Məhkəmə qərarları › İş №e-2(001)-556/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-556/2025

08.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-556/2025 08.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: müqavilə üzrə pul tələbi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin rəhbəri Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:

1. İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2023 nömrəli təmir və dizayn xidmətlərinin göstərilməsi müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə İddiaçı tərəfindən yerinə yetirilməmiş işə görə ödənilmiş 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitinin cavabdeh "X2 Studio” MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə "X2 Studıo" MMC arasında xx.xx.2023-cü il tarixli, 2023 nömrəli təmir və dizayn xidmətlərinin göstərilməsi müqaviləsi bağlanmış, həmin müqavilənin 1.1-ci bəndinə əsasən nəzərdə tutulan şərtlərlə və qaydada İcraçı müvafiq Əlavələrdə göstərilmiş və müəyyənləşdirilmiş xidmətin nəticələrini Sifarişçinin mülkiyyətinə verməyi, Sifarişçi isə xidmətin nəticələrini qəbul edib əvəzində bu Müqavilənin 3.1-ci bəndi ilə müəyyənləşdirilmiş məbləği İcraçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndindən göründüyü kimi xidmətin qiyməti Protokol əsasında müəyyən edilir. Ödəniş Sifarişçi tərəfindən İcraçının bank hesabına köçürülmə yolu ilə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada nəğd şəkildə həyata keçirilir. Tərəflər arasında imzalanmış və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli təmir və dizayn xidmətlərinin göstərilməsi müqaviləsi əsasında xx.xx.2023-cü il tarixli, 074 saylı razılaşma protokolundan göründüyü kimi görüləcək işlərin və ödənilməli məbləğin dəyəri 57.800 manat nəzərdə tutulmuşdur. Müqavilə bağlandıqdan sonra İddiaçı tərəfindən MMC-yə cəmi 52.500 manat məbləğində pul ödənilmiş, lakin icraçı tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş işlərin tam görülməsi təmin edilməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli təmir və dizayn xidmətlərinin göstərilməsi müqaviləsində işlərin 3 mərhələdə görülməsi nəzərdə tutulmuş, cavabdeh tərəfindən işlərin 1-ci mərhələsi (santexnik işlərinin görülməsi, elektrik xəttlərinin çəkilməsi, suvaq işlərinin görülməsi, kondisioner xəttlərinin çəkilməsi, divarların gips qatışığı ilə doldurulması) tam görülmüş, 2-ci mərhələsi (alçipanın vurulması, laqa və diktlərin vurulması, elektrik qutularının quraşdırılması, styajkanın vurulması, paduqanın vurulması) qismən (alçipanın vurulması, laqa və diktlərin vurulması, elektrik qutularının quraşdırılması, styajkanın vurulması işləri) görülmüş, 3-cü mərhələsi (kafel-metlax işlərinin görülməsi, parketin vurulması, malyar işinin yekunlaşdırılması, boya (oboy) işlərinin görülməsi, aksesuarların quraşdırılması) isə görülməmişdir. Cavabdeh MMC xx.xx.2023-cü il tarixli, 2023 nömrəli təmir və dizayn xidmətlərinin göstərilməsi müqaviləsi üzrə öhdəliklərinin icrasını tam təmin etməmişdir. Belə olan halda İddiaçı ilə cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2023 nömrəli təmir və dizayn xidmətlərinin göstərilməsi müqaviləsinin ləğv edilməsi zərurəti yaranmışdır. Həmçinin həmin müqavilə bilavasitə cavabdeh MMC-nin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verildiyindən, İddiaçı mövcud iddia tələbi ilə məhkəməyə mürciət etmək məcburiyyətində qalmışdır.

3. Daha sonra iddiaçının nümayəndəsi-vəkili iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, İddiaçı ilə "X2 Studıo" MMC arasında bağlanmış xx.xx.2023-сü il tarixli, 2023 nömrəli təmir və dizayn xidmətlərinin göstərilməsi müqaviləsinin ləğv edilməsi; xx.xx.2023-cü il tarixli, 2023 nömrəli təmir və dizayn xidmətlərinin göstərilməsi müqaviləsi üzrə İddiaçı tərəfindən cavabdeh "X2 Studıo" MMCyə ödənilmiş 52.500 manat məbləğində pul vəsaiti üzrə görülmüş işlərə cavabdeh tərəfindən 19.511,10 manat çəkilmiş xərc məbləği çıxılmaqla qalan 32.988,90 manat məbləğində pul, mənəvi zərərə görə 5.000 manat məbləğində pul, hazırki iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edilərkən dövlət rüsumu qismində ödənilmiş 150 manat, xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin artırılmasına dair ərizə üzrə əlavə olaraq dövlət rüsumu qismində ödənilmiş 54 manat olmaqla, cəmi 204 manat, ümumilikdə 38.192,90 manat məbləğində pulun cavabdeh "X2 Studıo" MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən Nümayəndə iddia tələbini qismən qəbul etdiyini bildirdi. Həmçinin qeyd etdi ki, onlar təmiri 3 mərhələyə ayırıblar. 1-ci mərhələ santexnik işlərinin görülməsi, elektrik xətlərinin çəkilməsi, suvaq işlərinin görülməsi, kondisioner xətlərinin çəkilməsi və divarların gips qatışığla doldurulmasından ibarət olub. Birinci mərhələni tamamlayıblar. 2-ci mərhələ alçıpanın vurulması, laqa və diktlərin vurulması idi ki, bunun əvəzinə razılıqla beton vurulub, elektrik qutularının quraşdırılması, styajkanın vurulması və paduqanın vurulmasından ibarət idi. İkinci mərhələ demək olar ki başa çatıb. İkinci mərhələdə təxminən 10 % iş qalıb. 3-cü mərhələdən isə hər hansı bir iş görülməyib. Belə ki, onlar üçüncü mərhələni başlamaq istədikdə iddiaçının oğlunun avtoqəza keçirtdiyini öyrənmiş və o, təmirin müəyyən müddətə saxlanılmasını istəmişdir. Lakin sonradan o, təmir pulunun qaytarılmasını istədi. Onlar ondan aldıqları pulun qarşılığında təmir ediblər. Şirkət olaraq iddiaçıya bildirilib ki, ya təmiri tamamlasınlar, ya da ödənişi hissə-hissə qaytarsınlar. Çünki iddiaçı da onlara təmir pulunu hissə-hissə verirdi. Eyni zamanda bildirdi ki, ödəniş cədvəlinin 34-cü bəndində qeyd olunan parket üçün müəyyən olunmuş 8100 manatı onlara verməyib. Bunu iddiaçı özüdə təsdiqləyir. Belə olan halda 57.800 manatdan 8100 manat çıxıldıqda 49.700 manat qalır. Ödəniş cədvəlinin 32ci bəndində qeyd olunan kafel-metlax üçün müəyyən olunan məbləğ 6250 manat deyil, daha ucuza 5000 manata alınmışdır. 49.700 manat borcdan 1250 manatı da çıxdıqda 48.450 manat qalır. Yəni, onların iddiaçıya olan borcu təxminən 19.675 manat məbləğindədir. İddiaçı ödənişini tam geri qaytarılmağını istəyir. Onlar da iddiaçıya təklif ediblər ki, onlara maksimum 04 ay vaxt verilsin və onlar evin təmirini tamamlasınlar. Lakin iddiaçı ödənişini geri istəməkdə davam etmişdir.

Mülki işin materialları:

6. xx.xx.2023-cü il tarixli, 2023 saylı “Təmir və Dizayn Xidmətlərinin göstərilməsi Müqaviləsi”ndən görünür ki, "X2 Studıo" MMC ilə İddiaçı arasında mənzilin təmiri üçün müqavilə bağlanmış və müqavilə imzalandığı andan qüvvəyə minməklə 6 (altı) ay müddətinə qüvvədə olması razılaşdırılmışdır.

7. xx.xx.2023-cü il tarixli, 074 saylı Razılaşma Protokoluna əsasən iş icraçısı mənzilin təmirinə xx.xx.2023-cü il tarixdə başlayır və 6 ay müddətində - xx.xx.2023-cü il tarixində təhvil verir. Təmir işləri 3 (üç) mərhələdə aparılır və hər mərhələ üçün görülən işlərə görə 19.266 manat məbləğində ödəniş olmaqla, cəmi 57.800 manat ödəniş edilməlidir.

8. "X2 Studıo" MMC tərəfindən tərtib edilmiş təmir zamanı istifadə ediləcək malların dəyərinə dair sənəddən görünür ki, mənzilin təmiri üçün alınacaq malların dəyəri 44.401.50 manat, ustaların əmək haqqısı 19.100 manat hesablanmışdır.

9. "xxxx" MMC tərəfindən verilmiş 0271 saylı, xx.xx.2025-ci il tarixli qiymətləndirici rəyindən görünür ki, ünvan 1 ünvanındakı çoxmənzilli yaşayış binasında yerləşən və İddiaçı məxsus olan mənzildə "X2 Studıo" MMC tərəfindən xx.xx.2023-cü il tarixli, 2023 nömrəli müqavilə və həmin müqavilə əsasında xx.xx.2023-cü il tarixli, 074 saylı razılaşma protokolu üzrə görülmüş işlərin qiyməti (tikinti materialları da daxil olmaqla mənzilin təmirinə çəkilən xərc) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 19.511 manat müəyyən edilmişdir.

10. Xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, Cavabdeh MMC-yə pulun qaytarılması ilə bağlı məlumat göndərilərək 5 gün ərzində borcun ödənilməsi xahiş olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir.

Tətbiq edilən hüquq: Apərbaycan Respublikasının Mülki Məcəlləsinin:

11. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

13. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

14. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.

15. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

16. 427.3-cü maddəsinin tələbinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

17. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

19. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

20. 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.

21. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.

Azərbaycan Respublikası MPM-nin:

22. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.

25. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

28. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

29. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış müqavilənin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442). Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.2). Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur.

30. Öhdəliyin lazımınca icra edilməməsi isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə qiymətləndirilməlidir. Bu mənada, öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

31. Mülki Məcəllə nəzərdə tutur ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik tərədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (maddə 425.2).

32. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfi müqavilənin ləğv edilməsini xahiş etsə də tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin qüvvədə olma müddəti 6 (altı) ay müəyyən edilmiş və artıq qüvvədən düşmüşdür. Belə olan halda qüvvədə olmayan (qüvvədən düşmüş) müqavilənin ləğv edilməsi mümkün deyil.

33. Məhkəmə iddia tələbinin görülməmiş işlərə görə ödənilmiş pulun qaytarılması hissəsində hesab edir, həmin hissədə iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir.

34. Belə ki, iddiaçı cavabdehdən 32.988 manat məbləğində pul tələb etsə də iş materiallarından görünür ki, iddiaçı cavabdehə 52.500 manat ödəniş etmiş, həmin pulun qarşılığında cavabdeh 19.511 manat (qiymətləndirici rəyinə əsasən) təmir işləri görmüşdür. Həmçinin cavabdehə (direktora) razılaşma əsasında parket üçün ona ödənilməli olan 8100 manat məbləğində pul ödənilməmişdir. Həmçinin alınması 6250 manat nəzərdə tutulmuş kafel-metlax 5000 manat alınmışdır.

35. Beləliklə, müqavilədə qeyd olunan tələb cavabdeh tərəfindən qismən icra olunmamışdır. Bununla da cavabdeh müqavilə üçün bütün öhdəliyini yerinə yetirməmiş və nəticədə iddiaçı görülməmiş işlərə görə 23.639 manat (52.500-8100-1250-19.511=23.639) pul ödəmişdir ki, həmin pul da cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır.

36. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh öhdəliyini qismən icra etməklə, müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur.

37. Azərbaycan Respublikası MPM-nə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. İddia tələbi həm də mənəvi zərərin ödənilməsi ilə bağlı olduğundan iddiaçının həmin əməldən zərər çəkib-çəkmədiyinə və zərərin həcminə hüquqi qiymət verilməlidir.

39. Məhkəmə qeyd edir ki, “mənəvi zərər” anlayışı insanın mənəvi sarsıntı və iztirab keçirməsində ifadə olunur. Mənəvi sarsıntı şəxsə qarşı törədilən qanunsuz əməlin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirmə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərər vurulması müxtəlif hallarda, o cümlədən şəxsin ləyaqətinin alçaldılması halında özünü büruzə verə bilər. Şəxsin ləyaqəti alçaldıldıqda o, sarsıntı keçirir və bunun nəticəsində şəxsə mənəvi zərər yetirilir. Tutulmalı olan mənəvi zərərin miqdarı müəyyən edilərkən məhkəmə həm iddiaçıya, həm də cavabdehə münasibətdə fərdi yanaşmaqla ədalətlilik, ağlabatanlıq və mütənasiblik meyarları baxımından qiymətləndirmə aparmalıdır.

40. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mənəvi zərərin müəyyən edilməsinə dair bir sıra qərarlarında mövqeyini ifadə etmişdir. Belə ki, Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi həmçinin “Varnava və digərləri Türkiyəyə qarşı” iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir.

41. Təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, miqdarın çox yüksək olmaması da nəzərə alınmalıdır. Mənəvi zərərin əvəzinin ödənilməsində məqsəd zərərin kompensasiyası və ya zərərvuranın cəzalandırılması deyil, zərər çəkəndə məruz qaldığı mənəvi sarsıntı və iztirabı müəyyən qədər azaltmaqdır. Zərər çəkənə mənəvi zərərin əvəzi kimi pul məbləğinin ödənilməsi halında onda məruz qaldığı mənəvi zərərin qismən və ya tamamilə aradan qaldırmağa yarayan məmnunetmə hissi yaradılmış olur. Şəxsin çəkdiyi əzabın, ağrıların, iztirabın ona kompensasiya verilməsilə tam aradan qaldırılması mümkün deyildir. Bu halda mənəvi zərərin ödənilməsi zərər çəkəni təsəlli edən bir vasitədir.

42. Məhkəmə yuxarıda qeyd olunan hüquqi mövqeləri və mövcud şəraitdə pul kompensasiyasının təsəlli vasitəsi kimi çıxış etməsini nəzərə alaraq hesab edir ki, cavabdehi hərəkətləri nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi labüddür və bu səbəbdən ona vurulmuş mənəvi ziyanın əvəzi olaraq cavabdehlərdən 500 (beş yüz) manat məbləğində pul tutulması məqsədəmüvafiqdir.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 204 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilən hissəsinə münasibətdə 162 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir.

44. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-dən görülməmiş işlərə görə ödənilmiş 23.639 (iyirmi üç min altı yüz otuz doqquz) manat, mənəvi zərərə görə 500 (beş yüz) manat və dövlət rüsumu olaraq ödənilmiş 204 (iki yüz dörd) manat tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə isə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi və maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh MMC-dən görülməmiş işlərə görə ödənilmiş 23.639 (iyirmi üç min altı yüz otuz doqquz) manat, mənəvi zərərə görə 500 (beş yüz) manat və dövlət rüsumu olaraq ödənilmiş 162 (bir yüz altmış iki) manat tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar