Məhkəmə qərarları › İş №e-2(001)-5308/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5308/2024

16.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5308/2024 16.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 1533.18 manat əsas borc olmaqla, cəmi 1533.18 manat və ödənilmiş 35.47 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Rzayeva Elmira Dadaş qızı arasında xx.xx.2019-cu il tarixli BPM**********56 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Rzayeva Elmira Dadaş qızına illik 24 %-lə, 60 ay müddətinə 2300 manat nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 187478 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, Rzayeva Elmira Dadaş qızı xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 3 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 1494 nömrəli məktubdan görünür ki, Cavabdeh 3 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən vərəsəlik işi açılmış və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın Binəqədi filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, Rzayeva Elmira Dadaş qızının xx.xx.2024-cü ilədək Banka ödənilməmiş nağd kredit üzrə 1533.18 manat əsas borc olmaqla, cəmi 1533.18 manat borcu qalmışdır. Cavabdeh mərhum Rzayeva Elmira Dadaş qızından qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir.Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2023-cü il tarixində 6-2-22/2-34724/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir Cavabdeh iddiaya etiraz təqdim edərək bildirmişdir ki, o, mirası qəbul etsə də hesab edir ki, borc ondan tutulmalı deyil. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclaslarının onun iştirakının olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh etirazda göstərilən məzmunda izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2019-cu il tarixli BPM**********56 nömrəli Kredit Müqaviləsindən görünür ki, Rzayeva Elmira Dadaş qızı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən illik 24 faizlə 60 ay müddətinə 2300 manat məbləğində kredit götürmüşdür. Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli adlandırılan və kredit müqaviləsinin əlavəsi olan sənəddən görünür ki, Rzayeva Elmira Dadaş qızı tərəfindən götürülmüş kreditin aylıq ödənişləri 66,2 manat olmaqla xx.xx.2024-cü il tarixinə qədər geri qaytarılması razılaşdırılmışdır. xx.xx.2019-cu il tarixli kassa məxaric orderlərindən görünür ki, 2300 manat məbləğində kredit məbləği Rzayeva Elmira Dadaş qızı tərəfindən bankın kassasından qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli Maliyyə arayışından görünür ki, Rzayeva Elmira Dadaş qızının kredit müqaviləsi üzrə banka 1533,18 manat əsas borcu vardır. AZ-İİ seriyalı 187478 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Rzayeva Elmira Dadaş qızı xx.xx.2021-ci il tarixdə ölmüşdür. 3 saylı “ASAN Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin xüsusi notariusu X1 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Rzayeva Elmira Dadaş qızının vərəsəsi-qardaşı Cavabdeh 2V/183 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məktuba əlavə edilmiş 2V/183 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Rzayeva Elmira Dadaş qızının vərəsəsi Cavabdehdur. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Ağayeva küçəsi, 8 nömrəli evinin ¼ hissəsidir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Rzayeva Elmira Dadaş qızına ünvanlanmış ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən elektron çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Ağayeva küçəsi, 8 nömrəli ev xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. xx.xx.2024-cü il tarixli mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən 35,47 manat dövlət rüsumu və 0.4 manat bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (münasibətlər yarandığı an qüvvədə olan maddə) Azərbaycan Respublikasının Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1151.1 və 1153-cü maddələri). Göründüyü kimi, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Həmin Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Eyni Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Beləliklə, mirasın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası qəbul etmiş vərəsələrə qarşı irəli sürə bilər. Eyni zamanda mirası qəbul etmiş vərəsələrin daha sonra həmin əmlak barəsində sərəncam hüquqlarını həyata keçirmələri (yəni bağışlamaları) onları miras qoyanın kreditorları qarşısında məsuliyyətdən azad etmir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1533,18 manat məbləğində borc, ödənilmiş 35,47 (otuz beş manat, qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1533,18 (min beş yüz otuz üç manat, on səkkiz qəpik) manat məbləğində əsas borc, ödənilmiş 35,47 (otuz beş manat, qırx yeddi qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar