Məhkəmə qərarları › İş №e-2(001)-5573/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5573/2023

07.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5573/2023 07.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında “Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinə” əsasən xx.xx.2022-ci il tarixli “Nağd pul kreditinin şərtlərinə dair Ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanılmış müqaviləyə əsasən xx.xx.2023-cü il tarixinə Banka borclu olduğu 10559,33 manat məbləğində əsas borc, 554,28 manat məbləğində faiz borcu, 303,65 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 11417,26 manat pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 124,25 manat dövlət rüsumunun Cavabdehtutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank ilə Cavabdeh arasında (https://vtb.az/about-bank/documents/ saytına yerləşdirilmiş) “Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinə” əsasən xx.xx.2022-ci il tarixli “Nağd pul kreditinin şərtlərinə dair Ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanılmış müqavilə üzrə illik 15,5% hesablanması şərti ilə 59 ay müddətinə 10910 manat məbləğində kredit (“Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.25.3-cü bəndinə əsasən kredit alanın “cari hesabın”dan “kart hesabı”na köçürülməklə) ona verilmişdir. Lakin borclu şəxs öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka, ümumilikdə 11417,26 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir və Bank borcludan vəzifəsinin icrasını (“Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 11.1.3-cü bəndinə əsasən “Ödəniş cədvəli” ilə müəyyən edilən müddətlər “Kredit alan” tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda, Həmin şərtlərin 11.1-ci bəndə əsasən öhdəliyin icra edilməsini tələb etmək hüququna malikdir”) tələb etmək hüququ vardır. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, banka aylıq 100 manat ödəniş edə bilər. Əslində başqa banklara borcu olmasa, aylıq 300 manat ödəniş edə bilər. Belə ki, o, bacısı üçün üç müxtəlif bankdan kredit götürmüşdür. Hər birinə təxminən 8000-9000 manat borcu var. Tək gəliri aylıq qazancı olan əmək haqqısıdır. Bacısının rəsmi iş yeri olmadığından, onun adına bütün kreditləri özü götürüb. Müqavilələri şəxsən özü imzalamışdır.

5. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul edir. Bacısı üçün ümumilikdə 3 bankdan kredit götürmüş və aylıq ödənişləri cəmi 850 manat təşkil etmişdir. Onun bacısını və yeznəsini həbs etmişlər. Ona görə də, kredit ödənişlərini vaxtında ödəyə bilməmişdir. Maddi vəziyyəti ağırdır, öz ailəsindən başqa bacısının 4 uşağına da özü baxır. Hazırda işləyir və aylıq əmək haqqı 606 manat təşkil edir. Banka hər ay 100 manat ödəniş edə biləcəyini təklif etsə də, bank təklifi ilə razılaşmamışdır. Krediti götürəndən cəmi 3 ay ödəniş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında “Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinə” dair razılaşmaya istinad etməklə sonuncunun xx.xx.2022-ci il tarixli “Nağd pul kreditinin şərtlərinə dair” ərizəsi əsasında bağlanan xx.xx.2022-ci il tarixli 361432-CNS-41405 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC borcalana illik 15.5 % dərəcəsi ilə 59 ay müddətinə 10910 manat kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə faizi ilə birlikdə banka qaytarmağı ödəsinə götürür.

7. Cavabdeh tərəfindən yazılan 361432-CNS-41405 saylı xx.xx.2022-ci il tarixli “Nağd pul kreditinin şərtlərinə dair” ərizənin surətindən görünür ki, Cavabdeh aksepti aldığını və kreditə dair Xidmətlərin göstərilməsi haqqında müqavilən bağladığını öz imzası ilə təsdiq etmişdir.

8. İddiaçı ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 361432-CNS-41405 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 10559,33 AZN əsas, 554,28 AZN faiz, 303,65 AZN cərimə borcu olmaqla, cəmi 11417,26 AZN borcu vardır. Müqavilə üzrə öhdəlik xx.xx.2023-cü il tarixindən icra edilmir.

9. İddiaçı ASC tərəfindən borclu Cavabdeh ünvanlanan xx.xx.2023-cü il tarixlli bildirişin surətindən görünür ki, cavabdehə borcunu 3 iş günü müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

10. 23 avqust 2023-cü il tarixində iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 124,25 manat məbləğində dövlət rüsumunu, 0,40 manat bank xidmət haqqını ödəmişdir; Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

11. İddiaçı ASC tərəfindən Cavabdeh “Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinə” əsasən xx.xx.2022-ci il tarixli “Nağd pul kreditinin şərtlərinə dair” ərizəsi əsasında kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh illik 15.5 % dərəcəsi ilə 59 ay müddətinə 10910 manat məbləğində kredit vermişdir. Hazırda iddiaçı cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini vaxtında və lazımınca icra etmədiyini, nəticədə banka maliyyə arayışında göstərilən məbləğdə borcu yarandığını iddia edir və həmin məbləğin cavabdehdən bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir.

12. Cavabdeh isə iddia tələbini qəbul etsə də, borcu ödəmək üçün kifayət qədər vəsaitə malik olmadığını bildirir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

14. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

15. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

16. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

17. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

18. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

19. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

20. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;

21. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir;

22. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

23. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

24. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.

25. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, cavabdeh(borcalan) Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.

26. Məhkəmənin gəldiyi qənaətə görə, xx.xx.2022-ci il tarixli 361432-CNS-41405 saylı kredit müqaviləsi üzrə borcalan Cavabdeh əsas borc üzrə 10559,33 manat, faiz borcu üzrə isə 554,28 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır.

27. Tələb olunan cərimə məbləği ilə bağlı məhkəmə qeyd edir ki, kredit müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı iddia ərizəsində kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 303,65 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir.

28. Məhkəmə iddia tələbini cərimə borcunun tutulması hissəsində qismən əsaslı hesab edir.

29. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

30. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

31. Ona görə də məhkəmə əsas borcun məbləğini nəzərə alaraq hesab edir ki, dəbbə pulu hesablanarkən mütənasiblik qorunmamış və bu səbəbdən hesablanmış dəbbə pulunun məbləği azaldılaraq müqavilə üzrə 100 manat məbləğində müəyyən edilməlidir. Tətbiq edilən prosessual normalar:

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

33. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

34. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

35. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

36. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

37. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli 361432-CNS- 41405 saylı müqavilə üzrə Cavabdeh əsas borca görə 10559,33 manat, faiz borcuna görə 554,28 manat, cərimə borcuna görə 100 olmaqla, ümumilikdə 11213,61 (on bir min iki yüz on üç manat, altmış bir qəpik) manat məbləğində pul vəsaiti, həmçinin 124,25 (yüz iyirmi dörd manat, iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli 361432-CNS-41405 saylı müqavilə üzrə Cavabdeh əsas borca görə 10559,33 manat, faiz borcuna görə 554,28 manat, cərimə borcuna görə 100 olmaqla, ümumilikdə 11213,61 (on bir min iki yüz on üç manat, altmış bir qəpik) manat məbləğində pul vəsaiti, həmçinin 124,25 (yüz iyirmi dörd manat, iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar