Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5438/2023 26.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 26 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı ilə cavabdeh 02 mart 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 11 yanvar 2016-cı il təvəllüdlü X3 və 06 sentyabr 2017-ci il təvəllüdlü X4 adlı uşaqları vardır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 iyul 2019-cu il tarixli, 2(007)- 2289/2019 saylı qətnaməsinə əsasən, iddiaçı ilə cavabdeh arasındakı nikah pozulmuş, birgə nikahdan olan uşaqların analarının yanında qalmaları, uşaqların yetkinlik yaşa çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin, habelə, Asiyə adlı uşaq üç yaşına çatanadək hər ay 100 manat alimentin tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. İddia tələbi, onun əsası, habelə, iddiaya etiraz: İddiaçı cavabdehə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 iyul 2019-cu il tarixli, 2(007)-2289/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, cavabdehlə birgə nikahdan olan yetkinlik yaşına çatmamış uşaqların saxlanması üçün cavabdehin hər ay aylıq qazancının üçdə-bir hissəsi miqdarında alimentin, habelə, mediasiya xərcinin əvəzi kimi 60 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Asiyə adlı uşaq artıq 5 yaşına çatmış, ona görə tutulan 100 manat aliment dayandırılmışdır. Uşaqlar böyüdüksə, onların zəruri xərcləri xərcləri də artır, belə olan halda iddiaçı 320 manat alimentlə uşaqların tələbatlarını qarşılamaqda çətinlik çəkir. İddiaçının əldə etdiyi şifahi məlumata əsasən, cavabdeh Bakı Gəmiqayırma Zavodunda işləyir və aylıq 3777 manat əmək haqqı alır. Bununla bağlı iddiaçının vəkili tərəfindən müvafiq sorğu verilməsinə baxmayaraq, sorğuya cavab verilməmişdir. Məhkəmədə icraat: İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsində göstərilənləri təsdiq, iddianı müdafiə etdiyini bildirərək, iddiasının təmin edilməsi və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etmədiyini bildirərək, izahatında göstərdi ki, əvvəlki məhkəmə qətnaməsinə əsasən, uşaqların saxlanması üçün ondan hər ay 320 manat aliment tutulması qərara alınsa da, o, aylıq 500 manat aliment ödəyir. Hazırda Bakı Gəmiqayırma Zavodunda işləyir və aylıq əmək haqqı 2900 manat təşkil edir. Buna baxmayaraq, o, yenidən ailə qurmuş, bu evliliyindən bir yetkinlik yaşına çatmamış uşağı var, yoldaşı isə uşağın doğulması ilə bağlı sosial məzuniyyətdədir, yəni işləmir. Belə olan halda, iddia tələbində göstərilən miqdarda alimentin tutulması onun maddi vəziyyətini xeyli çətinləşdirəcədəkdir. Sonda Cavabdeh məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın təmin edilməməsini xahiş etdi. Tədqiq edilən əlavə sübutlar: İş materiallarında olan nikah və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh yenidən nikaha daxil olmuş, bu evlilikdən 27 iyul 2022-ci il təvəllüdlü X5 adlı bir yetkinlik yaşına çatmamış uşağı vardır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 76.1 və 76.1.2-ci maddələrinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə-bir hissəsi miqdarında aliment tutulur. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, məhkəmə ilk öncə onu qeyd edir ki, hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı əvvəlki ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən, uşaqlar böyüdükcə onların saxlanması üçün çəkilməli olan xərclərin həcmi də böyüyür. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Həmçinin, qanunvericiliyin tələblərinə əsasən uşağın qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Eyni zamanda, məhkəmə onu da qeyd edir ki, alimentin cavabdehin aylıq qazancından müəyyən hissələrdə deyil, sabit pul məbləğində tutulmasına yalnız iddiaçının (aliment alanın) razılığı ilə yol verilir. Hazırki halda iddiaçı alimentin cavabdehin aylıq qazancından tutulmasını tələb edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında 8.13-cü bəndində göstərilmişdir ki, “...alimentin miqdarının artırılması barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən edildikdən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliklərin olduğunu müəyyən etməlidir...”. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 27 iyul 2016cı il tarixli Qərarında da göstərmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi, ailə vəziyyəti və diqqətəlayiq digər hallarını nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, alimentlə bağlı əvvəlki qətnamə 2019-cu ildə çıxarılmış, həmin vaxtdan təxminən 4 il keçmiş və bu müddət ərzində iddiaçı uşaqlara görə cavabdehdən tutulmalı alimentin miqdarının artırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Həmçinin, bu müddət ərzində Azərbaycan Respublikasında yaşayış minimumunun həddi 4 dəfə dəyişmiş, artırılmışdır. Belə olan halda məhkəmə iddiaçı ilə cavabdehin birgə nikahdan olan uşaqların mənafeyininin üstünlüyünü, maraqlarını, normal, yəni qida rasionlarına uyğun qidalanmaları, geyimləri, istirahətlərinin səmərəli təşkili və s. halları nəzərə alaraq, hesab edir ki, əvvəlki qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə, uşaqların yetkinlik yaşa çatanadək saxlanmaları üçün cavabdehdən aylıq qazancının (başqa gəlirlərinin) üçdə-bir hissəsi miqdarında aliment tutulmalı, bu məbləğdə alimentin tutulması qətnamə çıxarılan tarixdən hesablanmalı, qətnamə dərhal icra edilməlidir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 8-2\2016 saylı Qərarının 8-ci maddəsinin 12-ci bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Lakin, nəzərə alınmalıdır ki, həmin qərar qəbul edilən zaman alimentin tutulması ilə bağlı məhkəmə aktları Mülki Prosessual Məcəllənin 234-cü maddəsinin tələblərinə uyğun olaraq qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin maddəyə 20 dekabr 2016-cı il tarixdə edilmiş dəyişikliyə əsasən, alimentin alınması barədə qətnamələrin dərhal icra olunması təsbit edilmişdir. Məhkəmə onu da qeyd edir ki, cavabdehi yenidən ailə qurması və bu nikahdan himayəsində bir yetkinlik yaşına çatmamış uşağının olması onu əvvəlki nikahdan olan uşaqlarının saxlanmaları vəzifəsindən azad edə bilməz, habelə ona bununla bağlı müəyyən güzəştlər edilməsi nəzərdə tutula bilməz. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia təmin edildiyinə görə məhkəmə hesab edir ki, ödənilməli 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə, habelə, mediasiya xərci kimi iddiaçı tərəfindən ödənilmiş pul vəsaitinin əvəzi kimi 60 manat cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 iyul 2019-cu il tarixli, 2(007)- 2289/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə, 11 yanvar 2016-cı il təvəllüdlü X3 və 06 sentyabr 2017-ci il təvəllüdlü X2 18 yaşa çatanadək saxlanmaları üçün Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) üçdə-bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin və həmin məbləğdə alimentin tutulması qətnamə çıxarıldığı 26 oktyabr 2023-cü il tarixdən hesablansın. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə, 60 manat mediasiya xərci isə Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-5438/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5438/2023
26.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver