Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5416/2023 20.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə, İddiaçı X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı «borc» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdı: İddiaçı X1-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 4700,37 manat, faiz borcuna görə 985 manat, cərimə borcuna görə 252,11 manat, cəmi 5937,48 manat məbləğində borcun və 79,38 manat məbləğində ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X1-Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********3641 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün illik 27% dərəcəsi olmaqla 24 ay müddətinə 6000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 327 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsati olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********3641 – ******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh3, **********3641 – ******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənən tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh2 əsas borc üzrə 4700,37 manat, faiz borcuna görə 985 manat, cərimə borcuna gör 252,11 manat, cəmi 5937,48 manat təşkil edir. Kredit Müqaviləsinin 6.2-ci bəndinə əsasən Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, Kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin Kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təsfir edilə bilməz. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı X1-Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, **********3641 saylı kredit müqaviləsinin surətindən görünür ki, təşkilat sonuncuya 6000 manat məbləğində krediti 24 ay müddətinə illik 27 faiz dərəcəsi ilə verir, müştəri isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürür. İddiaçı X1-Bank Kredit Təşkilatı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, **********3641 – ******* saylı zaminlik müqaviləsindən görünür ki, zamin borclu Cavabdeh2 kreditor qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyin tamamı ilə icra edilməsi üçün kreditor qarşısında birgə məsuliyyəti öz üzərinə götürür. İddiaçı X1-Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, **********3641 – ******* saylı zaminlik müqaviləsindən görünür ki, zamin borclu Cavabdeh2 kreditor qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyin tamamı ilə icra edilməsi üçün kreditor qarşısında birgə məsuliyyəti öz üzərinə götürür. İddiaçı X1-Bank Kredit Təşkilatının xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 banka 4700,37 manat əsas, 985 manat faiz, 262,11 manat cərimə, cəmi 5937,48 manat məbləğində borcu var. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 79,38 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh2 vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında 4700,37 manat əsas, 985 manat faiz, 252,11 manat cərimə, cəmi 5937,48 manat borcu yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh2 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməli, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 zamin kimi Cavabdeh2 iddiaçı qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərilərinə götürdüyündən, Cavabdeh2 ilə birlikdə iddiaçı qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdırlar. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 252,11 manat məbləğində cərimənin ödənilməsini tələb edir. Məhkəmə işin hallarını nəzərə alıb belə qənaətə gəlir ki, cərimə müəyyən edilərkən tənasüblük qorunmamış, habelə yuxarıda istinad edilən qanunvericiliyin tələblərinə və müqavilə şərtlərinə əməl edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə məbləği azaldılmalı və 25 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli **********3641 saylı Kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 4700,37 manat əsas borc, 985 manat faiz borcu, 25 manat cərimə borcu olmaqla, ümumilikdə 5710,37 manat məbləğində borc, iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 76 manatı İddiaçı X1-Bank Kredit Təşkilatının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli **********3641 saylı Kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 4700,37 manat əsas borc, 985 manat faiz borcu, 25 manat cərimə borcu olmaqla, ümumilikdə 5710,37 (beş min yeddi yüz on manat, otuz yeddi qəpik) manat məbləğində borc, iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 76 (yetmiş altı) manatı İddiaçı X1-Bank Kredit Təşkilatının xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-5416/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5416/2023
20.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver