Məhkəmə qərarları › İş №e-2(001)-558/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-558/2024

23.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-558/2024 23.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 25100 manat və ödənilmiş 168 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 mənim qapı bir qonşumdur. Cavabdeh1 28 May metrostansiyasının yaxınlığında yerləşən “Black Cub” idman zalında fitness məşqçi kimi işləyir.O,həmdə yaşadığı mənzildə müxtəlif növ şirniyyatların bişirilməsi və satışı ilə məşğul olur. Əyyamla münasibətim qonşu kimi daima yaxşı olmuşdur. Mən 2011-ci ildən "xxxx" QSC-də Dərnəgül stansiyasında stansiya növbətçisi vəzifdəsində işləyirəm. Əmək haqqım az olduğu üçün maddi sıxıntılar keçirirəm.Bu barədə Əyyama bildirdim ki, məndə əlavə işlə məşğul olmaq isdəyirəm. 2022-ci ilin may ayının ortalarında Əyyamla söhbət edərkən o bildirdi ki, onun Sultan adlı tanışı var. Sultanın özünə məxsus Bakı şəhərində dərman firması olduğunu bildirmiş, xarici dövlətlərdən müxtəlif növ dərmanlar gətizdirdiyini və həmin dərmanları Bakı şəhərində müxtəlif apteklərə və xəsdəxanlardakı tanıdığı həkimlərə satdığını və bununla da yaxşı gəlir əldə etdiyini bildirmişdir. Hal-hazırda özünün Sultanla iş gördüyünü və Sultanda 40000 manata yaxın pulunun olduğunu bildirmişdir. Əyyam mənə təklif etdiki səndə pul qoy və qoyduğun pulun 15-20%-ni qazanc kimi götürəcəksən. Mən Əyyamı çoxdan tanıdığım və inandığım üçün onun dediklərinə inandım və Sultanla məni tanış etməsini xaiş etdim. Əyyam mənim yanımda Sultanın mobil nömrəsinə zəng etdi ona mənim haqqımda məlumat verdi və görüşmək istədiyimi bildirdi. Sultan razılaşdı və Nəsimi rayonu Mir Cəlal küçəsi 278 saylı ünvanda yerləşən “Chado” resdoranında görüşməyi təklif etdi. 2022-ci ilin may ayının ortalarında mən, Sultan və Əyyam həmin resdoranda görüşdük. Sultan orda bildirdiki həqiqətən o xarici ölkələrdən dərman gətizdirir və Bakı şəhərində apteklər və xəsdəxanalarda tanıdığı həkimlərə satır. Sultan mənə bildirdi ki, əgər istəsən səndə pul qoya bilərsən, nə qədər çox pul qoysan qazancında bir o qədər çox olar. Həmin vaxt mənim nəğd pulum olmadığı üçün pul qoya bilmədim. Sonra bu barədə yaxın dostum olan Laçın Kərimova bildirdim. Laçın bildirdi ki, onun əlində nəğd 7000 manat pulu var. Bu barədə mən zəng edərək Əyyama bildirdim. 21 may 2022-ci il tarixdə saat təxminən 20 radələrində mən, ünvan 1 ünvanda yerləşən “Chado” restoranında görüşdük və orada Soltan Laçına bildirdi ki, əgər səndə pul qoysan 15-20 % olmaqla qazanc əldə edəcəksən və qoyduğun pulda 2-3 aya qazancla birlikdə geri qaytarılacaqdır. Laçın cibində olan 7000 manat pulu çıxarıb sayaraq mənə verdi mən isə həmin pulu Əyyama verdim. Əyyam isə bizim yanımızda pulu Soltana verdi. Mən və Laçın hər dəfə Əyyam və Soltana zəng etdikdə onlar bildirirdilər ki, dərmanlar Bakıya daxil olub və satışa verilib. Mən 2022-ci ilin sentyabr ayının sonlarında özümə məxsus olan “Mitshubisi Pajero” markalı avtomobilimi 20500 manata satdım və özümdə olan 2000 manatıda onun üzərinə qoyaraq 30 sentyabr 2022-ci il tarixdə saat təxminən 20-00 radələrində Nəsimi rayonu Mir Cəlal küçəsi 278 saylı ünvanda yerləşən “Chado” resdoranında Laçın Kərimovun yanında Əyyam və Soltana verdim. Mən orada 22500 manatı sayaraq Əyyama verdim. Əyyam isə həmin pulu bizim yanımızda Soltana sayıb verdi. Laçınla mən birlikdə Əyyam və Soltana 29500 manat pul verdik. Bir müddət keçdikdən sonra biz başa düşdük ki, cavabdehlər bizi aldadırlar. Belə olan halda Laçın pulunu tələb etməyə başladı.10 noyabr 2022-ci il tarixdə Cavabdeh1 mənim yaşadığım evə gələrək mənə 4400 manat qaytardı. Mən isə həmin pulun üzərinə 2600 manat qoyaraq dostum Laçın Kərimova 7000 manat qaytardım. Hal hazırda cavabdehlər mənə 25100 manat ziyan vurublar və həmin məbləği mənə könüllü qaytarmaq istəmirlər. Mənə vurduqları ziyanı könüllü qaytarmaq istəmədikləri üçün mən Nəsimi polis İdarəsinə müraciət etdim və bununla əlaqədar olaraq araşdırma aparıldı və cavabdehlər polis idarəsində verdikləri izahatlarında mənim qeyd etdiklərimi etiraf etdilər. Lakin yenədə vurduqları ziyanı mənə ödəməmişlər. Polis idarəsində isə xx.xx.2023-cü il tarixdə cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul etdilər və mənə izah etdilər ki, mülki iddia ilə məhkəməyə müraciət edə bilərsən. Ona görədə mən məhkəməyə müraciət etməli oldum. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclaslarında iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Laçın cibində olan 7000 manat pulu sayaraq ona verdi, o isə həmin pulu Əyyama verdi. Əyyam isə pulu onların yanında Soltana verdi. Soltan restorana sürücü ilə gəlmişdir və özünü imkanlı şəxs kimi göstərirdi. Daha sonra o, özünə məxsus olan “Mitsubishi Pajero” markalı avtomobilini 20500 manata satmış və özündə olan 2000 manatı da toplayaraq restoranda, Laçın Kərimovun yanında Əyyama vermişdir. Əyyam isə həmin pulu onların yanında Soltana vermişdir. O, ümumilikdə Əyyam və Soltana 29500 manat vermişdir. Daha sonra Əyyam ona 4400 manat qaytarmışdır. O isə dostu Laçının ona verdiyi 7000 manatı qaytarmışdır. Əyyam ona 4400 manat puldan əlavə hər hansı məbləğ, onun dediyi kimi 1500 manat qaytarmamışdır. O pulları Əyyama və Əyyamın da Soltana verdiyini nəzərə alaraq, pulun cavabdehlərdən müştərək qaydada qaytarılmasını tələb edir.

4. Cavabdeh1 sonuncu məhkəmə iclaslarında iştirak etməsə də, əvvəlki məhkəmə iclaslarında cavabdeh izahatında bildirmişdir ki, iddiaçı onun qapı qonşusudur, o, idman zalında fitnes müəllimi kimi işləyir. Soltan onun tələbəsi olmuşdur və ozünü ona imkanlı şəxs kimi göstərmiş, ona dərman biznesi ilə məşğul olduğunu bildirmiş, Rusiyadan, Türkiyədən müxtəlif növ dərmanları Bakı şəhərinə gətizdirib satışını həyata keçirdiyini və bu işdə yaxşı qazancın olduğunu ona demişdir. O da Soltana inanaraq pul vermiş və Soltan 1-2 ay ərzində ona verdiyi pulu və üstündə əlavə olaraq xeyrini də vermişdir. Bundan sonra o qohumlarına, dostlarına və iddiaçıya bu barədə məlumat vermişdir. Daha sonra o, Raufu Soltan ilə tanış etmiş və Soltan Raufa öz dərman işi barədə ətraflı məlumat vermişdir. Soltan Raufa verdiyi məbləğin üzərində 15-20 faiz qazancı olduğunu bildirmişdir. Bundan sonra Rauf ona zəng vuraraq 7000 manat dostundan götürdüyünü və həmin pulu Soltana vermək istədiyini bildirdi. Restoranda görüşərək, Raufun yanında həmin məbləği Soltana vermişdir. Daha sonra Rauf ona zəng edərək maşının satdığını və 22500 manatı da Soltana vermək istədiyini bildirdi. Yenidən onlar görüşərək Raufun yanında 22500 manatı Soltana verdi. Həmin vaxt Soltan onu kənara çəkərək həmin puldan ona 1500 manat verdi. Daha sonralar Soltan 4400 manat ona pul verərək Raufa çatacağını demiş və o həmin məbləği Raufa vermişdir. Mübahisələr yarandıqdan sonra o, həmin 1500 manatı da Raufa qaytarmışdır. Lakin bununla bağlı hər hansı sübutu yoxdur. Bundan sonra o, Soltanla əlaqə saxlaya bilməmiş və ona aydın olmuşdur ki, Soltan onları aldatmışdır.

5. Cavabdeh2 lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirmişdir ki, Əyyamı və Soltanı Raufa görə tanımışdır, Rauf isə onun dostudur. 2022-ci ilin yay aylarında Rauf ona qonşusu Əyyamın dərman biznesi olduğunu və investisiya qoyaraq gəlir əldə edə biləcəyini bildirdi. Biznesin şərtləri ilə bağlı isə konkret müzakirəsi olmamışdır. O isə Raufla razılaşaraq təyin olunmuş görüş yerinə, yəni “Chado” restoranına Raufla birlikdə getdi. Orada Əyyam və Soltanla tanış oldu. Danışıqlardan sonra o, 7000 manat pulu Raufa, Rauf Əyyama, Əyyam isə onların yanında Soltana verdi. Daha sonralar yenə onun iştirakı ilə Rauf da maşını satdıqdan sonra 22500 manat pulu eyni qaydada Əyyama, Əyyam isə onların yanında Soltana vermişdir. Bundan bir neçə ay sonra hər hansı qazanc verilmədiyinə görə o, pulunu Raufdan geri istədi. Rauf isə Əyyamdan aldığı 4400 manat pulun üstünü düzəldərək ona qaytardı. Onun pulu qayıtdığına görə Polisə şikayət etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

7. Nəsimi RPİ-nin İstintaq şöbəsinin müstəntiqinin xx.xx.2023-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarına əsasən cinayət işinin icraatına CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir.

8. Cinayət işinin başlamasına əsas və səbəb zərərçəkmiş şəxs tərəfindən sonradan dəyişdirilmişdir. Belə ki, İddiaçı Polis tərəfindən cinayət işi başlanılması üçün əvvəlcə təqsirləndirilən şəxsə əlillik və pensiya düzəltmək üçün 29100 manat verdiyini bildirmiş, lakin sonradan hadisələrin ifadəsində olduğu kimi cərəyan etdiyini açıqlamışdır.

9. Həmin qərardan görünür ki, Cavabdeh2 təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat zamanı İddiaçı zərərçəkmiş şəxs kimi tanınmış və Cavabdeh1 isə şahid qismində dindirilmişdir.

10. Həmin cinayət işi üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxs Cavabdeh2 həqiqətən də dərman satışı ilə məşğul olub-olmaması araşdırılmasa da, təqsirləndirilən şəxsin əməlində cinayətin əlamətləri olmadığı müəyyən edilmişdir.

11. Bununla yanaşı Cavabdeh1 şahid kimi ifadəsində bildirmişdir ki(ixtisarla), Soltanla münasibətləri yaxşı olduğu vaxtlarda Soltana onu da dərman biznesinə qoşmağını xahiş etmişdir. Soltan ona dərman işinə qoyacağı hər hansı bir məbləğin üzərində özünün də xeyrinin olacağını və verdiyi məbləği ona 100 faiz xeyri ilə qaytaracağını demişdir. Soltan ona xarici dövlətlərdən gələn dərmanların dövlətin hesabında olan depolara yerləşdirildiyini və oradan Bakı şəhərindəki apteklərə və müxtəlif xəstəxanalardakı tanıdığı həkimlərə paylanıldığını, həmin dərmanların satıldıqca gəlir əldə etdiyini bildirmişdir. O Soltana tam inandıqdan sonra 2022-ci ildə 6000 manat və Soltan ona dərmanlar 2-3 ay ərzində satıldıqdan sonra 100 faiz xeyir verəcəyini demişdir. Bir aydan sonra Soltan ona verdiyi 6000 manatın üzərində 6500 manat, yəni 500 manat xeyirlə geri vermişdir. Gəlirdən qalıq qalan 5500 manatı isə 2-3 ay ərzində verəcəyini bildirmişdir. İkinci dəfə isə ona eyni şərtlərlə 3000 manat vermişdir. Soltan 1 aydan sonra birinci qalıqdan 5500 manatını və ikinci dəfə verdiyi puldan əlavə 1500 manat, yəni 4500 manat qaytarmışdır. Soltan ümumilikdə cəmi verdiyi 9000 manat puldan 16500 manat qaytarmışdır. Bundan sonra Soltana inamı artmış və tanıdığı yaxın adamlara bu barədə məlumat vermişdir. Raufla Soltanı tanış etmiş və onlar da verdiyi pulun üzərində 15-20 faiz gəlir verəcəyi barədə razılaşmışlar. xx.xx.2022-ci ildə Laçın 7000 manatı Raufa, Rauf ona, o da onların yanında Soltana vermişdir. Soltan pulu aldıqdan sonra 2-3 ay ərzində 15-20 faiz xeyri ilə birlikdə qaytaracağını demişdir. Soltan işlərin qaydasında olduğunu ona deyirmiş və o da pul sahiblərinə bu barədə məlumat verirdi. Raufdan da eyni qaydada 22500 manat alıb Soltana vermişdir. Daha sonralar Rauf və Laçın ondan işlərin nə yerdə olduğunu soruşmuş, o da hər dəfəsində Soltandan öyrənib onlara məlumat verirdi. 2022-ci ilin noyabrında Laçın və Rauf ona zəng edərək pullarını geri istəmişlər. Soltan isə əvvəlcə işin gecikdiyini, sonra işin alınmadığını, daha sonra isə onu aldatdıqlarını deyirdi. Soltan ona aldığı pulu geri qaytaracağını deyirdi. Rauf və Laçın verdikləri pulları ondan tələb etməyə başlamış, o da Soltandan tələb etmişdir. Soltanla əvvəlcədən razılıqları əsasında o Soltana hər dəfə adam tapıb gətirəndə ona da müəyyən məbləğdə pul verməyi öhdəsinə götürmüşdür. Laçından 7000 manatı aldıqdan sonra Soltan ona 500 manat, Raufdan aldığı 22500 manata görə 1500 manat vermişdir. 10 noyabr 2022-ci il tarixdə o Soltandan 4400 manat pul alıb Raufa vermişdir.

12. İş üzrə təqsirləndirilmiş şəxs qismində dindirilmiş Cavabdeh2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Rauf adlı şəxsi əvvəllər tanımamış, ondan heç vaxt birbaşa pul almamışdır. Cavabdeh1 1 il əvvəl idman zalında məşqçi kimi tanımışdır. Raufu da Əyyamın vasitəsilə tanımışdır. Onun ailəsində maddi çətinliklə olduğu üçün 2021-ci ildə dərman alqı-satqısı ilə məşğul olmağa başlamışdır. Dərman işində yaxşı qazanc olduğu üçün Əyyamla söhbət zamanı dərman işinə pul qoyacağı təqdirdə yaxşı qazanc olacağını demişdir. Əyyam onunla razılaşmışdır ki, onun verdiyi pulun üstündə 20 faiz əlavə pul qaytarmaqla yanaşı, həm də satışdan qazanc verməli imiş. Əyyamdan cəmi iki dəfə pul almışdır. Birinci dəfə 2022-ci ilin may ayında 3000 manat və həmin pula görə 6200 manat qaytarmış, ikinci dəfə aldığı 6000 manata görə 11000 manat pul qaytarmışdır. Həmin 3000 və 6000 manat pulları alanda Əyyamın tanışı Rauf da orda olmuşdur. Həmin pulların Əyyama və ya başqa şəxsə məxsus olmasını bilməmişdir. Daha sonra isə həmin pulları nənəsindən, atasından aldığını deyirmiş. Əyyam ondan qaytardığı pulların qazanc olduğunu deməklə əsas pulu da qaytarmağı tələb etmişdir.Həmin vaxt ona demişdir ki, həmin 6000 manat pulu Raufdan alıb ona vermişdir. O isə ona verdiyi pulun müqabilində kifayət qədər pul qaytardığını desə də, Əyyam ondan əlavə pullar tələb edirmiş. Əyyam onun Raufa əlavə pullar verməli olduğunu deyirmiş. O isə Raufdan pul almadığını və Raufa heç bir pul qaytarmalı olmadığını demişdir.

13. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı ifadəsində(ixtisarla) bildirmişdir ki, Əyyam ona Soltan adlı tələbəsinin olduğunu, Soltanın özünə Bakı şəhərində dərman firması qurduğunu, müxtəlif xarici dövlətlərdən müxtəlif dərmanlar gətirdiyini, həmin dərmanları xəstəxana və apteklərə satdığını, bununla da yaxşı gəlir əldə etdiyini bildirdi. Bundan əlavə Əyyam ona Soltanda 4000 manata yaxın pulunun olduğunu və yaxşı gəlir əldə etdiyini bildirdi. Əyyam ona nə qədər çox pul qoysa o qədər də gəlir götürəcəyini demişdir. Əyyam onun yanından Soltana zəng vurmuş və onu Soltanla görüşdürmək barədə danışıqlar aparmışdır. Onlar görüşdükdən sonra Əyyam Soltanın yanında dərman işinin detallarını danışmış və Soltan da Əyyamın dediklərini təsdiq etmişdir. Hətta Əyyam nənəsindən, atasından, dostundan aldığı 40000 manat pulu Soltana verdiyini və birgə pul qazandıqlarını bildirmişdir. O da Soltan və Əyyama bu işə qoşulmaq istədiyini və pul qazanmaq istədiyini bildirdi. Soltan ona verəcəyi puldan özünə də xeyir qalacağını, ona isə ayrılıqda verdiyi məbləğdən 15-20 faiz qazancı ilə qaytaracağını bildirdi. Lakin nə Soltan, nə də Əyyam konkret hansı məbləğdə ona pul verəcəklərini bildirdi. O dostu Laçından aldığı 7000 manat pulu 21 may 2022-ci il tarixdə Əyyama, Əyyam isə Soltana verdi. Laçın həm Əyyamla, həm də Soltanla mütəmadi olaraq telefonla əlaqə saxlamış işlərin nə yerdə olduğunu soruşmuşdur. Soltan Laçına dərmanları sifariş etdiklərini, dərmanların yolda olduğunu və gəldikdən sonra satacaqlarını bildirmişdi. Həmçinin Əyyam da Soltanın dediklərini təkrarlayırmış. Həmin ərəfədə o da avtomobilini satışa qoymuşdu. 2022-ci ilin sentyabr ayında avtomobili 20500 satmış və üzərinə 2000 manat qoymaqla 30 sentyabr 2022-ci il tarixdə yeenə eyni restoranda Əyyama, Əyyam da Laınla onun yanında Soltana vermişdir. Soltan pulu aldıqdan sonra 2- 3 ay ərzində bütün işlərini həll olunacağını və onun 22500 manat pulunu 15-20 faiz gəlirlə özünə qaytaracağını demişdir. 2022-ci ilin oktyabr ayında Laçın və o Əyyam və Soltandan işlər barədə məlumatlar almış işlərin gecikməsi barədə bəhanələr eşitdikdən sonra aldadıldıqlarını başa düşmüşlər. Daha sonra Laçın ondan pulunu tələb etmiş 2022-ci ilin noyabrında Əyyam ona 4400 manat pulu Soltandan alıb qaytarmışdır. O isə 2600 manat əlavə etməklə Laçının 7000 manat pulunu qaytarmışdır. İlk dəfə Nərimanov rayon polisində Əyyamdan şikayət etmiş və mübahisənin mülki xarakterli olduğu ona bildirilmişdir. Daha sonra o, şikayətinin dəlillərini məqsədyönlü şəkildə dəyişmiş və Əyyam və Soltanın ondan pensiya, əlillik dərəcəsi adı ilə ondan 29500 manat pul aldığı barədə polisə şikayət etmişdir. Lakin reallıq izahatında göstərildiyi qaydada olmuşdur. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

14. İddiaçı özünə məxsus olan 22500 manat və məhkəmə iclasında şahid qismində dindirilmiş X1 aldığı 7000 manatı Cavabdeh1 vermişdir. Həmin vəsaitdən Cavabdeh1 tərəfindən ona 4400 manat qaytarılmış və o da Laçın Kərimovdan aldığı 7000(4400 manatın üzərinə 2600 manat əlavə etməklə) manatı onun özünə qaytarmışdır.

15. İddiaçı iddia edir ki, o, cavabdehlərin dərman ticarətinə pul vəsaiti qoymaqla gəlir əldə etmək niyyəti ilə ümumilikdə 29500 manat vəsaiti Cavabdeh1 vermiş və sonuncu da öz növbəsində həmin vəsaiti onun yanında Cavabdeh2 ötürmüşdür. Nəticədə verdiyi vəsaitdən ona ümumilikdə 4400 manat qaytarılmış və hazırda qalıq qalan 25100 manat məbləğdə vəsaiti tələb edir.

16. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 29500 manat məbləğində vəsaiti, yəni iddiaçının Laçın Kərimovdan götürdüyü 7000 manatı və iddiaçının özünün olan 22500 manatı aldığını qəbul edir və həmin vəsaiti Cavabdeh2 verdiyini bildirir. Həmin vəsaitdən 5900 manat qaytardığını bildirsə də, 4400 manatdan əlavə vəsait qaytardığına dair sübut təqdim edə bilmir. İddiaçı isə 4400 manat məbləğdə vəsaitin qaytarıldığını qəbul etsə də, 1500 manat məbləğdə ona vəsait verilmədiyini bildirir.

17. Cavabdeh1 məhkəmə iclaslarında polisə verdiyi ifadə ilə eyni məzmunlu izahat vermişdir. Tətbiq edilən maddi hüquq normaları:

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

19. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

20. 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

21. 421.2-ci maddəsinə əsasən Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

22. 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır;

23. 500.2-ci maddəsinə əsasən birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir.

24. 501-ci maddəsinə əsasən Kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır.

25. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində qeyd olunan əsasların mövcud olduğu hallarda müqavilənin ləğv edilməsinin məhkəmədən kənar qaydası, Məcəllənin 423.2-ci maddəsində isə ləğvetmənin xüsusi qaydası (müstəsna hal - Mülki Məcəllənin 422.1-ci maddəsinə uyğun olaraq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi mövcud olduğu təqdirdə) nəzərdə tutulmuşdur. Məhkəmədən kənar qayda iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə şərtləndirildiyi halda, xüsusi qayda məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. Məhkəmənin mövqeyi:

26. Məhkəmə işin müəyyən edilmiş halları baxımından o qənaətə gəlir ki, tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn öhdəlik münasibətləri olmuşdur. Belə ki, iddiaçı cavabdehlərin ticarətinə investisiya qoyaraq, onların birgə fəaliyyətinə qoşulmaq istəmiş və nəticədə cavabdehlər bununla razılaşaraq iddiaçıdan 29500 manat pul almışdır. Cavabdehlər arasında birgə fəaliyyətin mövcudluğu və bundan dolayı birgə borcluluq qənaəti həm tərəflərin izahatlarından, həm polisdə verdiyi ifadələrdən, həm də şahid ifadəsindən yaranmışdır. Belə ki, Cavabdeh1 polisdə verdiyi və məhkəmə iclasında təsdiq etdiyi ifadəsində bildirmişdir ki, Cavabdeh2 iddiaçını ticarətə qoşduğu üçün ona toplamda 2000 manat pul vermişdir. Bundan əlavə iddiaçı ilə Cavabdeh1 izahatlarındakı dəlilləri məhkəmə iclasında dindirilən və prosesin bir başa iştirakçısı olmuş şahid təsdiq etmişdir. Yəni dindirilən şahid Cavabdeh1 verilən vəsaitin Cavabdeh2 ötürüldüyünü təsdiq etmişdir. Məhkəmə Cavabdeh2 Polisdə verdiyi izahatına tənqidi yanaşaraq o qənaətə gəlir ki, onun verdiyi ziddiyyətli ifadələr özünü müdafiə xarakteri daşımışdır. Belə ki, 6000 manat qoyulan vəsaitə görə 11000 manat məbləğdə vəsaiti hansı əsasla qaytardığını, 3000 manat qoyulan vəsaitə görə isə hansı əsasla 6000 manat qaytardığını bildirməsə də, Cavabdeh1 ondan qaytarılan pulların qazanc olduğunu əsas gətirməklə əlavə olaraq əsas məbləği də tələb etməsi barədə ziddiyətli fikirlər bildirmişdir. Hansı ki, özünün bildirdiyinə görə aldığı pulun üstündə ona 20 faiz əlavə pul qaytarmaqla yanaşı, həm də satışdan qazanc verməsi barədə onunla Cavabdeh1 arasında razılaşma olmuşdur. Bundan əlavə təqsirləndirilən şəxs qismində dindirilən Cavabdeh2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilsə də, izahatının sonunda Cavabdeh1 İddiaçı məxsus hər hansı vəsait almadığını bildirmişdir. Hansı ki, irəli sürülən ittiham hissə-hissə olmaqla İddiaçı 29500 manat vəsaitin alınması olmuşdur.

27. Göstərilənlər baxımından məhkəmə o qənaətə gəlir ki, cavabdehlər müqavilə üzrə öhdəliyini icra etməmiş və müqavilə şərtlərini pozmuşdur. İddiaçı isə cavabdehlərin müqaviləni pozmasına görə müqavilə bağlayarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur. Bu səbəbdən də onun müqavilədən imtina etməklə müqavilə üzrə verdiklərini tələb etməsi əsaslıdır. Cavabdehlər isə pulun bir hissəsini qaytarmaqla faktiki olaraq iddiaçının müqavilədən imtinasını qəbul etmişdir.

28. Odur ki, qaytarıldığı sübut olunan 4400 manat nəzərə alınmaqla iddiaçının cavabdehə verdiyi puldan qalıq qalan 25100 manat məbləğində vəsait cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Tətbiq edilən prosessual normalar və qaydalar:

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

30. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

31. 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir;

32. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır;

33. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

34. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;

35. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır;

36. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

37. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

38. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 25100 manat və ödənilmiş 168 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir.

39. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 25100(iyirmi beş min yüz) manat və ödənilmiş 168(yüz altmış səkkiz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar