Məhkəmə qərarları › İş №e-2(001)-5587/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5587/2022

07.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5587/2022 07.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə 07 oktyabr 2022ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahlarından olan 17 avqust 2009-cu il təvəllüdlü X6 və 03 dekabr 2011-ci il təvəllüdlü X7 adlı uşaqlarının saxlanması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 193 manat olmaqla ümumilikdə 386 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, o, cavabdehlə 28 mart 2008-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından iki uşaqları vardır. Sonradan cavabdehlə aralarındakı nikah pozulmuş, məhkəmə qətnaməsi ilə uşaqların saxlanması üçün cavabdehdən onun xeyrinə hər ay hər uşağa görə 90 manat alimentin tutulması qərara alınmışdır. Həmin vaxtdan cavabdeh həm aliment öhdəliyini lazımınca icra etmiş, həmçinin də uşaqların digər əlavə xərclərində ona maddi yardım göstərdiyindən, o, alimentin artırılması tələbi ilə yenidən məhkəməyə müraciət etməyi lazım bilməmişdir. Lakin, hazırki dövrdə uşaqlar üçün yaşayış minimumu 193 manatdır ki, bu məbləğ əvvəlki qətnamə ilə müəyyən edilmiş məbləğdən xeyli fərqləndiyindən o, minimum miqdarda alimentin rəsmi qaydada məhkəmə qətnaməsi ilə müəyyən edilməsi məqsədi ilə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəməyə gəlməmiş, habelə, iddia ərizəsini yazılı olaraq öz münasibətini bildirməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin tələbləri baxımından işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 noyabr 2012ci il tarixli, 2(001)-9613/2012 saylı qətnaməsindən görünür ki, Cavabdeh 17 avqust 2009cu il təvəllüdlü X6 və 03 dekabr 2011-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 90 manat sabit pul məbləğində alimentin tutularaq Tağıyeva (Dəmirçiyeva) Aygün Məmməd qızına ödənilməsi qərara alınmışdır. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X5 arasındakı nikah pozulmuş, Aygün Məmməd qızına “Dəmirçiyeva” soyadı verilmişdir. Məhkəmə işdə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, alimentin miqdarının artırılması üçün Ailə Məcəlləsinin 112.1-ci maddəsində müəyyən olunmuş əsas mövcuddur. Hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı əvvəlki ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən, uşaqlar böyüdükcə onların saxlanması üçün çəkilməli olan xərclərin həcmi də böyüyür. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, yaşlarını, normal, yəni qida rasionalarına uyğun qidalanmalarını, geyimləri və s. ilə bağlı xərclərin mövcudluğunu nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün sabit pul məbləğində tutulmalı olan alimentin məbləği hər uşağa görə 193 manat müəyyən edilməli, bu məbləğdə alimentin tutulması qətnamə çıxarıldığı tarixdən aparılmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 8-2\2016 saylı Qərarının 8-ci maddəsinin 12-ci bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Lakin, nəzərə alınmalıdır ki, həmin qərar qəbul edilən zaman alimentin tutulması ilə bağlı məhkəmə aktları Mülki Prosessual Məcəllənin 234-cü maddəsinin tələblərinə uyğun olaraq qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin maddəyə 20 dekabr 2016-cı il tarixdə edilmiş dəyişikliyə əsasən, alimentin alınması barədə qətnamələrin dərhal icra olunması təsbit edilmişdir. Məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 noyabr 2012-ci il tarixli, 2(001)- 9613/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə 17 avqust 2009-cu il təvəllüdlü X6 və 03 dekabr 2011-ci il təvəllüdlü X3 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 193 manat olmaqla ümumilikdə 386 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və həmin məbləğdə alimentin tutulması qətnamə çıxarıldığı 07 oktyabr 2022-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar