Məhkəmə qərarları › İş №e-2(001)-5460/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5460/2023

27.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5460/2023 27.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə İddiaçı (MMC) Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 27 noyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş zərərin əvəzi kimi 2800 manatın, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi isə 48 manatın, beləliklə, ümumilikdə 2848 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən qeydiyyat nişanı **-PG-*** olan, sedan tipli, buraxılış ili 2019, rəngi ağ olan “RAVON R3” markalı avtonəqliyyat vasitəsi X3 icarəyə verilmişdir. 22 oktyabr 2021-ci il tarixində İddiaçı MMC-yə lisenziyalı taksi fəaliyyəti ilə məşğul olmaq üçün müraciət edən cavabdeh X5 ilə İddiaçı MMC arasında **-PG-*** qeydiyyat nişanlı, sedan tipli, buraxılış ili 2019 olan, ağ rəngli, “RAVON R3” marka modelli xidməti avtomaşının X2 istifadəsinə verilməsinə dair xidmət müqaviləsi bağlanmışdır. X5 idarəsində olduğu **-PG-*** qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu ərazisində hərəkət edərkən idarəetməni itirmiş və yol nəqliyyat hadisəsi baş vermişdir. Bu yol nəqliyyat hadisəsi səbəbindən cavabdehin idarə etdiyi avtomaşına 2800 manat miqdarında maddi ziyan dəymişdir. Bunu İddiaçı MMC tərəfindən tərtib olunmuş, xx.xx.2022-ci i tarixli Qüsur Aktı da təsdiq edir. Bundan sonra İddiaçı MMC-nin rəhbərliyi və əməkdaşları tərəfindən uzun müddət və dəfələrlə sürücü X3 müracət edilərək Cəmiyyətə vurduğu zərərin əvəzinin ödənilməsini tələb edilsə də, o bütün bunlara əhəmiyyət verməyərək məqsədli şəkildə avtomaşına və cəmiyyətə vurduğu zərəri ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq, iddianı müdafiə etdiyini bildirib, təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İştirak etdiyi əvvəlki məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul etdiyini bildirərək, izahatında göstərmişdir ki, o, iddiaçıya məxsus avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə avtomobilə ziyan dəymişdir. Həmin vaxt o, iddiaçıdan aylıq 550 manat əmək haqqı alırdı. İddiaçının öz ustaları tərəfindən hesablanmış zərər 1000 manat təşkil etmiş, iddiaçı onun əmək haqqından 450 manatını tutaraq, ona 100 manat pul vermişdir. Sonradan iddiaçı onu işdən azad etmiş və 550 manatı tələb etmişdir. Bu zaman o, ayda 200-250 manat olmaqla tələb olunan pulu ödəyə biləcəyini desə də, iddiaçı razılaşmamışdır. Hazırki məbləğ iddiaçı tərəfindən şişirilmişdir. Tədqiq edilən sübutlar: - "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS- 4162 nömrəli “X7”nə əsasən, "xxxx" MMC İddiaçı MMC-nin sifariş etdiyi “Ravon Nexia R3 CDX Minik” markalı avtomobili muzdla İddiaçı MMC-nin müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, İddiaçı MMC isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. - İddiaçı MMC ilə X6 arasında bağlanmış 22 oktyabr 2021-ci il tarixli, 030 nömrəli “Taksi xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən, iddiaçı taksi xidmətlərinin göstərilməsini sifariş verib cavabdehə razılaşdırılmış xidmət haqqı və əvvəlcədən müəyyənləşdirilən faizləri ödəməyi, cavabdeh isə iddiaçının müəyyən etdiyi qaydada taksi xidmətlərini göstərməyi öhdəsinə götürmüş, iddiaçıya qanuni əsaslarla məxsus olan “Ravon Nexia R3 CDX Minik” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobili qanuni taksi xidməti ilə məşğul olmaq üçün cavabdehin istifadəsinə vermişdir. - İddiaçı tərəfindən tərtib edilmiş qüsur aktında avtomobilə dəymiş zərərin ehtiyat hissələrinə görə 1800 manat (1 ədəd qabaq qapı – 750 manat, 1 ədəd arxa qapı – 700 manat, 1 ədəd “padnoşka” 250 manat, 1 ədəd “stoyka” – 100 manat), dəmirçi işinə görə 500 manat, rəngsaz işinə görə 500 manat olmaqla, ümumilikdə 2800 manat olduğu göstərilmişdir. - Məhkəmənin sorğusuna əsasən, “X11” MMC-nin 13 noyabr 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, “Ravon R3” markalı avtomobilin qabaq sol qapısının dəyəri 430 manat, qabaq sağ qapısının dəyəri 390 manat, arxa sağ və sol qapılarının hər birinin dəyəri 370 manat təşkil edir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəllənin: - 1096.1 və 1096.2-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər və hazırkı işdə də sadalanan əsaslar mövcuddur. Hazırki halda cavabdeh özü izahatında iddiaçıya məxsus avtomobillə yol-nəqliyyat hadisəsi törətdiyini və nəticədə iddiaçıya maddi zərər vurduğunu etiraf edir. Mübahisələndirilən hissə zərərin miqdarıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddia tələbində zərərin miqdarı 2800 manat olaraq göstərilmiş, tələbin bu hissəsi iddiaçı tərəfindən təqdim edilmiş qüsur aktında göstərilənlərlə əsaslandırılmışdır. Həmin qüsur aktında avtomobilin zədələnmiş hissələrindən 1 ədəd qabaq qapı 750 manat, 1 ədəd arxa qapı 700 manat kimi göstərilmişdir. Lakin, “X11” MMC tərəfindən məhkəməyə ünvanlandırılmış məktubdan görünür ki, həmin model avtomobilin qabaq sol qapısının dəyəri 430 manat, qabaq sağ qapısının dəyəri 390 manat, arxa sağ və sol qapılarının hər birinin dəyəri 370 manat təşkil edir. Bunun əksini sübut edən halla bağlı iddiaçı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə tərəflər tələb və etirazlarını əsaslandırdıqları faktları sübut etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan proses iştirakçılarının üzərinə qoyur. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə cavabdehin dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, iddiaçı tərəfin onun əmək haqqından 450 manatını tutaraq, ona 100 manat pul verdiyinə dair heç bir sübut təqdim etməmiş, lakin “Qüsur aktı”nda qiymətin yüksək olmasına dair məhkəmə hesab edir ki, avtomobilin zədələnmiş hissələrindən 1 ədəd qabaq (dəyəri 430 manat) və 1 ədəd arxa (dəyəri 370 manat) qapıların qiyməti bu marka avtomobillərin rəsmi satışını həyata keçirən “X11” MMC-nin təqdim etdiyi qiymətlər üzrə müəyyən edilməsi obyektivdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ümumilikdə iddiaçının xeyirinə dəymiş zərərəin əvəzi olaraq 2150 manat pul vəsaiti cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, iddia qismən təmin edildiyindən, onun təmin edilmiş hissəsinə münasibətdə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 41,5 manat məbləğində pul vəsaiti də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi kimi 2150 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 41,5 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar