Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5490/2024 23.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 (eyni zamanda X3 qanuni nümayəndəsi) və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 (eyni zamanda X3 qanuni nümayəndəsi) və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən onun xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********51 saylı Kredit müqaviləsi üzrə ödənilməmiş 8.518,68 manat əsas borc və 4,84 manat faiz borcu olmaqla, ümumilikdə 8.523,52 manat, ödənilmiş 105,23 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X6 arasında xx.xx.2020-ci il tarixli, BPM**********51 saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 36 ay müddətinə illik 19 faiz ödəmək şərtilə 10000 manat məbləğində nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. AZ-İİ №132394 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 20 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 233 saylı məktubuna əsasən, X6nun mirası qəbul etmiş vərəsələrinin Cavabdeh1, Cavabdeh2 və X7 olduğu müəyyən edilmişdir. Miras əmlak, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən “Hərbi Qulluqçuların Dövlət İcbari Şəxsi Sığortası haqqında” Azərbaycan Resublikası qanununa əsasən, ödəniləcək 11000 manat sığorta ödənişindən ibarətdir. Bankın Əcəmi filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X6nun xx.xx.2024-cü ilədək Banka ödənilməmiş 8518.68 manat əsas borc və 4.84 manat faiz borcu qalmışdır. Cavabdehlər mərhum X2 qalmış mirası qəbul etmələrinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdirlər. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehlərə xx.xx.2023-cü il tarixində 6-2-22/2- 27289/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq sonuncu öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdirlər. Cavabdeh1 nümayəndəsi (vəkili) iddiaya etiraz göndərərək bildirmişdir ki, o, iddia ərizəsi və əlavə olunmuş sənədlərə əsasən, hazırkı iddia tələbinin rədd edilməsini xahiş edir. Belə ki, iddiaçı "xxxx" ASC hazırkı iddia ilə cavabdehlərə qarşı iddia vermək üçün müəyyən olunmuş iddia müddətini ötürmüşdür. İş materialları ilə X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir, xx.xx.2021-ci il tarixdə isə Cavabdeh1, Cavabdeh2 və X7 mirası qəbul etmələri barədə vərəsəlik şəhadətnaməsi almışlar. Əlavə olaraq Cavabdeh1 verdiyi məlumata əsasən cavabdehlər ümumiyyətlə X6nun xx.xx.2020-ci il tarixdə kredit götürməsindən ümumiyyətlə xəbərsiz olmuşlar. Kredit müqaviləsi dövründə xəstə olan X6nun o qədər pulu niyə götürməsi onlara qaranlıq qalmışdır. Mərhumun X6nun xx.xx.2020-ci il tarixdə vəfat etməsinə görə yazı, imza nümunələri, məbləğlər və.s barədə lazımı araşdırma aparılması da qeyri-mümkün olmuşdur. Bundan əlavə İddiaçı "xxxx" ASC-nin əməkdaşları tərəfindən 3 il Cavabdeh1 ilə əlaqə saxlanmış, cavabdeh onlara X6nun xx.xx.2020-ci il tarixdə vəfat etməsini və həmin kredit borcundan məlumatsız olduğunu demişdir. İddiaçı tərəfindən iddia ərizəsində cavabdehlərə xx.xx.2023-cü il tarixində 6-2-22/2-27289/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsi qeyd olunmuş və mülki iş materiallarına həmin məktubun surəti əlavə olunmuşdur. Lakin həmin məktub heç bir cavabdehə çatmamışdır, daha doğru desək çatması da mümkün deyildi. İddiaçı "xxxx" ASC tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, mərhum X6 şəxsi məlumatlarında məlumatlarında, eyni zamanı kredit müqaviləsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 275 H/H ünvanında qeydiyyatda olmasını, ünvan 2ında yaşamasını göstərmişdir. Lakin cavabdehlərə xx.xx.2023-cü il tarixində yazılmış məktub xx.xx.2023- cü il tarixdə çatdırılması üçün poçt şirkətinə verilmiş, xx.xx.2023-cü il tarixdə isə məktub qəbul edilmədən qaytarılmışdır. Bununla da təkrar aydın olur ki, xx.xx.2023-cü il tarixdən əvvəl iddiaçı "xxxx" ASC-nə mərhum X6nun xx.xx.2020-ci il tarixdə vəfat etməsi, Cavabdeh1, Cavabdeh2 və X7 mirası qəbul etmələri məlum olmuşdur. Eyni zamanda iddiaçı "xxxx" ASC tərəfindən mülki iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli Azərbaycab Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, X6 ölüm səbəbi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyatdan çıxmışdır. Həmin sənədin yerləşdirilməsi ilə bir daha iddiaçı "xxxx" ASC-nin X6nun xx.xx.2020-ci il tarixdə vəfat etməsindən məlumatlı olmasından xəbər verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil iddianı qəbul etməyərək iddia müddətini tədbiq etməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Digər cavabdeh məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2020-ci il tarixli BPM**********51 nömrəli Kredit Müqaviləsindən görünür ki, X6 "xxxx" Açıq Səhmdar Cəmiyyətindən illik 19 faizlə 36 ay müddətinə 10000 manat məbləğində kredit götürmüşdür. Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli adlandırılan və kredit müqaviləsinin əlavəsi olan sənəddən görünür ki, X6 tərəfindən götürülmüş kreditin aylıq ödənişləri 366,6 manat olmaqla xx.xx.2023-cü il tarixinə qədər geri qaytarılması razılaşdırılmışdır. xx.xx.2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, 10.000 manat məbləğində kredit məbləği X6 tərəfindən bankın kassasından qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli Maliyyə arayışından görünür ki, X6nun kredit müqaviləsi üzrə banka 8.518,68 manat əsas borcu vəfat etdiyi tarixə 4.83 manat faiz borcu vardır. AZ-İİ seriyalı 132394 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə ölmüşdür. 2V/15 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X6nun vərəsələri Cavabdeh1, Cavabdeh2 və X5r. Miras əmlak Azərbaycan Respublikası Dövlət Kommersiya Şirkəti tərəfindən “Hərbi qulluqçuların Dövlət icbari Sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödəniləcək 11.000 manat sığorta ödənişindən ibarətdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2023cü il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən 105.23 manat dövlət rüsumu və 0.4 manat bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (münasibətlər yarandığı an qüvvədə olan maddə) Azərbaycan Respublikasının Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1151.1 və 1153-cü maddələri). Eyni Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1152-ci maddəsinə görə isə miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. Vərəsəlik institutu hər bir şəxsin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Yəni, miras əmlak miras qoyanın öldüyü anadək mövcud olan və ona mənsub olan əmlakı ifadə edir. Hər hansı iqtisadi dəyərin miras əmlaka daxil olması üçün həmin iqtisadi dəyərin miras qoyanın sağlığında ikən onun əmlakında olması mütləqdir. On bir min manat məbləğində birdəfəlik ödəmə isə hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ölümü ilə əlaqədar onların ailə üzvlərinə verilməklə sağlığında əldə etdiyi əmlak və digər maddi nemət, yəni miras qoyana məxsus əmlak dəyəri olmadığından miras əmlak sayıla bilməz. Göründüyü kimi, iddiaçı ilə müqavilə tərəfi olan mərhum X6nun vərəsələri hazırki iş üzrə cavabdehlərdir və həmin cavabdehlərə Azərbaycan Respublikası Dövlət Kommersiya Şirkəti tərəfindən “Hərbi qulluqçuların Dövlət icbari Sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 11.000 manat sığorta ödənişi verilmişdir. Hazırda da bank mərhumun borcunun vərəsələrinin qəbul etdiyi 11.000 manat sığorta ödənişini əsas götürməklə hazırki iddianı qaldırmışdır. Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıdakı qərarında sərgilənən mövqeyə görə on bir min manat məbləğində birdəfəlik ödəmə hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ölümü ilə əlaqədar onların ailə üzvlərinə verilməklə sağlığında əldə etdiyi əmlak və digər maddi nemət, yəni miras qoyana məxsus əmlak dəyəri olmadığından miras əmlak sayıla bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia rədd olunmalıdır. Gəldiyi qənaətə uyğun olaraq məhkəmə, cavabdehin nümayəndəsinin (vəkilinin) “iddia müddətini ötürülməsi” dəlilinə də xüsusi münasibət bildirməyə zərurət olmadığını vurğulayaraq özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 (eyni zamanda X3 qanuni nümayəndəsi) və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddiası rədd edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 (eyni zamanda X3 qanuni nümayəndəsi) və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-5490/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5490/2024
23.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver