Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5492/2022 18.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə 692 manat əsas və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 514 manat faiz borcu olmaqla, cəmi 1206 manat borcun və iş üzrə ödənilmiş 33 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh arasında bağlanmış 47 MN №-li 12 yanvar 2007-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 692 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.2.3-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə cavabdehlərə xx.xx.2022-ci il tarixli, **********225 saylı xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 1 206 manat təşkil edir. Bundan 692 manat əsas və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 514 manat faiz borcu təşkil edir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş, lakin xx.xx.2022-ci il tarixində məhkəməyə daxil olan etirazında xidməti məhdudiyyətləri ilə əlaqədar məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
5. Cavabdeh məhkəməyə ünvanladığı etirazında iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh olduğu 2(001)-5492/2022 saylı mülki iş üzrə ona qarşı qaldırılan iddia tələbini qəbul etmir. Belə ki, İddiaçı ASC-nin nə özünü, nədə ki, yerləşdiyi ünvanı ümumiyyətlə tanımır. Bankdan heç vaxt istehlak krediti almamışdır. Bank əməkdaşlarının ona dəfələrlə zəng etmələri və xəbərdarlıq etməsi yalan və böhtandır. Belə ki, 2007-ci ildən xx.xx.2022-ci il tarixinədək, ona bir dəfə də olsa, heç bir bank rəsmisi borclu olması haqqında məlumat verməmişdir. Uzun müddət 1994-cü ildən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin sıralarında, vətəni Azərbaycanın keşiyində hərbi xidmətdə olması ilə yanaşı, 28 ildir ki, ön xətt bölgəsində “N” saylı hərbi birləşmənin rəis müavini vəzifəsində xidmət edir. Silahlı Qüvvələrin veteranı və Vətən Müharibəsi iştirakçısı olmaqla, polkovnik-leytenant rütbəli zabitdir. Hal-hazırda Kəlbəcər və Ağdam rayonları ərazisində xidmətini davam etdirir. 2007-ci ildən artıq 15 il keçmişdir. Mülki Məcəllənin 373-cü maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il müəyyən edildiyi təqdirdə İddiaçı ASC tərəfindən bu məcəllənin maddəsi kobud surətdə pozularaq, 15 il keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Odur ki, iddia müddəti tətbiq edilməklə, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
7. İddiaçı ASC ilə borcalan Cavabdeh arasında imzalanmış 12 yanvar 2007-ci il tarixli, 47MN saylı istehlak kredit müqaviləsindən görünür ki, bank bu müqavilənin 1.4-cü maddəsində göstərilən məqsədlər üçün (mobil telefon almaq üçün) borc alana 12 ay müddətinə, illik 22 % dərəcəsi ilə 692 manat məbləğində kredit verməyi, borcalan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci maddəsinə əsasən müqavilənin təminatı kimi alınmış 2 ədəd mobil telefon çıxış edir.
8. İddiaçı ASC ilə borcalan Cavabdeh arasında imzalanmış 12 yanvar 2007-ci il tarixli 47MN saylı Girov müqaviləsindən görünür ki, 12 yanvar 2007-ci il tarixli 47 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 692 manat məbləğində kreditin qaytarılmasının təminatı kimi girovqoyanın mülkiyyətində olan 2 ədəd mobil telefon girovsaxlayana girov qoyulmuşdur. Müqavilənin 1.2-ci maddəsinə əsasən girov qoyulmuş əmlak girovqoyanda qalır.
9. İddiaçı ASC tərəfindən verilən 12 yanvar 2007-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 692 manat məbləğində kredit verilmişdir.
10. LPO İddiaçı ASC tərəfindən verilən 26 aprel 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 12 yanvar 2007-ci il tarixli, 500 saylı kredit müqaviləsi üzrə 22 aprel 2022-ci il tarixinə banka 692 manat əsas borcu, borcun gecikdirilməsinə görə 3202,34 manat cərimə, 514 manat faiz borcu olmaqla, 4408,34 manat məbləğində borcu vardır.
11. LPO İddiaçı ASC tərəfindən borcluya ünvanlanan 04 may 2022-ci il tarixli bildirişdən görünür ki, ona 12 yanvar 2007-ci il tarixli, 47MN saylı kredit müqaviləsinə əsasən yaranmış borc məbləğinin 3 gün müddətində ödənilməsi barədə məlumat verilmiş, borcun könüllü ödənilmədiyi təqdirdə borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir.
12. 15 iyul 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 33 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
13. İddiaçı ASC ilə borcalan Cavabdeh arasında imzalanmış 12 yanvar 2007-ci il tarixli, 47MN saylı istehlak kredit müqaviləsi ilə tərəf arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, bank tərəfindən Cavabdeh 12 ay müddətinə, illik 22 % dərəcəsi ilə 692 manat məbləğində kredit verilmiş, həmin kredit məbləği borcalan Cavabdeh tərəfindən qəbul edilmişdir. Bunun müqabilində borcalan krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.
14. Bundan başqa verilən kreditin təminatı üçün tərəflə arasında eyni tarixdə girov müqaviləsi bağlanmış və girov predmeti olan 2 ədəd telefon kredit müqaviləsinin təminatı kimi çıxış etməklə, girovqoyanda saxlanılmışdır.
15. Kredit müqaviləsinin müddəti 12 yanvar 2007-ci il tarixində başlanmış, 12 yanvar 2008-ci il tarixində bitmişdir.
16. İddiaçı 14 il sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə götürdüyü öhdəliklərin icrasından yayındığını və banka əsas borca görə 692 manat, gecikdirilmiş faiz borcu kimi 514 manat faiz borcunun yarandığını iddia etməklə cavabdehdən 1206 manat borcun tutulmasını xahiş edir.
17. Cavabdeh iddianı qəbul etmir və iddia müddətinin ötürülməsi səbəbindən iddia ərizəsinin rədd edilməsini xahiş edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
19. 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir;
20. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir;
21. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır;
22. 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir;
23. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır;
24. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir;
25. 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir;
26. 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər;
27. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
28. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
29. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
30. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz;
31. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür;
32. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
34. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
35. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
36. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
37. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır
38. İşin müəyyən edilən hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Kredit müqaviləsi üzrə öhdəliyin icra edilib-edilməməsi məhkəmə tərəfindən müəyyən edilməsə də, hazırki iddia tələbi əsassızdır.
39. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
40. Bundan başqa Konstitusiya Məhkəməsinin Plenum Qərarında (L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli) göstərilmişdir ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.
41. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 )
42. 12 yanvar 2007-ci il tarixli, 47MN saylı kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2008-ci il tarixində bitmiş, lakin iddiaçı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixində 14 illik bir müddətdən sonra məhkəməyə müraciət etmişdir. Faktiki olaraq iddiaçı iddia müddətini ötürmüşdür.
43. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır.
44. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia müddəti ötürüldüyünə və üzrsüz səbəbə görə ötürüldüyünə görə iddia tələbi əsassız hesab edilməlidir. Nəticə:
45. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlkin Əliyev