Məhkəmə qərarları › İş №e-2(001)-539/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-539/2024

13.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-539/2024 13.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X4 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “avtomobilə və sağlamlığa dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə: Bəktaşi X1 Aqil Kainat oğlu və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə qaydada avtomobilə dəymiş ziyana görə 23687,65 manat məbləğində pul, sağlamlığa dəymiş ziyana görə 1000 manat məbləğində pul və 164,06 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 05 fevral 2023-cü il tarixdə, saat 23:30 radələrində idarə etdiyi “Mercedes Benz” minik markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi ilə hərəkətdə olarkən sağ tərəfdən Ə.Rəcəbli küçəsindən hərəkətdə olan “Mitsubishi Pajero” minik markalı, **-ZO-*** dövlət nömrə nişanlı avtomobil onun idarə etdiyi avtomobillə toqquşmuşdur. Baş vermiş yolnəqliyyat hadisəsində Cavabdeh1 təqsirli bilinərək Binəqədi rayon DYPŞ-nin İnzibati tənbeh vermə haqqında TP seriyalı ******* nömrəli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə olunmuşdur. Hadisə vaxtı Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etsə də, avtomobilin mülkiyyətçisi Cavabdeh2 avtomobildə olmuşdur. Hadisədən sonra Cavabdeh1 avtomobilə dəymiş ziyanı ödəyəcəyini bildirsə də, sonradan ödəniş etməkdən imtina etmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş 10 may2023-cü il tarixli akta əsasən İddiaçı avtomobilinə dəymiş ziyan ümumilikdə 28687,65 manat məbləğində qiymətləndirilmiş və avtomobil tam olaraq təmir edilmişdir. Dəymiş ziyanın 5000 manat hissəsi “Atasığorta” sığorta şirkəti tərəfindən ödənilmiş, qalan ziyan isə cavabdehlər tərəfindən ödənilməli olduğu halda ödənilməmişdir. Eyni zamanda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı xəsarət alaraq müalicə olunmuş və bir müddət işləyə bilməmişdir. Onun müalicəsinə təxminən 1000 manat vəsait sərf olunmuşdur. Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etdiyindən baş vermiş hadisə nəticəsində vurulmuş ziyana görə onunla birlikdə avtomobilin mülkiyyətçisi Cavabdeh2 da, məsuliyyət daşımalıdır. xx.xx.2024-cü il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə iddia ərizəsinə əlavə ərizəsi təqdim edərək bildirmişdir ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş 10 may 2023cü il tarixli akta əsasən İddiaçı avtomobilinə dəymiş ziyan ümumilikdə 28687,65 manat məbləğində qiymətləndirilmiş və avtomobil tam olaraq təmir edilmişdir. Avtomobilin servisdə təmiri üçün daha çox vəsait tələb olunduğundan avtomobil başqa özəl bir servisdə təmir olunmuşdur. Lakin servis tərəfindən hal-hazıradək təmirə sərf olunmuş vəsaitə dair sənəd təqdim olunmadığından avtomobilin təmirinə sərf olunmuş vəsaiti tələb edə bilməmişlər. Hazırda hesab qeyd olunan ehtiyyat hissələrinin təmiri üçün sərf edilmiş vəsaitin ekspert tərəfindən müəyyən edilməsi də, mümkündür. Eyni zamanda avtomobil alınarkən heç bir hissəsində zədə və rəng dəyən hissəsi olmamışdır. Baş vermiş yol-nəqliyyat hadisəsindən sonra avtomobilin bazar qiyməti aşağı düşmüşdür. Bunun nəticəsində də, iddiaçıya əlavə ziyan dəymişdir. Buna görə də, iddia tələbinin artırılması zərurəti yaranmışdır. Bu səbəbdən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada avtomobilə dəymiş ziyana görə 23687,65 manat məbləğində pul, sağlamlığa dəymiş ziyana görə 1000 manat məbləğində pul, avtomobilin təmirinə sərf olunmuş 3000 manat pul, avtomobilin dəyərinin azalması nəticəsində dəymiş ziyana görə 5000 manat pul və 264,06 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə iddia ərizəsinə əlavə ərizəsi təqdim edərək bildirmişdir ki, ekspert rəyindən və avtomobilin satılmasından sonra iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Bu səbəbdən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada avtomobilə dəymiş ziyana görə 23633 manat məbləğində pul, sağlamlığa dəymiş ziyana görə 1000 manat məbləğində pul, avtomobilin dəyərinin azalması nəticəsində dəymiş ziyana görə 8000 manat pul və 264,06 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəməyə etiraz ünvanlayaraq, iddianı qəbul etmədiyini bildirmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində yeganə doğru və təhrif olunmamış cümlə “05 fevral 2023-cü il tarixdə, saat 23:30-da Bəktasi Vüsətin idarə etdiyi “Mercedes Benz” markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobillə Bakı səhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi ilə hərəkət edərkən sağ tərəfdən Ə.Rəcəbli küçəsi ilə hərəkətdə olan “Mitsubishi Pajero” markalı, **-ZQ-*** dövlət nömrə nişanlı avtomobil onun idarə etdivi avtomobillə toqquşmuşdur” cümləsidir. Belə ki, baş vermiş hadisədən dərhal sonra hadisə yerinə ərazi üzrə xidmət edən yol polisi əməkdaşları gəlmişdir. Hadisəni araşdıran zaman onlar belə qənaətə gəldilər ki, hadisənin törədilməsinə səbəb işıqforun tələblərinə riayət olunmamasıdır. Yəni İXM-nin 327.2-ci maddəsinin tələblərinin pozulması nəticəsində hadisə baş vermişdir. Nəqlivvat vasitəsini qardaşı Cavabdeh1 idarə etməsinə baxmayaraq o, Cavabdeh2 təqaüddə olan yol polisi əməkdaşı kimi buna öz etirazını bildirdi, çünki vezifədən qalma bir adət kimi istər sükan arxasında, istərsə də sərnişini olduğu hansısa nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən yol hərəkəti qaydalarına, xüsusilə də işıqforun nizamlayıcısına maksimum dərəcədə diqqət göstərir. Bu səbəbdən də, polis əməkdaşından hadisə yerinin görüntülərinin təqdim olunmasını tələb etdi. Hadisəni araşdıran polis əməkdaşı saatın gec olduğunu nəzərə alaraq növbəti gün üçün onları şöbəyə dəvət etdi, xx.xx.2023-cü il tarixdə şöbəyə yaxınlaşdılar. Hadisə yerinin görüntülərini göstərərkən o bir də əmin oldu ki, onlar qırmızı işıqda hərəkət etməyiblər. Bunu görən polis əməkdaşı görüntünü tez söndürdü və onları xidməti otağa dəvət etdi. Heç bir əsas olmadığı üçün və daha başqa bir əsas gətirə bilməsi mümkün olmadığından qardaşı Cavabdeh1 barəsində İnzibati tənbeh tətbiqetmə haqqında TP seriyalı ******* nömrəli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 327.1-cı maddəsi ilə təqsirli hesab etdi. Etirazının əsası kimi 3 məsələ qeyd olunmuşdur: 1. O və qardaşı əgər hadisə onların təqsirindən törədilibsə dəymiş zərərin əvəzinin ödənilməsini öhdəlik olaraq qəbul etmişlər. İddia ərizəsində yazıldığı kimi boyun qaçırmamışlar. Yuxarıda qeyd etdiyindən aydın olur ki, real olaraq hadisə zamanı təqsirli müəmmalı olaraq qalmış, sənəd üzərində onlar hesab olunmuşlar. Fərz olunsa ki, hadisə onların təqsiri nəticəsində törədilmişdir, yenə də, hadisə nəticəsində avtomobilə iddia ərizəsində qeyd edilən məbləğdə ziyan dəymədiyi qətidir. Birinci növbədə əgər qeyd edilən 28 000 manat məbləğində ziyan dəysəydi, iddiaçı avtomobili evakuatorla aparmalı olacaqdı. Sığorta və polis əməkdaşları hadisə yerinə yaxınlaşıb araşdırma apardıqdan sonra iddiaçı avtomibilnə əyləşdi və hadisə yerindən uzaqlaşdı. Bundan əlavə avtomobilə mən özümdə yaxınlaşıb baxdım və gördüm ki, elə ciddi ziyan dəyməyib. 2. İddiaçı iddia edir ki, hadisə nəticəsində xəsarət almış və aldığı xəsarətin müalicəsinə 1000 manat məbləğində xərci çıxmışdır. İddiaçı hadisə zamanı onunla birlikdə ayaqüstə söhbət etmiş, polis əməkdaşları və sığortanın işçilərinin hadisə yerinə gəlib işlərini görüb bitirənədək iştirak etmiş və daha sonra getmişdir. Əgər bir insanın sağlamlığına iddia edilən məbləği gərəkdirəcək ziyan dəymiş olsaydı onlar hadisə yerinə təcili yardım maşını çağırmalı idilər. İddiaçı polisə verdiyi ifadəsində sağlamlığına heç bir ziyanın dəymədiyini qeyd etmişdir. 3. İddia ərizəsində qeyd olunur ki, avtomibilə dəymiş 28687,65 manat məbləğində müəyyən olunmuşdur. Suallar yaranır: Bunu kim müəyyən edib? Bu məbləği müəyyən edən "xxxx" MMC-nin buna səlahiyyətinin olduğunu sübuta yetirən hər hansı sənəd işə əlavə olunub mu? Əsas hadisə yerinə cəlb olunmuş sığorta şirkəti dəymiş zərəri hansı məbləğdə müəyyən etmişdir? İddiaçı tərəf sübut kimi dəymiş zərər ilə bağlı məhkəməyə akt təqdim etmişdir. Aktın tərtib olunmasında qeyri-qanuni halların olması müşahidə olunur. Belə ki, aktın tarixi 2022-ci ili göstərir. Lakin aktda 2022-ci ildən bugünə kimi olan maşına göstərilən xidmətlər öz əksini tapmışdır. Həmin göstərilən xidmətlərin ümumi dəyəri isə ola bilər ki, 28687,65 manat olsun. Amma onu məhkəməyə iddia ərizəsinin sübutu kimi təqdim etmək doğru deyil. Yəqin ki, iddiaçı tərəf əsassız varlanmadan xəbərdar deyil. Yoxsa o, bu addımı atmazdı. Bir sözlə, aktın özü də mübahisəlidir. Ümumiyyətlə, bu iddia ərizəsi tamamilə əsassız tərtib olunmuşdur. Hesab edir ki, onsuz da hədsiz iş yükü olan məhkəmənin yükünü artırmaqdan başqa bir məqsəd daşımır. Barəsində, heç bir mötəbər sübut təqdim olunmadan məhkəməyə verilmiş iddia ərizəsinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, avtomobili yeni almış, bahalı avtomobil olmuşdur. Hadisə zamanı cavabdehlər onu tezliklə razı salacaqlarını bildirsələr də sonradan sözlərinə əməl etməmiş, onun telefonlarına cavab verməmişlər. Onlardan şikayətçi olmasına baxmayaraq ona heç bir məbləğdə ödəniş edilməmişdir. Hadisədən sonra avtomobili "xxxx" MMC aparmış və servis vurulmuş ziyanla bağlı akt tərtib etmişdir. Sonradan ehtiyyat hissələrini xarici ölkədən sifariş etdirib avtomobilini aktda qeyd olunan məbləğdən 4000 manat daha az xərc çəkməklə təmir elətdirmiş, həmçinin sığorta tərəfindən ona 5000 manat da ödəniş olmuşdur. Sonradan avtomobilini dəyərindən dəfələrlə aşağı qiymətə satmaq məcburiyyətində qalmışdır, çünki avto-avariya nəticəsində onun avtomobilinin dəyəri də aşağı düşmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 etirazın məzmununa uyğun izahat verərək iddia tələbində göstərilmiş məbləğin həddən artıq şişirdilmiş məbləğ olmasını, iddiaçı tərəfin təqdim etdiyi aktın isə sübut kimi qəbul edilməsinin qeyri-mümkünlüyünü bildirərək tələbin rədd edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, bunun səbəbi barəsində heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, Cavabdeh1 iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2013-cü il tarixli, TÖ5607243 saylı İnzibati tənbeh vermə haqqında Qərar və İXP5276354 saylı protokoldan müəyyən olunur ki, “Mercedes Benz” minik markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi ilə hərəkətdə olarkən sağ tərəfdən Ə.Rəcəbli küçəsindən hərəkətdə olan “Mitsubishi Pajero” minik markalı, **-ZO-*** dövlət nömrə nişanlı avtomobil toqquşmuş, baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə olunmuşdur. "xxxx" MMC-nin Z303/00104 saylı qiymətləndirmə cədvəlindən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdən ehtiyat hissələrinin dəyəri ƏDV-siz 22557,73 manat, ƏDV ilə 28687,65 manat ödəniş hesablanmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən məhkəməyə təqdim olunmuş “Zahra Clinic” xəstəxanasının xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, xx.xx.1979-cu il təvəllüdlü İddiaçı klinikada xx.xx.2023-cü il tarixdə fizioterapevt Vüqar Aslanlının müayinəsində olmuşdur və ona “boyun yırtığı” diaqnozu qoyularaq 15 günlük müalicə təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 8/1420 saylı ekspert rəyindən müəyyən olunur ki, yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəsislər tərəfindən sökülüb bərpa olunması zaman müəyyən edilə bilər. X2 E200 markalı, **-BB-*** dövlət qeydiyyat nişanı avtomobilin hadisədən sonra təmir olunduğu məhkəmə tərəfindən göstərilmişdi. Bu səbəbdən qeyd olunan suallar üzrə tədqiqat aparılmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/3795 saylı ekspert rəyindən müəyyən olunur ki, nəzəri hesablama yolu ilə, iş materiallarında "X3 Azərbaycan" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2022-ci il buraxılışlı "Mercedes E200" markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa cərci hadisə baş verən tarixə təxminən 28633,00 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti 22557,00 manat; təmir-bərpa işlərinin qiyməti - 1700,00 manat; ƏDV-4376,00 manat. Avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 27956,00 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 21880,00 manat; təmir-bərpa işlərinin qiyməti - 1700,00 manat; ƏDV-4376,00 manat. "Mercedes Benz E200" markalı, 2022-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin yol-nəqliyyat hadisəsindən əvvəlki vəziyyətdə nəzəri orta bazar qiyməti təxminən 80000,0 manat müəyyən olunur. Avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizsiyası) nəzərə alınmaqla əmtəə dəyərinin normal vəziyyətdə qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 10% - 8000,0 manat ( 80000,0 manat x 10%) aşağı olması istisna edilmir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli №145/24 saylı sorğuya cavab məktubundan müəyyən olunur ki, sözügedən iş üzrə Mercedes- Benz E200 minik markalı, ** BB *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi "X3 Azərbaycan" MMC-nin (Mercedes-Benz) servis mərkəzinə xx.xx.2023-cü il tarixində gətirilmiş, servis mərkəzinin əməkdaşları tərəfindən sözügedən nəqliyyat vasitəsinə müvafiq texniki baxış keçirilmiş və ilkin baxışın nəticələrinə uyğun olaraq Z303/00104 nömrəli İlkin Təmir Sifarişi tərtib edilmişdir. Lakin, sözügedən nəqliyyat vasitəsinin təmiri "X3 Azərbaycan" MMC-nin servis mərkəzində həyata keçirilməmişdir və tərəflərindən təqdim edilmiş İlkin Təmir Sifarişi adlı sənəd nəqliyyat vasitəsinə dəyən zərərin yalnız ilkin qiymətləndirilməsi barədə məlumatları özündə əks etdirir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “... Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Məhkəmənin mövqeyi: İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir? Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.” Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqəsdini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İş üzrə iddiaçıya maddi zərərin vurulduğu işin mübahisəsiz və aşkar halıdır. Yuxarıda sadalanan normaların məzmunundan və işin hallarından göründüyü kimi, bu zərərin əvəzinin ödənilməsi vəzifəsi cavabdehlərin üzərindədir. Belə ki, cavabdeh tərəfdən yol-nəqliyyat hadisəsinin onlar tərəfindən törədilməsini mübahisələndirmir, mübahisələndirilən yalnız dəymiş ziyanın məbləğidir. Mübahisələndirilən hal isə etirazını irəli sürmüş tərəfindən sübuta yetirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya cavabdehlər tərəfindən ziyan vurulması sübuta yetirildiyindən ziyanın məbləği müəyyən edilməli və məhkəmə araşdırması zamanı tədqiq edilən hallar nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/3795 saylı rəylərini sübut qismində qəbul edərək vurulmuş maddi ziyanın 1 il istismarda olmuş avtomobilə münasibətdə (2022-2023) avtoehtiyat hissələrinin köhnəlmə faizi tətbiq edilməklə hadisə baş verən tarixə təmir bərpa xərcinin 27956 manat məbləğində, o cümlədən də avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizasiyası) nəzərə alınmaqla avtomobilin itirilmiş əmtəə dəyərinin 8000 manat müəyyən edilməsini, o cümlədən də iddiaçı tərəfindən təqdim edilmiş "X3 Azərbaycan" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktını, iddiaçının qüsur aktında göstərilən məbləğdən 4000 manat az miqdarda xərc çəkməsinə və əlavə olaraq hadisə ilə əlaqədar avtomobilə vurulmuş ziyana görə sığorta tərəfindən ona 5000 manat məbləğində sığorta ödənişinin edilməsinə dair bildirdiklərini məhkəmə nəzərə alaraq iddiaçıya vurulmuş maddi ziyanla əlaqədar tələbinin qismən təminini mümkün hesab edir. Tələbin sağlamlığa vurulmuş ziyanın ödənilməsinə münasibətdə isə məhkəmə bu hissədə iddiaçının istinad etdiyi halları sübuta yetirə bilməməsi səbəbindən təmin edilməsini istisna edir. Belə ki, yuxarıda sadalanan maddi və prosessual qanun normalarını ümumiləşdirərək məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə öz növbəsində yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməli, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırır. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 165 manat məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Vurulmuş maddi ziyan kimi 19633 manat məbləğində, o cümlədən də avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizasiyası) nəzərə alınmaqla avtomobilin itirilmiş əmtəə dəyərinin əvəzində 8000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi ödənilmiş 148 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar