Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5449/2023 24.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 82000 manat məbləğində pulun və 336 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 82000 manata Binəqədi rayonunda ev almışam. Sonradan məlum oldu ki, aldığım ev əslində cavabdehə deyil digər şəxsə məxsusdur. Bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi də mövcuddur. Həmin qətnamələri məhkəmə iclası zamanı təqdim edəcəm. Cavabdeh evi mənə 82000 manata satdığını etiraf etsə də pulumu geri qaytarmır. Bu səbəbdən də hüquqlarımı müdafiə etmək məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Bu səbəbdən də hesab edirəm ki, cavabdehin məndən heç bir üstünlüyü olmadığı üçün və hamımız Azərbaycan Respublikasının qanunlarına tabe olduğumuz üçün, qanunun tələbinə əsasən mənə dəymiş zərər cavabdeh tərəfindən tam şəkildə ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 1097.1-ci maddəsinə əsasənmülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.
3. Məhkəmə iclaslarında iddiaçı və onun nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və iddia tələbini müdafiə etmişlər. Bundan əlavə iddiaçı bildirmişdir ki, 2014-cü ildə oğlunun qız toyu olmuşdu, evi balaca olduğundan oğluna toy edə bilməmişdi. Bu səbəbdən də ev axtarmaq qərarına gəlmişdir. Ev alqı-satqısı ilə bağlı olan şəxs onu cavabdehlə tanış etdi. Cavabdeh oğlu üçün tikmiş olduğu evi satmaq istədiyini bildirdi. Onlar evə baxdılar və evi bəyəndilər. Cavabdehin satdığı ev bir dam altında tikilmiş olan 2 ayrı evdən ibarət idi. Belə ki, birində cavabdeh öz ailəsi ilə yaşayırdı, digər ev isə hazır vəziyyətdə idi. Bundan sonra onlar evinin qiymətini 85000 manata razılaşdılar və cavabdehə xx.xx.2014-cü ildə 82000 manat pul verdi və ailəsi ilə birlikdə evə köçdülər. Qalan 3000 manat isə cavabdehə evin sənədi düzəldildikdən sonra verilməli idi. Cavabdeh evin sənədinin 10 gün müddətində hazır olacağını bildirsə də, 10 gün keçdikdən sonra cavabdehə evin sənədinin hazır olub-olmamasını soruşduqda cavabdeh hələ sənədin hazır olmadığını bildirdi. O pulun cavabdehə verilməsini təsdiq etmək üçün cavabdehə notarial müqavilə bağlamağı təklif etmiş və Azadlıq metrosunun yaxınlığında yerləşən notariat ofisinə getmişlər. Notariat ofisində ev alqı-satqı müqaviləsi bağlamaq üçün pulun hesaba köçürülməsi tələb edilmişdir. Lakin cavabdeh artıq pulu xərclədiyindən belə bir müqavilə bağlaya bilməmişlər. Daha sonra cavabdehin notariusla təkbətək görüşündən sonra, onlar podrat müqaviləsi bağlamaq qərarına gəlmişlər. O evi cavabdehdən alanda hər hansı probleminin olub-olmadığını soruşmuş, cavabdeh isə pul lazım olduğu üçün evi satdığını və başqa problem olmadığını bildirmişdir. Lakin bir müddət keçdikdən sonra ona məlum olmuşdur ki, ondan əvvəl cavabdehin Mirbala adlı şəxslə məhkəmə işi olub və torpaq sahəsi Mirbalaya məxsus olmuşdur. Nəticədə məhkəmə qərarı çıxarılmış və qərara əsasən ev sökülməli idi. Cavabdehin yaşadığı evdə əvvəllər Mirabala yaşamış. O bu əsələni bildikdən sonra cavabdeh onu evdən heç kimin çıxartmayacağını və Mirbala ilə olan məsələni özü qısa vaxtda həll edəcəyini bildirmişdir. Lakin xx.xx.2023-cü ildə onu və ailə üzvlərini icra məmurları çıxartmışdır. Onlar evdən çıxanda cavabdeh onlara təklif etdi ki, bir müddət onların evində qalsınlar. O ailəsi ilə birlikdə bir müddət cavabdehin evində qalmış, cavabdeh isə qonşuluqda olan qardaşının evinə köçmüşdür. Bütün bunlara görə uşaqlarının psixi durumu pozulmuş, yoldaşı hələ də Türkiyə Respublikasında müalicə almaqdadır. Ev hazır ev idi, lakin evin divar kağızları xoşlarına gəlmədiyindən dəyişmiş və bir sıra başqa işlər görmüşdür. O, evə yaşadığı 8 il müddətində evin təmirinə 15000 manat xərcləmişdir. İcra məmurlarının təkidindən sonra və onlar tərəfindən söküntünün necə gəldi icra edilməsinin qarşısını almaq üçün evi özü sökmüş və bütün söküntü materiallarını dostunun həyətinə yığımışdır. Cavabdeh şəxsən özü sökülən materialların dəyərini qiymətləndirmiş və qiymətin təxminən 5000-6000 manat olduğunu müəyyən etmişdir. Cavabdeh ödədiyi pul verdiyi təqdirdə sökülən materialları cavabdehə qaytarmağa hazırdır.
4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Belə ki, aldığı torpaq sahəsi böyük olduğundan və onun pula ehtiyacı olduğundan ev tikib satmaq qərarına gəlmişdir. Çünki torpağı aldığı şəxs ona torpaq sahəsində evi tikib qurtardıqdan sonra sənədi düzəldib verəcəyini bildirmiş və o bununla razılaşaraq torpaq sahəsində ev tikməyə başlamışdır. Torpaq sahəsində 3 ev olmuş, biri ona, ikinci ev qardaşına, üçüncü ev isə iddiaçıya satdığı olmuşdur. O, iddiaçı ilə 85000 manat məbləğində notariat ofisində podrat müqaviləsi bağlamış. İddiaçı ona təxminən 81000-82000 manat pul vermişdir. Evin çıxarışı olmadığı üçün alqı-satqı müqaviləsi bağlaya bilməmiş, bu səbəbdən aralarında podrat müqaviləsi bağlanmışdır. O podrat müqaviləsinin şərtlərinə əməl edərək, evi iddiaçıya vermiş və iddiaçı orda 8 il yaşamış, hətta uşaqlarına o evdə toy etmişdir. Daha sonra torpağı aldığı şəxs torpaqla bağlı sənədi təqdim etmədi, bundan sonra işləri polisə düşmüş və 9 il polis idarəsində araşdırma getmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-103/2020 saylı qətnaməsinə əsasən, iddiaçılar X1 və X2 ona və ailə üzvlərinə, qardaşının həyat yoldaşı X6 və ailə üzvlərinə, İddiaçı və azilə üzvlərinə qarşı iddiası təmin edilmiş və cavabdehlərin evdən çıxarılması, tikililərin öz vəsaitləri hesabına sökülməsi və həmin torpaq sahəsinin iddiaçılara təhvil verilməsi qət edilmişdir. Həmin qətnamədən onun tərəfindən verilən apellyasiya şikayəti təmin edilməmiş, kassasiya şikayəti isə qismən təmin edilərək, apellyasiya məhkəməsinin qətnaməsi onun ailə üzvlərinə münasibətdə iddianın təmin edilmiş hissəsində ləğv edilmiş və iddia həmin hissədə rədd edilmişdir. Daha sonra icra məmuru izahla bağlı məhkəməyə müraciət etmiş və məhkəmə ləğv edilmiş qətnaməsinə izah verərək, yalnız onun, qardaşının yoldaşının və Elmanın çıxarılmalı olması barədə izah vermişdir. Elman evi tam olaraq söküb, hər şeyi aparmış və evdən özü çıxmışdır. Lakin indi ondan pul tələb edir. Hesab edir ki, iddiaçı ona evi təhvil verdiyi kimi versəydi o da pulunu qaytarardı. Məhkəmənin qətnaməsinə əsasən onun evi yox, qardaşının evi sökülmüşdür. İcra məmurunun hərəkətlərindən şikayət vermiş, məhkəmənin qərarı ilə icra məmurunun hərəkətləri qanunsuz hesab edilmiş, lakin buna baxmayaraq ayın 14-ü icra məmuru evi sökmüşdür. İcra məmuru Elmanı bezdirdiyindən o evdən çıxmış və Elman onun evində 3 ay yaşamışdır. Onun hazırda imkanı yoxdur ki, pulu qaytarsın, həyat yoldaşı onkoloji xəstədir.
5. Sonuncu məhkəmə iclasında cavabdeh iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı sənəd göndərməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdirş Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
6. Mülki işin cavabdeh tərəfindən mübahisələndirilməyən halları ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında Binəqədi rayonu ərazisində yerləşən torpaq sahəsində olan fərdi yaşayış evinin alqı-satqısı barədə şifahi razılaşma olmuş və bu əsasla alıcı satıcıya xx.xx.2014-cü ildə 82000 manat pul vermişdir. Cavabdeh iddiaçının bəyəndiyi və tam hazır vəziyyətdə olan fərdi yaşayış evini iddiaçıya təhvil vermişdir. İddiaçı ailə üzvləri ilə birlikdə həmin evə köçərək yaşamağa başlamışdır. Tərəflər arasında olan şifahi razılaşmaya əsasən evin alqı-satqı dəyəri 85000 manata razılaşdırılmış və qalıq 3000 manatın isə evin sənədi təqdim edildikdən sonra ödəniləcəyi barədə tərəflər öhdəlik götürmüşdür. Lakin evin sənədi təqdim edilmədiyindən, iddiaçı tərəflər arasında olan şifahi razılaşmanı notarial qaydada rəsmiləşdirməyi tələb etmişdir. Bundan sonra daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamasına görə alqı-satqı müqaviləsinin notarial qaydada rəsmiləşdirilməsi mümkün olmamışdır. Bununla belə tərəflər arasında xx.xx.2014cü ildə podrat müqaviləsi bağlanmışdır. Sifarişçi İddiaçı ilə podratçı Cavabdeh arasında bağlanan həmin müqavilənin şərtlərinə görə, podratçı öz materiallarından istifadə etməklə Binəqədi rayonu ərazisində ümumi sahəsi 178 kv.m olan 220 santimetr hündürlüyü olan kürsü üzərində bir mərtəbəli fərdi yaşayış evini mişar daşı ilə hörüb yaşayış üçün hazır vəziyyətdə xx.xx.2015-ci il tarixə kimi sifarişçiyə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul edərək muzd da daxil olmaqla 85000 manat ödəniş etməyi öhdəsinə götürmüşdür.
7. İddiaçılar X1, X2 cavabdehlər Cavabdeh, İddiaçı və X5 qarşı “torpaq sahəsinin və orada yerləşən tikililərin boşaldılaraq təhvil verilməsinə, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsinə” tələbinə dair iddiası qismən təmin edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-103/2020 saylı qətnaməsinə əsasən, cavabdehlər Cavabdeh, İddiaçı və X3 və onun ailə üzvlərinin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən 20 sot torpaq sahəsindən və yarımtikililərdən çıxarılması, həmin ərazidə cavabdehlər tərəfindən tikilmiş əlavə tikililərin(yarımtikililər) cavabdehlərin vəsaiti hesabına sökülməsi və həmin ərazilərin boşaldılaraq iddiaçılara təhvil verilməsi qərara alınmışdır.
8. Eyni zamanda həmin qətnamədə göstərilmişdir ki, Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi rüstəm İsmayılovun xx.xx.2017-ci il tarixli cinayət təqibi üzrə icraata xitam verilməsi barədə qərarına əsasən, Cavabdeh əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət təqibi üzrə icraata xitam verilməli, X7 oğluna mübahisənin mülki qaydada həll olunması üçün məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)- 103/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-762/2021 saylı qətnaməsinə əsasən təmin edilməmişdir. Həmin məhkəmə proseslərində cavabdeh kimi İddiaçı iştirak etməmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-762/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilən kassasiya şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-4082/21 saylı qərarına əsasən kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-762/2021 saylı qətnaməsi ƏlCavabdeh ailə üzvlərinin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən 20 sot torpaq sahəsindən və yarımtikililərdən çıxarılmaları hissəsində ləğv edilmiş, iddia həmin hissədə rədd edilmiş, qətnamə Cavabdeh aid digər hissədə dəyişdirilmədən saxlanılmışdır.
11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 103/2020 saylı qərardadına əsasən, icra məmurunun qətnaməyə izah verilməsi barədə ərizəsi təmin edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-103/2020 saylı qətnaməsinə belə izah verilmişdir ki, qətnamənin nəticə hissəsi cavabdehlər Cavabdeh, İddiaçı və X3 mübahisəli ərazidən çıxarılması başa düşülməlidir.
12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 103/2020 saylı qərardadından müəyyən edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-103/2020 saylı icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir və icra məmuru borcluların ailə üzvlərinin torpaq sahəsindən və yarımtikililərdən çıxarılmalı olubolmaması məsələsinə izah verilməsini məhkəmədən xahiş etmişdir.
13. Bundan əlavə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(001)-133/2023 saylı qərardadından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-103/2020 saylı icra sənədi üzrə icra məmurunun hərəkətləri borclu X3 ailə üzvləri X9 və X4 torpaq sahəsindən və yarım tikililərdən çıxarılması hissəsində qanunsuz hesab edilmiş və onların torpaq sahəsindən və yarım tikililərdən çıxarılmalarının dayandırılması vəzifəsi icra məmuruna həvalə edilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
14. Əvvəla məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Belə ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
15. İddiaçı iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 21 və 1097-ci maddəsinə istinad etməklə, tələbini hüquqazidd əməl nəticəsində vurulmuş zərərin tutulması kimi əsaslandırır.
16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
17. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
18. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
19. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
20. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
21. Lakin məhkəmə o qənaətə gəlir ki, işin mübahisəsiz halı kimi müəyyən edilmiş faktiki halları ilə iddiaçının tələbinin qanuni(hüquqi) əsası uyğun deyildir. Belə ki, cavabdehin təqsirli, hüquqazidd əməl törətmiş olması işin müəyyən edilmiş halları ilə təsdiq olunmamışdır. Bununla belə məhkəmə xidməti vəzifəsinə görə o qənaətə gəlir ki, iddiaçının tələbinin qanuni əsasını əqdin etibarsızlığının nəticələrinin tətbiqi, yəni Mülki Məcəllənin 337.5-ci maddəsi təşkil edir.
22. Belə ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. Məhkəmə aktının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad etdikdə məhkəmə iddianın predmetini və ya əsasını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluğun maraqlarına uyğun olan hesab edilməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin hüquqi mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Mülki prosesdə məhkəmələr tərəflərin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq tətbiq ediləcək hüquq normalarını müstəqil surətdə müəyyən etməlidir. Bu yanaşmanın əsasında “jura novit curia” (“məhkəmə qanunu bilir”) prinsipi dayanır.(Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarı)
23. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.
24. Eyni hüquqi yanaşma “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə təcrübəsinin vahidliyini təmin edən xx.xx.2022-ci il tarixli qərardadında da əks olunmuşdur.
25. Göstərilən mövqeyə əsaslanaraq, işin müəyyən edilmiş faktiki halları baxımından məhkəmə o qənaətə gəlir ki, tərəflər arasında etibarsız podrat müqaviləsi bağlanmışdır.
26. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
27. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
28. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
29. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
30. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
31. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
32. 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
33. 572.1. Alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin.
34. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
35. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
36. Sadalanan normalardan göründüyü kimi podrat müqaviləsi(evin tikintisi ilə bağlı) alğı-satqı müqaviləsindən fərqli olaraq, əşyanın müqavilə bağlandığı vaxt sifarişçiyə təhvil verilməsini deyil, onun podratçının öz məmulatı və ya sifarişçinin məmulatı hesabına hazırlamağı üzərinə götürdüyü müqavilədir. Lakin işin hallarından görünür ki, podrat müqaviləsi bağlanan zaman ev hazır olmuş və tərəflər əslində mövcud olan tikilinin alqı-satqısını həyata keçirməyə çalışmışlar. Belə ki, satılması istənilən tikili dövlət reyestrində qeydə alınmamış əşya olduğundan, onun barəsində alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsinin mümkünsüzlüyü tərəflərə məlum olduqdan sonra belə addım atmaq qərarına gəlmişlər. Yəni onlar alqı-satqı müqaviləsini pərdələmək niyyəti ilə podrat müqaviləsi bağlamışlar. Halbuki, Mülki Məcəllənin 340.2-ci maddəsinin tələbi baxımından yalan əqd əhəmiyyətsiz olmaqla etibarsızdır və etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur.
37. Bundan başqa tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaların tətbiqi də hazırki mübahisədə istisna edilir. Belə ki, yuxarıda qeyd edildiyi kimi alqı-satqı predmeti kimi çıxış edən tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır və həmin tikili ilə bağlı hər hansı sərəncam əqdinin bağlanması mülki qanunvericiliyə əsasən qeyri-mümkündür. Bununla yanaşı artıq həmin tikili sökülmüş və tikilinin yerləşdiyi torpaq sahəsinin başqasının sahibliyində olduğu təsdiq olunmuşdur.
38. Göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, əhəmiyyətsiz müqavilə üzrə iddiaçı tərəfindən ödənilməsi mübahisə doğurmayan 82000 manat məbləğində pul vəsaiti əqdin etibarsızlığının nəticələrinə əsasən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
39. Cavabdehin etirazının dəlillərinə münasibətdə isə məhkəmə qeyd edir ki, onun dəlilləri iddianın əsaslılığını istisna etmir. Belə ki, iddiaçının qeyd edilən tikilini sökməsi onun istəyindən asılı olmamış, məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədinin məcburi göstərişlərindən irəli gəlmişdir. Hansı ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən, cavabdehlər tərəfindən tikilmiş əlavə tikililərin(yarımtikililər) cavabdehlərin vəsaiti hesabına sökülməsi nəzərdə tutulmuşdur. İddiaçının ailə üzvlərinin həmin tikilidən çıxarılması barədə və onların orada yaşamaqlarını qanunsuz edən məhkəmə qətnaməsinin olmadığına dair cavabdehin etirazının dəlili də əsassızdır. Belə ki, həmin məsələ müqavilənin etibarsızlığını istisna etmir.
40. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki qətnamə cavabdehin ona məxsus olan sökülmüş tikinti materiallarını tələb etməsini istisna etmir. Tətbiq edilən prosessual normalar
41. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
42. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
43. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
44. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
45. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
46. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 82000 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 336 manat tutularaq İddiaçı ödənilməlidir.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 82000(səksən iki min) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 336(üç yüz otuz altı) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev