Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5380/2023 11.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbi barədə iddia ərizəsinə dair mülki işə 11 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 16 aprel 2022-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən sonuncuya illik 21 faiz dərəcəsi ilə 36 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi bankla həmin tarixdə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh1 Cavabdeh2 kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliklərin icrası ilə bağlı eyni məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin, Cavabdeh2 tərəfindən bank qarşısındakı öhdəliklər lazımınca icra edilmədiyindən iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışına əsasən, 10 avqust 2023-cü il tarixə banka 24820,18 manat əsas, 3315,92 manat faiz, 1216,09 manat cərimə borcu yaranmışdır. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin müqavilə üzrə yuxarıda göstərilən borc məbləğinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 179 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirib, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etmədiyini bildirərək, izahatında göstərdi ki, o, məlum krediti götürdükdən sonra qəza keçirmiş, nəticədə krediti ödəməyində çətinliklər yaranmışdır. Hazırda banka borclu olduğunu etiraf etsə də, iddia tələbində göstərilən məbləği birdəfəlik ödəməyə maddi imkanı yoxdur. Sonda Cavabdeh2 məhkəmədən qətnamə çıxarılarkən izahatında göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. Digər cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh2 kredit müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir, buna görə də, iddianın ona münasibətdə qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Cavabdeh1 zaminlik müqaviləsinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürdüyünə görə məhkəmə hesab edir ki, ona münasibətdə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsində cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 1216,09 manat məbləğində dəbbə pulunun məbləği azaldılaraq 300 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, 24820,18 manat əsas, 3315,92 manat faiz borcu, 300 manat cərimə borcu olmaqla ümumilikdə 28436,1 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə İddiaçı ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 179 manat məbləğində pul vəsaitinin 175 manat hissəsi də müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissələrdə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 16 aprel 2020-ci il tarixli kredit müqaviləsi üzrə 24820,18 manat əsas, 3315,92 manat faiz, 300 manat dəbbə borcu olmaqla, ümumilikdə 28436,1 manat məbləğində pul vəsaiti Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 175 manat məbləğində pul vəsaiti Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-5380/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5380/2023
11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver