Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5588/2022 15.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin (K@TV1) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı MMC (K@TV1) Cavabdeh qarşı “pu”l tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 62.70 mаnаt abunə haqqı qismində vurulmuş maddi və ödənilmiş 30.40 manat dövlət rüsumunun, ümumilikdə 93 manat 10 qəpik məbləğində vurulmuş maddi ziyanın alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının nümayəndəsi daha sonra iddia tələbini artıraraq, məhkəmədən “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 62.70 manat məbləğində vurulmuş zərərin, həmçinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün "xxxx" MMC-yə ödənilmiş 100 (yüz) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidmət haqqının, ümumilikdə 193.10 manat məbləğində pulun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011- ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. İddiaçı Bakı şəhərinin müxtəlif rayonlarında, o cümlədən Binəqədi rayonunda kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Binəqədi rayonu ərazisində bəzi vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan və ya müqavilə münasibətlərinə xitam verdikdən sonra qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında “hüquqi xidmətlərin göstərilməsi barədə” müqavilə bağlanmışdır. İddia ərizəsinə əlavə olunmuş 79 saylı MKİS tərəfindən verilmiş xx.xx.2021ci il tarixli, 435 №-li Arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 6-ci MKR Ü.Hacıbəyov küçəsi ev 4, mənzil 66-nın sahibi cavabdehdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, İddiaçı MMC ilə Bakı şəhəri Binəqədi rayonu,6-ci MKR Ü.Hacıbəyov küçəsi 4 saylı evin 66 №-li mənzilində yaşamış Cavabdeh arasında bağlanmış müqavilə əsasında adıçəkilən mənzil xx.xx.2007-ci il tarixdə İddiaçı MMC-nin şəbəkəsinə qoşulmuş xx.xx.2013-cü ilədək son ödənişini etmiş və xx.xx.2013-cü il tarixdə 25 manat 50 qəpik borcla şəbəkədən ayrılmışdır. Bundan sonra xx.xx.2014-cü il tarixdə “Ədalət-A” hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş və bu barədə 0487 N saylı akt tərtib olunmuşdur. Tərtib edilmiş aktdan görünür ki, cavabdehə məxsus mənzil “KATV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmuş və həmin qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Eyni zamanda qeyd edirlər ki, baxış keçirilən zaman tərtib edilmiş aktda qeyd edilənlər video qeydə alınmışdır. Həmçinin qeyd edirlər ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat və 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Mənzilin iddiaçıya məxsus şəbəkədən ayrıldığı xx.xx.2013-cü ildən, qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2014-cü ilədək olan müddət 209 gün təşkil edir. Bu isə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərti ilə 62.70 manat təşkil edir. Vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə Cavabdeh xx.xx.2014-cü il tarixli, 0487 N saylı akt əlavə edilərək xx.xx.2022-ci il tarixdə pretenziya məktubu göndərilmiş və göndərilmiş pretenziya məktubu 210783 nömrəli poçt qəbzinə imza etməklə xx.xx.2022-ci il tarixdə Əmirli soyadlı şəxs (məktubu aparan kuryer cavabdehlə əlaqə saxlayan zaman evdə olmadığını və Əmirli soyadlı şəxsə təqdim etməyi demişdir.) tərəfindən qəbul edilmidir. Cavabdeh tərəfindən məktub qəbul edildikdən bu günə kimi pretenziya məktubuna əlavə edilmiş xx.xx.2014-cü il tarixli, 0487 N saylı akt məhkəmə qaydasında mübahisələndirilməmişdir. Belə ki cavabdehə ünvanlanmış pretenziya məktubunda iddiaçıya vurulmuş maddi ziyanın 1 ay ərzində ödənilməsi təklif edilmiş, əks halda maddi zərərin tutulması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Qanunvercilikldə bu qəbildən olan aktların mübahisələndirilməsi ilə bağlı müddət müəyyən edilmədiyinə, oxşar içtimai münasibətləri tənzimləyən hüquq norması olmadığına görə qanunun analogiyası tətbiq edilərək İnzibati Prosessual Məcəllənin inzibati aktın mübahisələndirilməsinə dair normanın tələbləri tətbiq edilməklə tərəfimizdən aktın mübahisələndirilməsi üçün ağlabatan müddət olaraq 1 aylıq müddət tətbiq edilmişdir. Bundan başqa iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən vaxtı iddiaçıya məxsus bank hesabına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən sərəncam qoyulmuşdur. Həmin Sərəncamın qoyulması səbəbindən iddiaçı Ədalət A MMC tərəfindən göstərilən xidmətlərin əvəzini ödəyə bilməmişdir. Hazırda iddiaçının bank hesabına qoyilmuş sərəncam götürüldüyündən iddiaçı tərəfindən Ədalət A MMC yə göstərdiyi xidmət haqqı ödənilmişdir. Hazırda iddiaçı tərəfindən Ədalət A MMC-yə xidmət haqqı qismində ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi zərurət təşkil edir. Odur ki, normaların mahiyyətindən göründüyü kimi cavabdeh qanunsuz və əsassız olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulmuş, bununla da MMC-yə maddi ziyan vurmuşdur. Cavabdehin bu mülki hüquq pozuntusu haqsız rəqabətə yol açmaqla yanaşı MMC-nin göstərdiyi xidmətlərdən əsassız və qanunsuz istifadəyə gətirib çıxarmışdır. Cavabdehin bu hərəkətlərinin qarşısı alınmayacağı təqdirdə gələcəkdə digər fiziki şəxslərə pis bir nümunə olamaqla yanaşı qanunsuz istifadə hallarının artmasına gətirib çıxara bilər. Bununla da sahibkar kimi müəssisənin normal iş fəaliyyəti, habelə dövlət qarşısında vergi öhdəliklərinin icrası və işçilərin əmək haqqısının ödənilməsi mümkünsüz olacaqdır. Həmçinin qeyd edilən halın kütləvilik təşkil etməsi ehtimalı da böyükdür. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi məhkəmədən xahiş olunmuşdur. Tərəflərin izahatları və iddiaya münasibəti:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, cavabdehin iddiaya etirazı əsassızdır. Belə ki, cavabdeh əvvəlki məhkəmə iclaslarında verdiyi izahatları ziddiyyətlidir. Əvvəllər orada yaşamadığını desə də, sonradan həmin evdə uşaq hazırladığını deyir. Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh orada yaşamadığını sübut edə bilmir. Cavabdeh bunun üçün gərək “Azərqaz” və “Azərişıq”dan sənədlər təqdim etsin.
5. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, abonent 2013-cü ildə şəbəkədən ayrılmışdır. 2014-cü il tarixdə isə qanunsuz qoşulma faktı aşkarlanaraq akt tərtib edilmişdir. Cavabdehə borcu ilə bağlı pretenziya məktubu ünvanlanmış və məktub Əmirli adlı şəxs tərəfindən təhvil alınmışdır. Məhkəməyə təqdim etdiyimiz CD diskdən də qanunsuz qoşulma faktı aydın görünür.
6. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, əvvəllər “KATV1” kabel televiziyasına qoşulma evin damından mümkün idi. Həmin vaxtlarda da, o damdan şəbəkəyə qoşulma edə bilməzdi. Sonradan isə qoşulan kabel qıfıllı vəziyyətdə qutuda olmuşdur. Qoşulmanı təmin etmək üçün isə qutu sındırılmalı idi. Belə olan halda isə izlərin qalması ehtimalı da olardı. Mənzilə gələrək akt tərtib etsələr də, qonşuları şahid kimi qeyd etməmişlər. Orda yaşamaya-yaşamaya 9 manat üçün nə üçün qanununsuz qoşulma etməyə ehtiyac duyulsun. 2014-cü ildən sonra bir müddət həmin evdə uşaq hazırlamışdır. Sonradan isə mənzili təmir etdirmiş və kirayə vermişlər. Kirayəçi isə 3 ildir ki, həmin evdə qalır. O, əvvəlcədən məhkəməyə tez-tez gedib-gəlməmək üçün tələb edilən məbləği ödəməyə razı olsa da, hazırda iddiaçı tələbinin həcmini 100 manatda artırdığından iddia tələbini qəbul etmir.
7. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, qeyd edilən ünvan onlara məxsusdur. Lakin 2013-cü ildən oradan köçmüşlər. Mənzil hələdə onlarındır. Özü 2013-2015-ci illərdə orada uşaq hazırlığı ilə məşğul olmuş. 2015-ci ildən isə mənzili kirayəyə vermişlər. Mənzildə “KATV1” olub, aylıq 9 manat ödəmişlər. Həmişə ödənişləri vaxtında yerinə yetirmiş, heç vaxt qanunsuz qoşulma etməmiş, borcları da olmayıb. 9 il borcları olmuşsa, nəyə görə borc vaxtında tələb edilməyib və heç bir məlumat verilməyib. Bu ilin avqust ayında ona 2 dəfə zəng olunub, o isə borcunun olmadığını demişdir. Həmçinin tərtib etdikləri aktda 209 gün qanunsuz qoşulmanın davam etdiyi göstərilmişdir. Bu qədər müddət qanunsuz qoşulma necə davam edib? Çünki şirkət 1 ay ödəniş etməyəndə artıq xidməti dayandırır. Həmin mənzildə aktda göstərilmiş müddətlərdə ümumiyyətlə yaşayış olmamışdır. Hətta mənzildə televizor da olmamışdır çünki tərəfnən orada yalnız hazırlıq keçirilmişdir. CD diskdə görüntülərdəki mənzilin qapısı onlara məxsudur, lakin blok onların bloku deyil. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
8. İddiaçı MMC “K@TV1”-in əməkdaşı X3, “Ədalət-A” hüquq firmasının əməkdaşı X2 və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşı Sabir Məmmədov tərəfindən tərtib olunan İddiaçı MMC-nin K@TV 1 kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 0487N saylı, 22 aprel 2014-cü il tarixli aktın surətinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Ü.Hacıbəyov küçəsi, ev 4 ünvanda 66 saylı mənzildə “KATV 1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma aşkar olunmuşdur. Həmin aktda, aktın tərtib olunmasında mənzil sakininin iştirakını təmin etmək və tərtib edilmiş aktı təqdim etmək məqsədi ilə həmin mənzilin qapısının döyüldüyü, qapının açılmadığı qeyd edilmişdir;
9. “K@TV1”-in əməkdaşı X3, “Ədalət-A” hüquq firmasının əməkdaşı X2 və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşı Sabir Məmmədov tərəfindən tərtib olunan aktdan görünür ki, 66 saylı mənzil söndürülmüş abonent olduğu halda icazəsiz K@TV1 şəbəkəsinə qoşulmuşdur. Kabel tapa konnektorlarla qoşulaaq aşağı şlank vasitəsilə çölə çıxır və mənzilin blokunun pəncərəsindən içəri daxil olur. Qapını döydükdə açan olmadı. Aktı yazıb surətini qapıya qoymuşlar.
10. İddiaçı MMC-nin (“K@TV1”) 10 may 2022-ci il tarixli arayışına əsasən İddiaçı MMC ilə ünvan 1ənzil ünvanında yaşayan Cavabdeh arasında bağlanmış “K@TV1” kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən 28 noyabr 2007-ci il tarixində bu ünvan “K@TV1” Kabel Televiziyasının şəbəkəsinə qoşulub. 01 iyul 2013-cü il tarixinədək isə son ödəməsini edib. 25 sentyabr 2013-cü il tarixində 25,50 qəpik manat borc ilə şəbəkədən ayrılıb;
11. "xxxx" ASC tərəfindən verilən arayışa əsassən əsasən İddiaçı MMC tərəfindən göstərilən hüquqi xidmətə görə Ədalət-A MMC-yə 100 manat məbləğində pul ödənilmişdir;
12. 210783 saylı qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanan məktub xx.xx.2022-ci il tarixli “Əmirli” soyadlı şəxs tərəfindən qəbul edilmişdir.
13. 10 iyun 2022-ci il tarixli mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən qaldırılmış iddia üçün 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
14. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Ü.Hacıbəyov küçəsi, ev 4 ünvanında yerləşən 66 saylı mənzil cavabdehə məxsusdur. İddiaçı ilə cavabdeh arasında xx.xx.2007-ci il tarixdən xx.xx.2013-cü il tarixədək kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqavilə münasibətləri olmuşdur. Müqavilə münasibətlərinə xx.xx.2013-cü il tarixdə birtərəfli qaydada xitam verilmişdir.
15. İşin mübahisələndirilən halı isə qanunsuz qoşulmanın olub-olmaması, tələb edilən vəsaitin həqiqəti əks etdirib-etdirməməyidir.
16. Belə ki, iddia edilir ki, cavabdeh xx.xx.2013-cü ildə müqavilə münasibətlərinə xitam verilməklə şəbəkədən ayrılmasına baxmayaraq şəbəkəyə qanunsuz qoşulmuşdur və bu fakt İddiaçı MMC “K@TV1”-in əməkdaşı X3, “Ədalət-A” hüquq firmasının əməkdaşı X2 və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşı Sabir Məmmədov tərəfindən aşkar edilmiş, bununla bağlı 22 aprel 2014-cü ildə akt tərtib edilmiş və video çəkiliş aparılmışdır. Bu səbəbdən də cavabdehin şəbəkədən ayrıldığı vaxtdan aktın tərtib olunduğu vaxtadək qanunsuz qoşulmanın davam etdiyi ehtimal olunaraq həmin müddət üçün vurulmuş zərər tələb edilir.
17. Cavabdeh isə öz növbəsində iddianı qəbul etmir və etirazını onunla əsaslandırır ki, 2013-2015-ci illər ərzində həmin ünvanda yaşayış olmayıb və televizordan istifadə edilməyibdi. Belə ki, o müəllimə olduğu üçün həmin ünvanda mütəmadi olaraq uşaq hazırlamış və kabel şəbəkəsinə qanunsuz qoşulmağa motivi olmamışdır. Bundan başqa şəxsiyyəti ona məlum olmayan və iddiaçının maraqlarını qoruyan şəxslərin tərtib etdikləri AKT-ın əsaslılığına tənqidi yanaşır və iddiaçının AKT-tərtib edilərkən qonşuların, komendantın cəlb edilməməsi onda şübhə yaradır. Eyni zamanda AKT-ən tərtib edildiyi vaxtdan 8 il sonra iddia verilməsini həmin şübhəni artıran amillər olduğu qənaətindədir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
18. Əvvəla məhkəmə hesab edir ki, işin müəyyən edilən və iddiaçının bildirdiyi faktiki hallar əsasında formalaşan iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 1096-cı maddəsi təşkil edir.
19. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
20. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;
21. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);
22. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır;
23. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər;
24. “Telekommunikasiya haqqında” 14 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 35-ci maddəsinə əsasən telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir.
25. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi MM-in 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin ünsürlərdən hər hansı birinin aşkar edilməməsi deliktə söykənən tələbin rədd edilməsi üçün əsasdır
26. Hazırda iddiaçı, cavabdehin qeyri-hüquqi əməlinə istinad edərək zərərə düşdüyünü iddia etdiyi üçün yuxarıda göstərilən şərtləri sübuta yetirmək yükü iddiaçının üzərinə düşür.
27. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
28. Hazırki iş üzrə iddiaçı tərəfindən cavabdehin müvafiq müqavilə bağlamadan qanunsuz olaraq ona məxsus kabel şəbəkəsinə qoşulması halını təsdiqləyən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır.
29. Belə ki, iddiaçı tərəfindən qanunsuz qoşulmanın aşkar edilməsinə dair 0487N saylı, 22 aprel 2014-cü il tarixli akt iddiaçının özü və ona hüquq xidməti göstərən şirkətin əməkdaşları tərəfindən tərtib olunmuş sənəddir. Həmin aktın tərtib olunmasında mənzil kommunal istismar sahəsinin əməkdaşının, binanın komendantının və ya hal şahidi kimi qonşuların iştirakı təmin edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş qeyd olunan akt cavabdehin qeyri-hüquqi əməl törətməsini (kabel şəbəkəsinə qanunsuz qoşulmasını) təsdiqləyən mötəbər (həqiqətə uyğun) sübut sayıla bilməz
30. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə iclasında müayinə olunmuş videogörüntü də cavabdehin qanunsuz qoşulma hərəkətini törətdiyini sübut etmir.
31. İddiaçı tərəfindən cavabdehin kabel şəbəkəsinə qanunsuz qoşulması barədə başqa sübutlar təqdim edilmədiyi üçün məhkəmə hesab edir ki, iddiaçı tələbinin əsası kimi göstərdiyi faktiki halları sübuta yetirə bilməmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia və ona söykənən xərc tələbləri əsassız olduğuna görə təmin edilməməlidir. Tətbiq edilən prosessual normalar:
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
33. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
34. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
35. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
36. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
37. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin (K@TV1) Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməməli və iddia verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı MMC-nin (K@TV1) Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlkin Əliyev