Məhkəmə qərarları › İş №e-2(001)-5428/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5428/2023

20.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5428/2023 20.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə "xxxx" Qeyri-Bank Kredit Təşkilatı (QBTK) X1 (MMM) Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 20 noyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: "xxxx" QBKT MMM ilə Cavabdeh2 arasında bağlanmış 29 sentyabr 2022-ci il tarixli, **********0543 saylı kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən Cavabdeh2 illik 28 faizlə 24 ay müddətinə geri ödəmək şərti ilə 5000 manat kredit verilmişdir. Müqavilənin şərtlərinə əsasən, Cavabdeh2 götürdüyü krediti müqavilədə nəzərdə tutulan müddətdə və qaydada faizləri ilə birlikdə geri ödəməyi öhdəsinə götürmüşdür. Kreditin təminatı olaraq 29 sentyabr 2022-ci il tarixdə iddiaçı ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqavilələrinin şərtinə əsasən, Cavabdeh1 Cavabdeh2 iddiaçı qarşısında öhdəliklərinin icrası ilə bağlı eyni məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin, Cavabdeh2 müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyindən, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışına əsasən, 07 avqust 2023-cü il tarixə 4532,39 manat əsas, 789,08 manat faiz borcu olmaqla ümumilikdə 5321,47 manat borcu yaranmışdır. "xxxx" QBKT MMM Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilənin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada yuxarıda göstərilən məbləğdə borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 73,22 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia ərizəsində göstərilənləri təsdiq edib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul etdiyini bildirərək, izahatında göstərdi ki, o, krediti götürdüyü ilk vaxtlar stabil işləyir, ödənişləri vaxtında edirdi. Sonradan iş yerində yanğın çıxması səbəbindən, maddi vəziyyəti pisləşmiş, ödənişlərdə gecikmələr yaranmışdır. Hazırda yenidən işləyir və bank tərəfindən ona yeni qrafik verilərsə, ödəniş edə bilər. Digər cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Cavabdeh2 29 sentyabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən kredit borcunu və faizləri ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyə əməl etməmiş, beləliklə də müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış həmin müqavilə ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Cavabdeh1 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən, o, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Buna görə də məhkəmə hesab edir ki, iddia ona münasibətdə də qismən təmin olunmalıdır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, kredit müqaviləsi ləğv edilməli, müqavilə üzrə yaranmış, iddia tələbində göstərilən məbləğdə borc müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 73,22 manat məbləğində pul vəsaiti də cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X3 ilə Cavabdeh2 arasında bağlanmış 29 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi ləğv edilsin, həmin müqavilə üzrə yaranmış 4532,39 manat əsas, 789,08 manat faiz borcu olmaqla ümumilikdə 5321,47 manat məbləğində borc müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 tutularaq "xxxx" QBKT MMM-ə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 73,22 manat məbləğində pul vəsaiti də müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 tutularaq "xxxx" QBKT MMM-ə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar