzgün olsa da tərəfindən həmin 20000 manat ödəniş edilmiş, sadəcə faiz borcunu ödəməmişdir. O, Dərnəgüldə havalandırma mallarının satışı ilə məşğuldur. O, iddiaçıdan faizə pul almışdır. 5 aya 20000 manata qarşılıq 26000 manat ödəməli idi.
Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
5. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X1 tərəfindən qəbul edilən qərara görə araşdırma zamanı Cavabdeh iltizam verərək, İddiaçı almış olduğu 20000 manat pulu 2025-ci ilin sonuna kimi tam şəkildə ödəyəcəyini bildirmişdir. Həmin qərarla cavabdehin əməlində dələduzluq əlamətləri müəyyən edilməmişdir.
Tətbiq edilən maddi hüquq normaları:
6. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
7. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 404-cü maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir; 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
Məhkəmənin mövqeyi:
8. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında hər hansı yazılı müqavilə olmasa da, faktiki olaraq borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Cavabdeh özü iddiaçının tələb etdiyi məbləğ həddində ondan borc aldığını etiraf etmişdir. Lakin borcun tərəfindən ödənildiyini iddia etsə də, bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Halbuki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
9. Bundan başqa məhkəmə iclasında cavabdeh iddiaçıdan 20000 manart pul aldığını və aralarında olan razılaşmaya əsasən borcunu dollarla qaytaracağını qeyd etmişdir.
10. Cavabdeh iddiaçıdan pulu faizə aldığını qeyd etsə də bu iş materialları ilə təkzib olunur. Belə ki, məhkəmə iclasında tərtəflərin telefon danışıqları qeyd olunan dick müayinə olunarkan müəyyən oldu ki, cavabdeh iddiaçıdan pulu faizə deyil, borc olaraq aldığını, eləcə də məbləğin 20000 manat olduğunu etiraf etmişdir.
11. Məhkəmə eləcə də qeyd edir ki, cavabdeh iddiaçıdan aldığı pulu qaytardığını bildirsə də bu da təkzib olunur. Belə ki, İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X1 tərəfindən qəbul edilən qərara görə araşdırma zamanı Cavabdeh iltizam verərək, İddiaçı almış olduğu 20000 manat pulu 2025-ci ilin sonuna kimi tam şəkildə ödəyəcəyini bildirmişdir.
12. Qeyd edoilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 11764 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
13. Məhkəmə qeyd edir ki, iddia tələbi 2000 (iki min) manat əldən çıxmış gəlirin tutulmasına dair hissədə buna dair sübut təqdim edilməməsi səbəbi ilə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
14. 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər.
15. 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır.
16. Odur ki, cavabdehin dollar ilə olan borcu ödəniş günü Azərbaycan Respublikasının manatına uyğun məzənnə ilə hesablanaraq manatla ödənilməlidir.
17. İddia tələbinin iki illik gecikdirilmiş faiz borcuna münasibətdə tələb edilən 2000 manat pul vəsaitinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia əsaslı hesab edilməməklə, təmin edilməməlidir.
Tətbiq edilən prosessual normalar və qaydalar:
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
19. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
20. 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir;
21. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır;
22. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
23. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;
24. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır;
25. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
26. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə:
27. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 11764 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla, həmçinin ödənilmiş 159,60 (yüz əlli doqquz manat, altmış qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
28. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 11764 (on bir min yeddi yüz altmış dörd) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla, həmçinin ödənilmiş 159,60 (yüz əlli doqquz manat, altmış qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova