Məhkəmə qərarları › İş №e-2(001)-530/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-530/2025

13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-530/2025 13.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X3 Hüseynağa qızının sədrliyi, X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərisi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən aralarında bağlanmış 25 noyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə 1000 manat əsas, 112,39 manat faiz borcu olmaqla, cəmi 1112,39 manatın, 06 iyun 2023-cü il tarixli kredit müqavil əsi üzrə 11075,27 manat əsas, 604,76 manat faiz, 31,46 manat cərimə borcu olmaqla, cəmi 11711,49 manatın, habelə, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 128,47 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25 faizlə 24 ay müddətinə 1000 AZN məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2024cü il iyulun 30-dək Cavabdeh banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 1000 AZN əsas borc, 112,39 AZN faiz borcu olmaqla ümumilikdə cəmi 1112,39 AZN borcu vardır. Cavabdeh xx.xx.2023-cüil tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 17,5 faizlə 48 ay müddətinə 13000 AZN məbləğində kredit götürmüşdür. 2024-cü il iyulun 30-dək Cavabdeh banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 11075,27 AZN əsas borc, 604,76 AZN faiz borcu, 125,83 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 11805,86 AZN borcu vardır. Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 125.83 AZN təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 % miqdarında olmaqla, yəni 31.46 AZN məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçının nümayəndəsi məhkəməyə elektron qaydada ərizə ilə müraciət edərək iddianı müdafiə etdiklərini və təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin rəsmi ünvanı üzrə məhkəmə bildirişi göndərilməsinə və ona məxsus mobil telefon nömrəsinə sms bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəblərini məhkəməyə bildirməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, cavabdehin iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. Əsaslandırıcı hissə İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: 25 noyabr 2022-ci il tarixli, 3-Y-3-0-854-22 saylı “Razılaşma”dan görünür ki, iddiaçı tərəfindən cavabdehə illik 25 faizlə, 24 ay müddətinə geri ödəmək şərti ilə 1000 manat kredit verilmişdir. 30 iyul 2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 1000 manat əsas, 112,39 manat faiz borcu vardır. 06 iyun 2023-cü il tarixli, 6-Y-6-0-1852-23 saylı “Razılaşma”dan görünür ki, iddiaçı tərəfindən cavabdehə illik 17,5 faizlə, 48 ay müddətinə geri ödəmək şərti ilə 13000 manat kredit verilmişdir. 30 iyul 2024-cü il tarixli ikinci maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 11075,27 manat əsas, 604,76 manat faiz, 125,83 manat cərimə borcu vardır. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 30 iyul 2024-cü il tarixli xəbərdarlıqlarda hər iki müqavilə üzrə borcun tam şəkildə 5 gün müddətinə ödənilməsi tələb olunmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə (əvvəlki redaksiya) əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.1-ci maddəsinə əsasən (yeni redaksiyada) borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göstərilən hüquqi mövqe əsas götürülməklə məhkəmə hesab edir ki, müqavilə tərəfinə pretenziya ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilir. Bununla da, müqavilə ləğv edilmiş gündən sonrakı dövrə aid mövcud olmayan müqaviləyə görə öhdəliklərin tələb edilməsi istisna edilir. Nəticə etibarilə, öhdəlik müqavilə ləğv olunduğu günə qədər olan hissədə təmin edilə bilər. Yəni, öhdəlik müvafiq pretenziya məktubunda göstərilən həddə təmin edilməli, eyni zamanda, hər iki müqavilə üzrə müqavilənin icrası üçün nəzərdə tutulmuş son müddət bitmədiyindən, bu qətnamə ilə müqavilələr də ləğv edilməlidir. İddiaçının cavabdehdən tələb etdiyi cərimə məbləğinə bununla əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Beləliklə işin faktiki halları ilə cavabdeh Hacıyev Rəşad Akif oğlunun kredit müqaviləsinə əsasən iddiaçı bank qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi təsdiq olunur. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı ilə cavabdeh arasında etibarlı kredit müqavilələrinin bağlanmasına baxmayaraq cavabdeh həmin müqavilələr üzrə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən o, müqavilələr ilə aldıqlarını iddiaçıya qaytarmalı, hazırki vəziyyətdə isə mövcud borcunu, yəni 25 noyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə 1000 manat əsas, 112,39 manat faiz borcunu, 06 iyun 2023-cü il tarixli kredit müqaviləsi üzrə isə 11075,27 manat əsas, 604,76 manat faiz, 31,46 manat cərimə borcunu iddiaçıya verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 128,47 manat məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏT ETDİ: İddia təmin edilsin. “Yelo Bank “ASC ilə Cavabdeh arasında bağlanmış 25 noyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə 1000 (min) manat əsas, 112,39 (yüz on iki manat otuz doqquz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 1112,39 (min yüz on iki manat otuz doqquz qəpik) manat; 06 iyun 2023-cü il tarixli kredit müqaviləsi üzrə 11075,27 (on bir min yetmiş beş manat iyirmi yeddi qəpik) manat əsas, 604,76 (altı yüz dörd manat yetmiş altı qəpik) manat faiz, 31,46 (otuz bir manat qırx altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 11711,49 (on bir min yeddi yüz on bir manat qırx doqquz qəpik) manat, beləliklə, hər iki müqavilə üzrə cəmi 12823,88 (on iki min səkkiz yüz iyirmi üç manat səksən səkkiz qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 128,47 (yüz iyirmi səkkiz manat qırx yeddi qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar