Məhkəmə qərarları › İş №e-2(001)-5454/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-5454/2022

22.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-5454/2022 22.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın” ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Katv1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 111.87 manat məbləğində vurulmuş zərərin, həmçinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün "xxxx" MMC-yə ödənilmiş 150 manat pulun və iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidmət haqqının, ümumilikdə 292.27 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın məhkəmə icraatı mümkün deyil və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qanunvericiliyin yuxarıda sadalanan normalarından göründüyü kimi, istənilən fiziki və ya hüquqi şəxs pozulmuş hüquqlarını müdafiə etmək və ya hüquqlarını təsdiq etdirmək üçün məhkəməyə müraciət edə bilər. Bu anlamda məhkəmə müdafiəsi mübahisəli hüquq münasibətlərindən irəli gəlməlidir. Yəni məhkəmədə hüquqların müdafiəsi ilə bağlı tələb irəli sürmək üçün digər tərəf onun hüquqlarını pozmalı və onun pozulmuş hüquqlarının bərpasından yayınmalıdır ki, tərəflər arasında mübahisə yaranmaqla məhkəmədə iş başlanılması üçün əsas olsun. Halbuki iddia ərizəsinin mahiyyətindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı əvvəllər müqavilə münasibətlərində olduğu cavabdehin müqavilə münasibətlərinə xitam verildikdən sonra onun kabel şəbəkəsinə qanunsuz qoşulmaqla ziyan vurduğunu iddia edir və bununla bağlı müvafiq akt və videoçəkiliş apardığını bildirir. Eyni zamanda bu barədə cavabdehdən vurduğu zərərin ödənilməsi ilə bağlı pretenziya məktublarını göndərdiyini və cavabdehin poçt xəbərnaməsinə imza atmaqla məktubları qəbul etdiyini, lakin hər hansı ödəniş aparmadığını göstərir. Göründüyü kimi iddiaçı özü də fərqindədir ki, cavabdehə vurulmuş ziyanın ödənilməsi ilə bağlı xəbərdarlıq etməli və bundan sonra məhkəməyə müraciət etməlidir. Lakin iddiaçı həmin məqamlara iddia ərizəsində istinad etməsinə baxmayaraq, pretenziya məktublarını iddia ərizəsinə əlavə etməmiş və iddia ərizəsinə qoşma kimi sadalanan sənədlər siyahısında belə göstərməmiş, yalnız poçt xəbərnamələrini əlavə etməklə kifayətlənmişdir. Odur ki, iddia ərizəsi məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət edilmədiyi və ya bununla bağlı sənəd təqdim edilmədiyi üçün geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur;. Beləliklə hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən iddia ərizəsi və ona əlavə edilən sənədlər, o cümlədən 30 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın” ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, o cümlədən 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar