Məhkəmə qərarları › İş №e-2(001)-5324/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5324/2024

14.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5324/2024 14.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Akif oğluna qarşı “kredit borcunun qaytarılması tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 17139,98 AZN əsas; 1397,95 AZN faiz; cəmi 18537,93 AZN pul vəsaitinin və 145,61 AZN dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cı il tarixli Kredit müqaviləsinə əsasən ona illik 20 faiz dərəcəsi ilə 83 ay müddətinə 17139,98 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2024-cı il tarixli Kredit müqaviləsinə əsasən 17139,98 AZN əsas; 1397,95 AZN faiz; cəmi 18537,93 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış Kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən Maliyyə arayışı, pul vəsaitinin cavabdehə nəğd qaydada verilməsini təsdiq edən Xəzinə Məxaric orderi, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladığımız Bildiriş məktubu və məktubun göndərilməsini sübut edən Poçt reyestridir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclaslarının onun iştirakının olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Akif oğlu məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb və sübutları hərtərəfli tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Akif oğlu arasında bağlanmış xx.xx.2024-cü il tarixli, RGTK 6730877B142 saylı kredit müqaviləsindən görünür ki, bank sonuncuya 17.139,98 manat məbləğində 83 ay müddətə illik 20 faiz dərəcəsi ilə kreditin verməyi, borcalan isə kreditora alınmış kreditin bu müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və miqdarda qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdələrinə götürmüşlər. Müqaviləyə əlavə edilmiş ödəniş qrafikindən görünür ki, cavabdeh aldığı kredit məbləğini xx.xx.2024-cü il tarixdən 06.02.231-ci il tarixə qədər hər ay 382.73 manat məbləğində ödəniş etməlidir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh Akif oğluna ünvanlanmış xx.xx.2024-cü il tarixli axırıncı bildirişdən görünür ki, cavabdehə borcu barədə məlumat verilməklə gecikdirilmiş məbləğin dərhal ödənilməsi tələb edilmiş, əks halda Azərbaycan Respublikasının qanununlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlərin görüləcəyi barədə xəbardar edilmişdir; xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 17139,98 manat əsas, 1397,95 manat faiz, cəmi 18537,93 manat borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 145,61 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış 17.139,98 manat əsas borcunu iddiaçıya ödəməlidir. Məhkəmə 1397,95 manat faiz borcunun tutulması ilə əlaqədar isə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş ödəniş qrafikindən görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər (pretenziya məktubu (bildiriş) göndərilən vaxta) 304.71 AZN, 265,41 AZN, 282,41 AZN, 299,45 AZN olmaqla cəmi 1.151,98 AZN məbləğində faiz ödəniş etməli idi. İddiaçı da məhz xx.xx.2024-cü il tarixə faiz borcu tələb etdiyindən cavabdehdən iddiaçının xeyrinə 1.151,98 manat məbləğində faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli, RGTK 6730877B142 saylı Kredit müqaviləsinə əsasən 17.139,98 manat əsas, 1.151,98 manat faiz, cəmi 18.291,96 manat məbləğində pul vəsaitin və iş üzrə ödənilmiş dövlət rüsumunun 144 manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, RGTK 6730877B142 saylı Kredit müqaviləsinə əsasən 17.139,98 manat əsas, 1.151,98 manat faiz, cəmi 18.291,96 (on səkkiz min iki yüz doxsan bir manat, doxsan altı qəpik) manat məbləğində pul vəsaitin və iş üzrə ödənilmiş dövlət rüsumunun 144 (bir yüz qırx dörd) manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar